Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin XV Regional Konfransı
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərində XV Regional Oftalmoloji Konfrans keçirilib.
Tədbirin əsas məqsədi oftalmologiya sahəsində əldə olunan son elmi yeniliklərin təqdimatı, aktual klinik məsələləri müzakirəsi, regiondlara fəaliyyət göstərən həkimlərin peşəkar inkişafına dəstək və müasir tibbi yanaşmaların tətbiqinə təkan verməkdən ibarət olub.

Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, professor Elmar Qasımov iştirakçıları salamlayaraq konfransı açıq elan edib. O, akademik Zərifə Əliyevanın zəngin elmi irsi, oftalmologiya sahəsinə verdiyi misilsiz töhfələr və tibb elminin inkişafındakı müstəsna xidmətləri barədə geniş məlumat verib. Daha sonra Mərkəzin geniş fəaliyyət istiqamətləri, bölgələrdə xidmət göstərən Səyyar Klinikaların rolu və “WETLAB” cərrahi tədris kurslarının əhəmiyyəti barədə danışıb.
İştirakçılar üçün nəzərdə tutulan elmi sessiyalarda həmçinin oftalmologiyanın müxtəlif istiqamətlərində klinik təcrübələr, maraqlı hadisələr və tədqiqat nəticələri təqdim olunub.
Konfransın diqqət çəkən məruzələrindən biri Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli tərəfindən təqdim olunub. O, “Klinik qərar vermə dəstəyi üçün Azərbaycan dilli terminologiyaya uyğunlaşdırılmış ChatGPT 5.0 modeli əsasında çalışan süni intellekt aləti olan “OftalmoAssist”in imkanları və perspektivləri” adlı məruzə ilə çıxış edib.
Dr. Əlihüseynli məruzəsində süni intellekt texnologiyalarının oftalmologiyada klinik qərarvermə prosesinə inteqrasiyasının vacibliyindən danışıb. O, qeyd edib ki, “OftalmoAssist” platforması Azərbaycan dilində fəaliyyət göstərən ilk tibbi süni intellekt alətidir və məqsədi həkimlərin diaqnostik qərarvermə prosesini elmi sübutlara əsaslanan məlumatlarla dəstəkləməkdir.
Alət fundus və OKT təsvirlərinin təhlili, xəstəliklərin ilkin mərhələdə aşkarlanması, müalicə protokollarının seçimi və pasiyentlərin müalicəsində həkimə yardım göstərmək kimi funksiyaları özündə birləşdirir. Eyni zamanda sistem beynəlxalq klinik protokollara və süni intellekt etik standartlarına uyğun şəkildə işləyir.
Konfrans iştirakçıları süni intellekt texnologiyalarının regional tibb müəssisələrində tətbiq perspektivlərini müzakirə ediblər. Qeyd olunub ki, bu cür tədbirlər yerli həkimlərin bilik və bacarıqlarının artırılmasında, həmçinin müasir texnologiyaların ölkə üzrə tətbiqinə şərait yaratmaqda mühüm rol oynayır.
Tədbirin sonunda iştirakçılar arasında qarşılıqlı fikir mübadiləsi aparılıb, gələcək əməkdaşlıq istiqamətləri müəyyən edilib. Konfrans, həm elmi, həm də praktiki baxımdan Azərbaycan oftalmologiyasının regional inkişafına təkan verən əhəmiyyətli tədbir kimi dəyərləndirilib.