Azərbaycandilli süni intellekt asistenti Dünya Oftalmologiya Konqresində təqdim olundu

07 İyul 2026

Sizə tibb dünyasının ən böyük qlobal tədbirlərindən biri olan 40-cı Dünya Oftalmologiya Konqresindən (WOC2026®) gələn çox mühüm və qürurverici bir xəbəri bölüşmək istəyirəm. Bu il Çexiyanın paytaxtı Praqa şəhərində keçirilən və minlərlə xarici həkimin qatıldığı konqresdə, həmkarlarımızla birlikdə hazırladığımız və tamamilə ana dilimizə uyğunlaşdırılmış “OftalmoAssist” süni intellekt layihəsini dünya arenasına çıxardıq.

Bu proqram, göz həkimlərinin mürəkkəb xəstəliklərin diaqnozunu qoyarkən və müalicə üsullarını seçərkən müraciət edə biləcəkləri xüsusi bir “Rəqəmsal Köməkçi” (Süni İntellekt) sistemidir.

Bilirsiniz ki, dünyada tibbi süni intellekt proqramları əsasən ingilis dilində fəaliyyət göstərir. Bu isə yerli tibbi terminologiyanın, pasient şikayətlərinin və xəstəlik tarixlərinin incəliklərini bəzən tam ötürməyə imkan vermir. Bizim əsas məqsədimiz bu baryeri qırmaq və süni intellektin Azərbaycan dilində, tibbi cəhətdən tam qüsursuz işləməsini təmin etmək idi.

Praqadakı konqresdə dünyanın aparıcı oftalmoloqlarına layihəmizin real kliniki sınaq nəticələrini təqdim etdik. Sistem üzərində tam 422 mürəkkəb göz xəstəliyi halı sınaqdan keçirilmişdir. Nəticələr beynəlxalq mütəxəssislər tərəfindən böyük heyranlıqla qarşılandı:

  • Doğru Diaqnoz: Süni intellekt köməkçimiz ən mürəkkəb göz xəstəliklərində belə 4% hallarda tam dəqiq diaqnoz qoymağı bacardı.
  • Müalicə Qərarı: Diaqnoz qoyulduqdan sonra xəstəyə tətbiq olunacaq ən doğru müalicə metodunu və növbəti addımları müəyyən etməkdə sistem 7% kimi çox yüksək bir müvəffəqiyyət göstərdi.

Bu o deməkdir ki, gələcəkdə bu texnologiya tam hazır olduqda, regionlarda çalışan gənc həkimlərimiz belə ən çətin xəstəliklərin müalicəsində ana dilimizdə saniyələr içində etibarlı bir “ikinci rəy” ala biləcəklər. Bu isə birbaşa sizlərin — pasientlərimizin daha sürətli və dürüst müalicə alması deməkdir.

Uğurlu təqdimatımızın yekununda, Beynəlxalq Oftalmologiya Şurasının (ICO) Prezidenti Prof. Neeru Gupta və Baş İcraçı Direktoru Dr. Ivo Kocur tərəfindən layihəmiz rəsmi sertifikata layiq görüldü.

Texnologiyanın sürətlə inkişaf etdiyi bu dövrdə, Azərbaycan tibbini və ana dilimizi qlobal miqyasda rəqəmsal gələcəyə daşımaqdan qürur duyuruq. Bu uğur, xəstələrimizə hər zaman ən müasir və beynəlxalq standartlara uyğun xidmət göstərmək yolundakı missiyamızın sadəcə bir mərhələsidir.

Dəstəyiniz və etibarınız üçün hər birinizə təşəkkür edirəm! Görmə qabiliyyətinizi qorumaq və sizə daha yaxşı xidmət etmək üçün elmi fəaliyyətlərimizə fasiləsiz davam edirik.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq