1. Vizometriya müayinəsi.

Görmə itiliyinin təyini – müəyyən işıqlandırma şəraitində (təxminən 700 lüks) 5 m məsafədən həyata keçirilir. Əvvəlcə sağın (OD), sonra sol gözün (OS) görmə itiliyi növbə ilə təyin olunur. Visometriyanın nəticələri belə qeyd edilir. Məsələn:  Vis OD = 0.1 Vis OS = 1.0 Bu, sağ göz üçün 10% (0.1) və sol üçün 100% (1.0 və ya vahid) görmə itiliyi deməkdir.

2. Kompüter kerato-refraktometriya müayinəsi

Kompüter kerato-refraktometriya müayinəsi (avto-kerto-refraktometriya) göz almasının şüasındırma qabiliyyətinin (refraksiyasının) diaqnostikasının müasir metodudur. Prosedur ağrısızdır və bir neçə dəqiqə ərzində həyata keçirilir. Həm böyüklərdə, həm də uşaqlarda (miyopiya, hipermetropiya və astiqmatizm) minimal refraktiv xətalar barədə obyektiv məlumatlar verir. Eynəkkontakt linzaların təyinində, həmçinin eksimer lazer əməliyyatları zamanı bu müayinə xüsusi əhəmiyyətə malikdir.

3. Göz almasının əzələlərinin müayinəsi

Göz almasını 8 müxtəlif istiqamətdə hərəkətinə cavabdeh 4 düz və 2 çəp əzələnin funksional qabiliyyətinin təyini, üfüqi, şaquli, çəp oxlu çəpgözlüyün aşkarlanması, həmçinin əzələlərdə parezin mövcudluğunun təyini üçün tətbiq edilir.

4. Göz qapaqlarının müayinəsi

Bu müayinə zamanı göz qapaqlarının funksional qabiliyyəti, dərisi, bio-mikroskop vasitəsilə kirpiklər, kirpik kənarı, kirpik kənarı vəziləri, göz qapaqlarının selikli qişasının vəziyyəti təyin edilir. Göz qapaqlarında olan bir sıra iltihabi xəstəliklərin (blefarit, meybomit, itdirsəyi, xalazion) diaqnozu həyata keçirilir. Lazım olduqda kirpiklərin demodex gənəsi üçün götürülərək müayinəyə göndərilməsi həyata keçirilir. Göz qapaqlarının plastikası – blefaroplastika əməliyyatından əvvəl və ptoz zamanı xəstəliyin ağırlıq dərəcəsini təyin etmək üçün göz qapaqları müayinə edilir.

5. Göz daxili təzyiqin ölçülməsi

Gözdaxili təzyiqin ölçülməsi rutin olaraq bütün pasientlərdə həyata keçirilir. Bu müayinə ağrısızdır. Gözdaxili təzyiqin normal göstəriciləri 9-dan 26 mm c st qədər qəbul edilir. Göz daxili təzyiqin artması intra-okulyar hipertenziya, və ya görmənin ciddi zədələnməsinə səbəb olan qlaukoma xəstəliyi üçün xarakterikdir. 40 yaşından sonra hər bir şəxs qlaukoma xəstəliyinin profilaktikası məqsədi ilə ən azı ildə bir dəfə göz daxili təzyiqi yoxlatdırmalıdır.

6. Göz almasının ön seqmentinin bio-mikroskopik müayinəsi

Göz almasının ön seqmenti dedikdə göz almasının ön hissəsini örtən konyunktiva qişası, buynuz qişa, ön kamera strukturları, qüzehli qişa, bəbək və büllur nəzərdə tutulur. Bu strukturların bio-mikroskopik müayinəsi mövcud xəstəliklərin (bakterial, virus, allergik mənşəli konyunktivitlər, keratitlər, uveitlər, katarakta) təyinində həkimə kömək edir.

7. Göz dibinin stereo-bio-mikroskopik müayinəsi

Göz dibi strukturları dedikdə şüşəvari cisim, tor qişa, görmə siniri məməciyi, göz dibinin arteriya və vena damarları, makula və fovea, həmçinin tor qişanın periferik zonası nəzərdə tutulur. Müayinə gen bəbəklə 75 D, 90 D və ya 120 D xüsusi linzalarla həyata keçirilir.

  • Şəkərli diabeti olan xəstələr diabetik retinopatiyanın nəzarəti üçün 6 ayda bir dəfə;
  • Arterial hipertenziya (qan təzyiqinin yüksək olması), ateroskleroz xəstəliyi olan xəstələr 6 ayda bir dəfə;
  • Böyrək xəstəlikləri olan xəstələr xəstəliyin ağırlıq dərəcəsindən asılı olaraq;
  • Ailə üzvləri arasında görmənin itirilməsinə səbəb olan xəstəliklərin mövcudluğu olan xəstələr ildə 1 dəfə gen bəbəklə göz dibi müayinəsindən keçməlidirlər.

Əlavə müayinələr:

Kerato-topoqrafik (KRT) müayinə

Optik Koherent Tomoqrafiya (OCT) müayinəsi

Ultrasəs müayinəsi (A-scan, B-scan) müayinəsi

Görmə sahəsi (Perimetriya) müayinəsi

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq