Çəpgözlük nədir? Səbəbləri, əlamətləri və müalicəsi barədə.

Çəpgözlük nədir?

Çəpgözlük gözlərin müştərək fəaliyyətinin və paralelliyinin pozulmasıdır. Hər göz almasını idarə edən 6 ədəd xarici əzələsi var. Bu əzələlərdən biri və bir neçəsi daha güclü və ya daha zəif olduğu halda çəpgözlük yarana bilər. Bir göz düz baxan zaman, o biri göz daxilə burun tərəfə, xaricə qulaq tərəfə, yuxarı alın tərəfə və ya aşağı ayağa tərəf baxır.

Çəpgözlüyün müalicəsində erkən diaqnoz çox vacibdir. Əgər gözün ilk müayinəsi keçikibsə, uşağın gözünün zəif görməsindən başqa estetik problemlər də yaranır. Körpələri doğuşdan sonra uşaq oftalmoloqu yoxlamalıdır. Üşaqlar yenidoğulmuş dövrdə və bir yaşında gözlə bağlı şikayəti olmasa belə uşaq oftalmoloqu tərəfindən yoxlanılmalıdır.

 

Çəpgözlüyün səbəbləri nədir?

Çəpgözlüyün bir sıra səbəbləri ola bilər. Mürəkkəb hamiləlik dövrü, ağır doğuş, körpənin inkişafı və xəstəlikləri çəpgözlüyə gətirib çıxara bilər. Çəpgözlüyün yaranmasında genetik meylliyin də rolu çox böyükdür. Əgər ailənin hansısa üzvünün gözlərində çəpgözlük varsa, ehtimal ki, uşağa da bu xəstəlik keçə bilər.

Çəpgözlüyün əlamətləri

  • Gözlərin qeyri-paralel görünməsi
  • Baş ağrısı
  • İkili görmə
  • Üç ölçülü görmə itkisi
  • Bulanıq görmə
  • Başın və ya boyunun bir tərəfə dönməsi

Körpəlik və uşaqlıqda hiss edilən yayınmalar yalançı çəpgözlükdür. Yalançı çəpgözlük, göz qapaqlarının və burun kökünün genişliyi ilə yaranan çaşdırıcı bir görünüşdür. Belə olan halda göz almasında hər hansı qüsurun olub, olmamasını tam yoxlamaq üçün göz müayinəsindən keçmək vacibdir.

Eyni gözdə daima yayınma gözün zəif görməsindən xəbər verə bilər. Məhz buna görə belə hallarda göz müayinəsi çox vacibdir. Buna görə də bir gözdə yayınma müşahidə olunan körpələr və uşaqlar dərhal göz müayinəsindən keçməlidirlər.

Çəpgözlüyün müalicəsi necə aparılır?

Çəpgözlük bir neçə səbəbdən qaynaqlandığına görə, onun müalicəsi də xəstədən xəstəyə fərqlənir. Çəpgözlük istənilən yaşda müalicə oluna bilən göz xəstəliyidir.

Eynəklə müalicə

Çəpgözlüyün bəzi növləri refraktiv xətalar sayəsində inkişaf edir. Pasiyent eynək taxmağa başladıqda çəpgözlük düzəlir. Bu növ çəpgözlüyün müalicəsi eynəklə həyata keçirilir.

Qapama (okkluziya) müalicəsi

Bu müalicə üsulu xəstədə tənbəl göz (ambliopiya) olduğu halda tətbiq edilir.

Ortoptik müalicə

Ortoptik müalicə üsulu, göz əzələlərinin fiziki terapiyası əsasında həyata keçirilir. Bəzi əzələlərin möhkəmlənməsi, iki gözlə görmə qabiliyyətinin gücləndirilməsi məqsədi ilə aparılır. İki gözlə görmə qabiliyyətinin gücləndirilməsi dərinlik hissini sabitləşdirir və ya inkişaf etdirir. Gözlərimizin bu funksiyası, gözlərin paralel olmasını təmin etdiyi kimi, gündəlik həyatımız üçün də kifayət qədər önəmlidir.

Cərrahi müalicə

Anadangəlmə çəpgözlük əksər hallarda eynəyin taxılmasını tələb etmir, körpə erkən yaşlarda (6 aylıqdan 1 yaşadək) əməliyyat olunmalıdır. Qazanılma çəpgözlük əksər hallarda təxminən 2-3 yaşda olan uşaqlarda yaranır və eynək vasitəsi ilə tam sağalır. Cərrahi müdaxilə, eynəklə sağala bilməyən çəpgözlük halları üçün tətbiq edilir. Çəpgözlüyə qarşı cərrahi əməliyyatlar əksər hallarda ümumi anesteziya altında aparılır. Anesteziya, pediatrik anesteziya sahəsində ixtisaslaşmış həkim tərəfindən həyata keçirilir. Çəpgözlüyün erkən mərhələdə müayinəsi və müalicəsinin köməyi ilə tənbəl gözün qarşısını almaq və 3 ölçülü görməyə nail olmaq imkanı əldə edilir. Pasiyentlərimin çəplik əməliyyatından əvvəl və sonrakı fotolarını izləmək üçün bura tıklayın.

Botoks inyeksiyası

BotulinumToksin (BOTOX) maddəsi bəzi hallarda çəpgözlüyün müalicəsi üçün istifadə edilir. İfliclə bağlı çəpgözlük hallarında, əməliyyat olmuş, lakin tam sağalmamış xəstələrdə və zobla əlaqədar çəpgözlükdən əziyyət çəkən xəstələrdə botoks effektivdir və tətbiq oluna bilər.

Latent (gizli) çəpgözlük nədir?

Latent çəpgözlük, yalnız gözlərin birini bağlayıb, digərində çəpgözlüyün müşahidə olunmasına deyilir. Latent çəpgözlük ölkəmizdə yayılmış göz xəstəliyidir. İki göz açıq vəziyyətdə olan zaman, beyin birləşdirici mexanizmin köməyi ilə gözləri paralel olmasını təmin edir. Lakin bir göz bağlanan zaman bu mexanizm pozulur, qapalı gözdə sürüşmə baş verir. Latent çəpgözlük müvafiq eynəklər və ortoptik məşğələlərlə müalicə oluna bilər.

Anadangəlmə çəpgözlük nədir?

Anadangəlmə çəpgözlük halları 3-6 ay və 1 yaş arasında körpələrdə yaranır. Çəplik bucağı çox böyük olur və demək olar ki, hər kəs tərəfindən hiss edilə bilir. Adətən belə çəpgözlük halları refraksiya qüsurları ilə əlaqədar deyil.

Əzələ iflici ilə bağlı çəpgözlük necə olur?

Əzələ iflici uşaqlıq və yeniyetməlik dövrünə təsadüf edir, travma, xüsusi ilə baş zədəsi, ağırlaşmış doğuş və keçirilmiş yüksək  hərarətdən sonra baş verir. Bəzi hallarda bu iflic başda şişin, kistanın və ya quruluş pozğunluğunun nəticəsində inkişaf edir. Böyüklərdə bu xəstəliyin səbəbi travma, şəkərli diabet, qalxanvari vəzinin xəstəliyi, dağınıq skleroz kimi mərkəzi sinir sisteminə təsir göstərən xəstəliklər ola bilər.

Göz titrəməsi (nistaqm) nədir?

Göz titrəməsi (nistaqm) gözlərin qeyri-iradi hərəkətinə deyilir. Bu xəstəlik həm anadangəlmə, həm də qazanılma ola bilər və bir sıra etioloji faktorlardan asılıdır. Nistaqmı olan xəstələr göz həkimi ilə yanaşı, nevropatoloqun da müayinəsindən keçməlidirlər.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq