Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XIV Regional Konfransı
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Gəncə şəhərində XIV Regional Oftalmoloji Konfrans keçirilib.
Tədbir oftalmologiya sahəsində elmi nailiyyətlərin, yeni texnologiyaların və innovativ müalicə üsullarının təqdimatı baxımından böyük əhəmiyyət daşıyıb. Konfransın əsas məqsədi — ölkənin müxtəlif bölgələrində fəaliyyət göstərən oftalmoloqlar arasında bilik və təcrübə mübadiləsini gücləndirmək, müasir elmi tədqiqatların nəticələrinin klinik praktikaya tətbiqi imkanlarını müzakirə etmək olub.
Konfransda paytaxt Bakıdan və regionlardan olan tanınmış mütəxəssislər, elmi tədqiqat institutlarının nümayəndələri, həmçinin gənc həkim-oftalmoloqlar iştirak ediblər. Müzakirələr zamanı katarakta və qlaukoma cərrahiyyəsində yeni yanaşmalar, vitreoretinal xəstəliklərin müalicəsində müasir texnologiyaların rolu, refraksiya cərrahiyyəsinin inkişaf istiqamətləri, süni intellektin tibbi diaqnostikada tətbiqi kimi mövzular ətrafında çıxışlar dinlənilib.
İştirakçılar üçün nəzərdə tutulan elmi sessiyalarda həmçinin oftalmologiyanın müxtəlif istiqamətlərində klinik təcrübələr, maraqlı hadisələr və tədqiqat nəticələri təqdim olunub.
Konfransın diqqət çəkən məruzələrindən biri Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli tərəfindən təqdim olunub. O, “Klinik qərar vermə dəstəyi üçün Azərbaycan dilində ilk süni intellekt aləti olan “OftalmoAssist”in imkanları və perspektivləri” adlı məruzə ilə çıxış edib.
Dr. Əlihüseynli məruzəsində süni intellekt texnologiyalarının oftalmologiyada klinik qərarvermə prosesinə inteqrasiyasının vacibliyindən danışıb. O, qeyd edib ki, “OftalmoAssist” platforması Azərbaycan dilində fəaliyyət göstərən ilk tibbi süni intellekt alətidir və məqsədi həkimlərin diaqnostik qərarvermə prosesini elmi sübutlara əsaslanan məlumatlarla dəstəkləməkdir.
Alət fundus və OKT təsvirlərinin təhlili, xəstəliklərin ilkin mərhələdə aşkarlanması, müalicə protokollarının seçimi və pasiyentlərin müalicəsində həkimə yardım göstərmək kimi funksiyaları özündə birləşdirir. Eyni zamanda sistem beynəlxalq klinik protokollara və süni intellekt etik standartlarına uyğun şəkildə işləyir.
Konfrans iştirakçıları süni intellekt texnologiyalarının regional tibb müəssisələrində tətbiq perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, bu cür tədbirlər yerli həkimlərin bilik və bacarıqlarının artırılmasında, həmçinin müasir texnologiyaların ölkə üzrə tətbiqinə şərait yaratmaqda mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Konfrans, həm elmi, həm də praktiki baxımdan Azərbaycan oftalmologiyasının regional inkişafına təkan verən əhəmiyyətli tədbir kimi dəyərləndirilib.