28 aprel 2022-ci il tarixində Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 99 illiyinə həsr olunmuş Elmi-praktik Konfrans keçirildi.
Tədbiri Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Dr. Hicran Namazova açdı və Akademik Zərifə xanım Əliyevanın dərin və mənalı ömür yolu, elmi və akademik fəaliyyəti barədə məlumat verdi. O bildirdi ki, Zərifə xanım Əliyeva haqqında söhbət açılanda yada ilk olaraq işıq, nur düşür. Təkcə ona görə yox ki, Zərifə xanım həkim kimi gözlərə nur verirdi. Onun yaşadığı ömrün özü bir işıq mücəssəməsidir. Bu işıqdan hamıya pay çatır: ailəsinə, övladlarına, əhatəsində olanlara, gözünün nurunu itirmiş insanlara və ən əsası Qalib Sərkərdə, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevi dünyaya gətirdiyinə görə, Azərbaycan xalqına bəxş etdiyinə görə bütün azərbaycanlılara pay çatır.
Azərbaycan tibb elmində silinməz izlər qoymuş, səhiyyəmizə böyük töhfələr vermiş akademik Zərifə xanım Əliyevanı xatırlayanda həm də göz önündə mənəvi kamilliyinin ən uca zirvəsində dayanan görkəmli elm fədaisinin işıqlı çöhrəsi canlanır. Eyni zamanda, onun simasında nəcib Azərbaycan qadını, vəfalı ömür-gün yoldaşı, fədakar ana obrazı görürük. Yüksək intellekt və mədəniyyət, dərin bilik, insanpərvərlik, Vətənə məhəbbət və xeyirxahlıq kimi keyfiyyətlər Zərifə xanımın portretini tamamlayan əsas cizgilərdir.
Konfransda həmçinin müxtəlif elmi məruzələr dinlənildi, maraqlı klinik hallar müzakirə edildi.