
Azərbaycan Retinoloqlarının IX Konfransı
17 may 2025-ci il tarixdə ölkəmizin dilbər güşəsi olan Lənkəran şəhərində yerləşən “Lankaran Springs Hotel”- dəAkademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə Azərbaycan Retinoloqlarının 9-cu Konfransı keçirildi.
Tədbirin əsas məqsədi torlu qişa xəstəlikləri sahəsində aparılan elmi araşdırmaların və yeniliklərin paylaşılması, bu sahədə əldə olunan nailiyyətlərin müzakirəsi, həmçinin regionlarda çalışan retinoloq və oftalmoloqların ən son diaqnostik və müalicəvi yeniliklərə çıxışının təmin edilməsindən ibarətdir.
Konfrans çərçivəsində optik neyropatiyalarda optik koherens tomoqrafiya (OKT) müayinəsinin xüsusiyyətləri, vərəm uveiti və onun diaqnostik yanaşmaları, eksimer lazer cərrahiyyəsindən sonra torlu qişanın qopması halları və profilaktik tədbirlər, 1-ci və 2-ci tip makulyar teleangiektaziyaların klinik xüsusiyyətləri və müalicə strategiyaları, torlu qişanın irsi xəstəliklərinin diaqnostikasında flüoressein angioqrafiyasının əhəmiyyəti və tətbiqi, eləcə də digər aktual mövzular üzrə mütəxəssislər tərəfindən təqdimatlar keçirildi və geniş elmi müzakirələr aparıldı.
Konfransın sonunda maraqlı məruzələri ilə seçilən iştirakçılar arasında müsabiqə keçirildi. Müsabiqəyə Dr. Xalid Əliyev və Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinin sədri Dr. Emin Əlihüseynli moderatorluq edirdilər.
