Ptoz nədir, müalicəsi necə aparılır?

Yunan dilində “ptoz” “enmə, düşmə” mənasını verir və  üst göz qapağının sallanması ilə müşahidə olunan oftalmoloji patologiyadır. Üst göz qapağının ptozu həm üşaqlarda, həm də böyüklərdə təsadüf edilə bilər. Ptoz həm bir, həm də iki gözdə ola bilər. Bu, anadangəlmə defekt  olmaqla yanaşı, müxtəlif nevroloji vəziyyətlərdən sonra, həmçinin baş beyin travmalarından sonra yarana bilər. Ptoz zamanı üst göz qapağı sanki sallanır, xəstə gözünü tam bağlaya bilmir, xəstə göz qızarır, quruyur, tez yorulur, tez-tez iltihablaşır. Xəstə gözdə çəpgözlük, ambliopiya (“tənbəl göz”) inkişaf edə bilər, xəstə gözün görməsi zəifləyə, hətta tam itə bilər.

Ptoz zamanı hansı göstəricilərə fikir verilməlidir?

Normada üst göz qapağı gözün qüzeyli qişasını 1.5 mm-ə qədərini örtür. Əgər üst göz qapağı qüzehli qişanın yuxarı kənarından 2 mm-dən çox aşağı düşərsə, bu, göz qapağının sallanması kimi qiymətləndirilir. Üst göz qapağın sallanması gözü cüzi, yaxud da tam örtə bilər.

Ptoz hansı səbəblərdən yaranır?

Əksər hallarda ptoza səbəb, yuxarı göz qapağı əzələsinin zəifliyi, dartılması və nazilməsi, bu əzələnin işləməsinə cavabdeh olan sinirin patologiyası olur.

Ptozun əlamətləri hansılardır?

Patologiya özünü  aşağıdakı əlamətlərlə büruzə verir:

 Göz yarığı ölçülərinin asimmetriyası;

  • Bir və ya hər iki üst göz qapağının aşağı enməsi;
  • Qapaqların mütəhərrikliyinin qəfil məhdudlaşması;
  • Görmədə ikiləşmə;
  • Gözlərin yorulması və qıcıqlanması.

Ptozun diaqnostikası necə aparılır?

Ptozun ifadə olunması üst ğöz qapağının bəbəyə nisbətən vəziyyəti ilə dəyərləndirilir. Əgər üst qapağın kirpik sərhəddi gözlər açıq olan halda bəbəyin 1/3-ni örtərsə, bu, I dərəcəli, 2/3-nü tutarsa, II dərəcəli, göstərici 2/3-dən çox olarsa, III dərəcəli  ptoz hesab olunur. İfadə olunmuş ptoz görmə sisteminin normal finksiya göstərməsinə mane olur. Pasiyentlər tez-tez alın əzələsini gərginləşdirir və yaxşı görmək üçün başlarını arxaya əyirlər. Onlar göz qırpmaqda çətinlik çəkir, bu isə gözlərin normadan artıq yorulmasına, qıcıqlanmasına və infeksiyalaşmasına gətirib çıxara bilər.

Qazanılmış ptoz zamanı nəyə fikir verilməlidir?

Qazanılmış ptoz istənilən yaşda göz travması, cərrahi əməliyyat, orqanizmin qocalması, bəzi nevroloji xəstəliklər nəticəsində (insult, yayılmış skleroz və bəzi digər nevroloji xəstəliklər) inkişaf edə bilər. Bəzən böyüklərdə qəfildən əmələ gəlmiş ptoz beyin şişlərin əlaməti ola bilər. Ptoz qəfildən, səbəbsiz əmələ gəldikdə, vaxt itirmədən həkimə müraciət edin və MRT və ya KT keçin.

Ptoz necə müalicə olunur?

Əksər hallarda ptozun müalicəsi cərrahi yolla həyata keçirilir. II dərəcəli, xüsusən də III dərəcəli ptoz zamanı əməliyyat olunmazsa, göz bəbəyini örtən qapaq görməni zəiflədə bilər. Üst göz qapağının sallanması simptomatik olarsa, ptoza səbəb olan əsas xəstəliyin müalicəsi patologiyanın aradan qalxmasında müsbət nəticə verə bilər. Bizim təcrübəmizdə ptozun aradan qaldırılması üçün həyata keçirilən cərrahi müdaxilə zamanı silikon borucuqla frontal asqı əməliyyatı həyata keçirilir.

Anadangəlmə ptoz neçə yaşında əməliyyat olunmalıdır?

Anadangəlmə ptoz özü-özündən keçmir, bu patologiya mütləq vaxtında müalicə olunmalıdır. Əks halda bu gələcəkdə çəpgözlüyə, ambliopiyaya (“tənbəl göz”), ptozu olan gözdə görmənin pisləşməsinə səbəb ola bilər. Anandangəlmə ptoz yalnız cərrahi üsullarla müalicə olunur. Əməliyyat adətən uşağın 3 yaşı tamam olandan sonra həyata keçirir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Çalışın xəstəliyinizi gecikdirməyin, çünki belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq