Blefaroplastika nə deməkdir? Göz qapaqlarının plastikası barədə ətraflı məlumat.

Blefaroplastika nə deməkdir?

Blefaroplastika – göz qapaqlarının formasını dəyişdirmək üçün icra edilən əməliyyatdır. Qədim yunan dilindən βλέφαρον – göz qapağı + “plastikos” isə forma yaratmaq deməkdir.

Blefaroplastika nə üçün həyata keçirilir?

Blefaroplastika – və ya göz qapaqlarının plastik əməliyyatı estetik cavanlaşma məqsədi ilə üst və alt göz qapaqlarının cərrahi olaraq qaldırılmasıdır. Sallanan dərini dartmaqla yanaşı, bu əməliyyat yuxarı göz qapaqlarından yağ yırtıqlarını çıxarmağa, gözlərin formasını dəyişdirməyə və xəstəni gözlərinin altındakı torbalardan azad etməyə imkan verir (piy toxumasının yırtığı olan hallarda).

Üst göz qapağının blefaroplastikası zamanı nə edilir?

Üst göz qapaqlarının plastikası (üst blefaroplastika) üst göz qapaqlarında yaşa bağlı dəyişikliklərin aradan qaldırılmasına yönəlmiş bir əməliyyatdır. Əməliyyat zamanı artıq dəri və əzələlərin götürülməsi, üst göz qapaqlarının ifrat piy toxumasının çıxarılması həyata keçirilir.

Blefaroplastikanın hansı növləri var?

 Blefaroplastika üç yolla aparıla bilər:

  • Klassik versiya – kəsik dəridə aparılır.
  • Transkonjunktival variant – kəsik göz selikli qişasından aparılır (alt blefaroplastika zamanı).
  • Qarışıq növ – əməliyyat zamanı hər iki növ cərrahi müdaxilə istifadə edilir.

Blefaroplastika neçə yaşda edilə bilər?

Blefaroplastika, göz qapağı dərisində ifrat sallanma, piy toxumasının yırtığı olan hallarda onları aradan qaldırmaq üçün həyata keçirilən cərrahi  metoddur və əməliyyatın cərrah-oftalmoloq tərəfindən icra edilməsi tövsiyə olunur. Adətən estetik məqsədlərlə həyata keçirilən bu əməliyyat 35 – 40 yaşdan sonra həyata keçirilir.

Üst göz qapaqlarının blefaroplastikası hansı problemlər aradan qalxır?

  • üst göz qapağının sallanmış artıq dərisi götürülür;
  • üst göz qapağının ptozunun (sallanmasının) düzəldilməsi;
  • yağ yırtıqlarının aradan qaldırılması;

Blefaroplastika əməliyyatı nə qədər davam edir?

Üst və alt göz qapaqlarının blefaroplastika əməliyyatı bir göz üçün təxminən 30-45 dəqiqə davam edir. Eyni zamanda üst və alt göz qapaqlarının blefaroplastikası 2 saata qədər davam edir. Göz qapağı əməliyyatından sonra xəstə evə gedə bilər.

Blefaroplastika kritik günlərdə həyata keçirilə bilərmi?

Əməliyyat menstruasiya dövründə aparılmır, aybaşı başlamazdan ən azı 4 gün əvvəl və ya bitdikdən sonra planlaşdırılmalıdır. Əməliyyatdan əvvəl kosmetik prosedurlara icazə verilmir.

Botoksdan sonra blefaroplastika edə bilərəmmi?

Botoksdan sonra göz qapaqlarının plastik əməliyyatı yalnız dərmanın təsirinin bitdiyi hallarda edilə bilər. Botoks inyeksiyasından sonra qaşlar qalxmırsa, göz qapaqlarının plastik əməliyyatının 14 gündən tez edilməsinə icazə verilmir. Reabilitasiya bitdikdən sonra Botoks dəstəkləyici prosedur kimi tövsiyə oluna bilər.

Yay aylarında blefaroplastika əməliyyatı oluna bilərəmmi?

Yay fəsli blefaroplastika əməliyyatı üçün ən uyğun dövrdür. Əməliyyatdan sonra ödemi və qızartını gizlətmək üçün pasiyentlər adətən gün eynəyi taxmağa üstünlük verirlər. Təbii ki, yayda gün eynəyi ilə gəzsəz heç kəsin yorucu suallarına tuş gəlməyəcəksiz. Yay aylarında blefaroplastika əməliyyatı üçün heç bir məhdudiyyət yoxdur.

Təkrar blefaroplastika etdirmək mümkündürmü?

Bəli, nəticə qənaətbəxş deyilsə, toxumaların tam çapıqlaşmasından sonra təkrar blefaroplastika edilə bilər. Ümumiyyətlə, düzəliş ilk əməliyyatdan bir il sonra aparıla bilər.

Hansı hallarda tövsiyə olunmur?

Göz qapaqları əməliyyatı qlaukoma, yüksək dərəcəli miopiya, şəkərli diabet və bəzi sistem xəstəliklərində, xroniki herpes infeksiyasında və onkoloji xəstəliklərdən əziyyət çəkən pasiyentlərdə tövsiyyə edilmir.

Üst göz qapağı blefaroplastikası necə edilir?

Üst göz qapağında kəsik təbii büküş səviyyəsində həyata keçirilir. Artıq dəri + qismən yağ yırtıqları kəsilib götürülür. Əməliyyatın sonunda dəriyə 7-9 gün sonra çıxarılacaq tikişlər qoyulur.

Blefaroplastikadan sonra böyrü üstə yata bilərəmmi?

Əməliyyatdan sonrakı məhdudiyyətlər:

2 həftə müddətində arxası üstə yatmaq tövsiyyə olunur. Tikişlər söküldükdən sonra böyrü üstə yatmağa icazə verilsə də, əməliyyatdan sonra 1 aya qədər üzü üstə yatmaq qəti qadağandır.

Blefaroplastikadan sonra nə edilməməlidir?

Blefaroplastikadan sonra özünə qulluq.

  • Ağır yük qaldırma, idman və ağır fiziki fəaliyyətdən çəkinin.
  • Ürək bulanması (yaxınlaşan qusma hissi) və ya soyuqdəymə əlamətləri varsa həkiminizə bildirin.
  • Əməliyyatdan sonra 2 həftə ərzində başı aşağı əyməkdən və ya 2,5 kq-dan ağır olan əşyaları qaldırmaqdan çəkinin.

Blefaroplastikadan sonrakı tikişlər necə sağalır?

Blefaroplastikadan 7-9 gün sonra tikişlər çıxarılır. Bir ay ərzində yeni toxumalar əmələ gəlir. Bu zaman yaranın izi çəhrayı rəngdə olur və gözə çarpır, lakin tədricən sorularaq, incə çapıqlaşma baş verir və görünməz olur. İki ay sonra bütün izlər itir.

Şəkərli diabeti olan pasiyentlər blefaroplastika oluna bilərmi?

Tibbi tövsiyələrə əməl etsəniz və qanda şəkərin səviyyəsi tələb olunan həddə olsa, 2-ci tip şəkərli diabeti üst göz qapağının blefaroplastikası üçün əks göstəriş deyil. Hormon əvəzedici terapiyanın qəbulu da estetik əməliyyatın mümkünlüyünü istisna etmir.

Blefaroplastikadan sonra şişkinlik nə qədər davam edir?

Şişkinlik 1-2 həftə davam edə bilər, lakin bəzən bərpa dövrü bir ay davam edə bilər. Bəzən xəstənin yaşı ödemin sorulmasına təsir edə bilər. Beləki, zaman keçdikcə toxumalar daha yavaş regenerasiya olunur, buna görə 45 yaşdan sonra şişkinliyin sorulması bir qədər ləng ola bilər.

Blefaroplastikadan sonra gözlərə necə qulluq etməli?

Reabilitasiya təxminən 14 gün davam edə bilər.

I-ci  gün. Gözlərinizi parlaq işığdan qorumalı, gün eynəyi taxmalısınız. Şişkinlik mövcuddur.

V-VII gün. Duş qəbul edə, saçlarınızı yuya bilərsiniz.

X gün. Kontakt linzalar taxmaq olar.

XIV gün. Kosmetikadan istifadə edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq