Yaz və yay aylarında göz sağlamlığının qorunması
Yaz aylarında havaların isinməsi, günəşli günlərin artması və insanların açıq havada daha çox vaxt keçirməsi göz sağlamlığına təsir edən bir sıra amilləri ön plana çıxarır. Günəş şüaları, yüksək temperatur, toz, külək, hovuz və dəniz suyu kimi faktorlar bəzi insanlarda göz narahatlıqlarının yaranmasına və ya mövcud problemlərin güclənməsinə səbəb ola bilər. Buna görə də yay mövsümündə gözlərin qorunmasına xüsusi diqqət yetirilməsi vacibdir.
Yaz aylarında allergik göz problemləri də daha çox rast gəlinir. Havada çiçək tozcuqları və digər allergenlərin artması bəzi insanlarda göz qaşınması, sulanma, qızartı və şişkinlik yarada bilər. Allergik şikayətləri olan şəxslərin gözlərini ovuşdurmaması vacibdir, çünki bu, simptomları daha da gücləndirə bilər. Belə hallarda oftalmoloq məsləhəti ilə uyğun müalicə tətbiq edilməlidir.

Yaz və yay aylarında ən mühüm risk faktorlarından biri ultrabənövşəyi (UV) şüalardır. Günəşdən yayılan ultrabənövşəyi (ultraviolet – UV) şüaları uzun müddət və qorunmasız şəkildə gözə təsir etdikdə göz səthində qıcıqlanma yarada, həmçinin uzunmüddətli dövrdə bəzi göz xəstəliklərinin inkişaf riskini artıra bilər. Xüsusilə günorta saatlarında günəş şüalarının intensivliyi daha yüksək olur. Açıq havada uzun müddət qalan şəxslərin UV qoruyuculu gün eynəklərindən istifadə etməsi tövsiyə edilir. Keyfiyyətsiz və qoruyuculuq qabiliyyəti olmayan eynəklər gözləri kifayət qədər müdafiə etməyə bilər.
Yay aylarında küləkli hava, kondisionerlər və isti mühit göz yaşının daha tez buxarlanmasına səbəb olur. Bu isə göz quruluğu şikayətlərini artıra bilər. İnsanlar gözlərdə yanma, batma, yorğunluq və bulanıq görmə hiss edə bilərlər. Xüsusilə kompüter və telefon ekranına uzun müddət baxan şəxslərdə bu hallar daha çox müşahidə olunur. Gün ərzində kifayət qədər su qəbul etmək və ehtiyac olduqda həkim məsləhəti ilə süni göz yaşı damcılarından istifadə etmək faydalı ola bilər.
Hovuz və dəniz mövsümündə göz infeksiyalarının yaranma riski də artır. Hovuz suyunda istifadə olunan kimyəvi maddələr, xüsusilə xlor, bəzi insanlarda göz səthini qıcıqlandıra bilər. Qızartı, yaşarma və narahatlıq hissi yarana bilər. Gigiyenik olmayan hovuzlar isə infeksiyaların yayılması üçün əlverişli mühit yarada bilər. Üzgüçülük zamanı qoruyucu eynəklərdən istifadə etmək gözləri müəyyən qədər qorumağa kömək edir. Kontakt linza ilə hovuz və ya dənizə daxil olmaq isə infeksiya riskini artırdığı üçün tövsiyə edilmir.
Uşaqlar yay aylarında daha çox açıq havada vaxt keçirdikləri üçün onların gözlərinin qorunması da vacibdir. Günəş şüalarının təsirindən qorunmaq üçün uşaqlarda da keyfiyyətli gün eynəklərindən istifadə faydalı ola bilər. Eyni zamanda hovuz və dənizdən sonra gözlərdə qızartı və ya narahatlıq yaranarsa, valideynlər bunu diqqətsiz qoymamalıdırlar.
Yay mövsümündə kondisionerlərin intensiv istifadəsi də göz quruluğunu artıran səbəblərdən biridir. Kondisioner havasının birbaşa üzə və gözlərə yönəlməsi narahatlıq yarada bilər. Qapalı məkanlarda havanın rütubətinin qorunması və fasilələrlə açıq havaya çıxmaq faydalı hesab olunur.
Göz sağlamlığını qorumaq üçün insanlar yalnız şikayət yarandıqda deyil, profilaktik məqsədlə də oftalmoloji müayinədən keçməlidirlər. Xüsusilə görmədə azalma, davamlı qızartı, ağrı, işığa həssaslıq və ya göz ifrazatı kimi əlamətlər olduqda həkimə müraciət etmək vacibdir.
Gözlər insanın ən həssas orqanlarından biridir və yay aylarında sadə qoruyucu tədbirlərə əməl etməklə bir çox problemin qarşısını almaq mümkündür. Sağlam həyat tərzi, düzgün qorunma və vaxtında müayinə göz sağlamlığının uzun müddət qorunmasına kömək edir.
