Entropion nədir? Səbəbləri, əlamətləri və müalicəsi barədə.
Entropion – alt göz qapağının içəriyə, göz almasına doğru çevrilməsidir. Bu zaman alt göz qapağının kirpikləri buynuz qişanı və konyunktivanı mütəmadi zədələyərək, gözün qıcıqlanmasına səbəb olur. Xəstəlik gözün qıcıqlanması, qızarması, yaşaxma, işıqdanqorxma və gözdən ifrazat kimi müxtəlif klinik əlamətlərə səbəb olur. Gözü qırpdıqda və bağladıqda ağrı hissi daha da artır. Entropion adətən aşağı göz qapağında müşahidə olunur. Xəstəlik yaşlı şəxslər arasında daha geniş yayılmışdır.
Entropiyonun yaranmasının hansı səbəbləri var?
- Toxumaların qocalması və əzələ degenerasiyası (xəstəliyin əsas səbəblərindən biridir, çünki bədənin toxumaları daimi deyil və yaşa dolduqca elastikliyin azalmasına məruz qalır).
- Üz iflici, müxtəlif növ zədələr və çapıqlar.
- İnfeksiyadan sonrakı dəyişikliklər.
- Post-travmatik dəyişikliklər, və ya blefarospazm.
Ciddi fəsadların qarşısını almaq üçün diaqnozdan dərhal sonra müalicəyə başlamaq lazımdır. Entropion zamanı ən effektiv müalicə üsulu cərrahi əməliyyatdır. Bəzən əməliyyata qədər göz nəmləndirən damcılardan və məlhəmlərdən istifadə etmək olar.
Entropionun hansı formaları var?
Entropionun müalicəsinin hansı metodla həyata keçirilməsini müəyyən etmək üçün ilk növbədə onun formasını təyin etmək lazımdır. Entropionun bir sıra formaları var:
- anadangəlmə;
- yaşla əlaqədar;
- spastik;
- çapıqlaşma nəticəsində;
- qazanılmış
Entropionun diaqnozu necə qoyulur?
Bu xəstəliyin simptomları onu erkən dövrdə aşkar etmək üçün kifayətdir. Beləki, obyektiv müayinə və xəstəni narahat edən əlamətlərə əsasən (yaşarma, işıqdanqorxma, gözləri qırparkən və bağlayarkən narahatlıq) diaqnoz rahatlıqla qoyulur.
Entropionun müalicəsi necə aparılır?
Entropionun əsas müalicəsi cərrahi yolla həyata keçirilir. Bəzən alt göz qapağını aşağı çevirmək və kirpiklərin gözün ön hissəsini qıcıqlandırmasının qarşısını almaq üçün alt göz qapağı leykoplastırla çəkilərək yanaq dərisinə yapışdırılır. Ancaq bu üsul qeyri effektivdir və leykoplastır mütəmadi olaraq göz ətrafı dərini qıcıqlandırır.
Bəzən alt göz qapağnın kirpik kənarlarına düyünlü tikişlər qoyulur. Ancaq bu üsul da müvəqqəti effekt verir.
Entropionun müalicəsində ən effektiv üsul xüsusi blefaroplastik əməliyyatdır. Bu zaman effekt daha uzun müddətli və xəstə üçün daha rahat olur. Əməliyyat yerli keyləşdirmə ilə ambulator şəraitdə həyata keçirilir.
Entropionun proqnozu və profilaktikası necədir?
Müalicə vaxtında həyata keçirildikdə həyat və əmək qabiliyyəti üçün proqnoz qənaətbəxşdir. Gecikdirilmiş hallarda kirpiklərin mütəmadi buynuz qişanın sürtməsi nəticəsində buynuz qişanın xoralaşması və çapıqlaşması müşahidə oluna bilər.
Xəstəliyin xüsusi profilaktik tədbiri mövcud deyil. Xəstəliyin ağırlaşmalarının qarşısını almaq üçün göz qapaqlarının gigiyenası ilə yanaşı, gözləri vaxtında nəmləndirmək lazımdır. Xəstəliyin erkən təzahürləri zamanı ən azı ildə 2 dəfə həkim müayinəsi tələb olunur.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.