40-cı Dünya Oftalmologiya Konqresindən ən son yeniliklər

30 İyun 2026

Çexiyanın füsunkar paytaxtı Praqada keçirilən və oftalmologiya sahəsində dünyanın ən nüfuzlu tədbiri hesab olunan 40-cı Dünya Oftalmologiya Konqresindən (World Ophthalmology Congress – WOC 2026) uğurla başa çatdı.

Bu il Beynəlxalq Oftalmologiya Şurasının (İnternational Council of Ophthalmology – ICO) 100 illik yubileyi qeyd olunduğu üçün konqres həm də tarixi bir əhəmiyyət daşıyırdı. Dünyanın dörd bir yanından gələn minlərlə göz həkimi və alimlərlə birlikdə düz 5 gün boyunca — 25-29 iyun tarixlərində görmə problemlərinin müalicəsində tibbin gəldiyi ən son nöqtəni, tətbiq olunmağa başlayan yeni texnologiyaları və müasir müalicə üsullarını müzakirə etdik.

Mənim üçün bir həkim olaraq bu cür qlobal tədbirlərdə iştirak etməyin ən böyük məqsədi — dünyada tətbiq olunan ən təhlükəsiz, ən effektiv və ən müasir müalicə metodlarını birbaşa ilkin mənbədən öyrənib, öz kliniki təcrübəmdə pasiyentlərimin xidmətinə verməkdir.

Konqres çərçivəsində göz xəstəliklərinin diaqnostikasında və müalicəsində inqilab yaradan süni intellekt texnologiyaları, rəqəmsal cihazlar və robotik cərrahiyyə sahəsindəki yeniliklərlə yaxından tanış olduq. Bu o deməkdir ki, gələcəkdə göz problemlərinin erkən diaqnozu daha sürətli, müalicələr isə pasiyentlərimiz üçün qat-qat rahat və ağrısız olacaq.

Səfərim zamanı təkcə elmi sessiyalarda iştirak etmədim, həm də dünya oftalmologiyasına rəhbərlik edən ali şəxslərlə — Beynəlxalq Oftalmologiya Şurasının Prezidenti Prof. Neru Qupta və Vitse-prezidenti Prof. İvo Koçur ilə çox səmimi və işgüzar görüşlərimiz baş tutdu.

Bu görüşlərdə ölkəmizdə oftalmoloji xidmətin keyfiyyətinin beynəlxalq standartlara çatdırılması, gənc həkimlərimizin xaricdə təcrübə keçməsi və dünyadakı ən son texnologiyaların Azərbaycana gətirilməsi istiqamətində gələcək planlarımızı müzakirə etdik. Dünyanın aparıcı oftalmoloji təşkilatlarının rəhbərlərinin ölkəmizə və apardığımız işlərə göstərdiyi diqqət və yüksək qiymət məni bir həkim kimi çox qürurlandırdı.

Dünyamız durmadan inkişaf edir, tibb isə hər gün yenilənir. Növbəti dünya oftalmologiya konqresi 2028-ci ildə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək. Biz isə həmin vaxta qədər Praqadan topladığımız bütün elmi yenilikləri, bilik və təcrübəni artıq bu gündən etibarən sizlərin göz sağlığı və nurlu baxışlarınız üçün tətbiq etməyə hazırıq!

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq