Dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyi

Dakriosistit nədir?

Dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyi olub, burun-göz yaşı kanalının obliterasiyası və ya stenozu fonunda inkişaf edir. Onun əsas əlamətlərinə göz yaşının daimi axması, selikli-irinli ifrazatlar, göz yaşı ətciyinin, konyunktivanın, aypara büküşün hiperemiyası və ödemi, göz yaşı kisəsinin şişkinliyi, lokal ağrı, göz yarığının daralması aiddir. Diaqnoz göz yaşı kisəsi nahiyəsinin palpasiyası, burun-göz yaşı (Vest testi) və flüoressein sınaqları, göz yaşı yollarının rentgenoqrafiyası əsasında qoyulur. Müalicə burun-göz yaşı kanalının zondlanması və antiseptik məhlullarla yuyulması, antibakterial damcı və məlhəmlər, fizioprosedurların tətbiqindən ibarətdir. Bu üsullarla heç bir nəticə əldə olunmadıqda dakriosistoplastika və ya dakriosistorinostomiya aparılır.

Dakriosistit göz yaşı orqanları patologiyalarının 5-7%-ni təşkil edir. Kişilərlə müqayisədə qadınlarda göz yaşı kisəsi 6-8 dəfə çox iltihablaşır. Bu da onlarda kanalların dar olması ilə əlaqədardır. Dakriosistitə əsasən 30-60 yaşlı şəxslərdə rast gəlinir. Yenidoğulmuşların dakriosistiti ayrıca klinik forma kimi qeyd edilir. Patologiyanın təhlükəliliyi yanaq, burun, göz qapaqlarının dərialtı toxuması, göz yuvası və baş beyin tərəfdən irinli-septik ağırlaşmaların (irinli ensefalit, meningit, beyin absesi) yüksək yaranma ehtimalı ilə bağlıdır.

Normada göz yaşı vəzilərinin sekreti (göz yaşı mayesi) göz almasının ön hissəsini yuyaraq, gözün daxili bucağına axır. Həmin zonada göz yaşı kanallarına açılan göz yaşı nöqtələri yerləşir. Göz yaşı bu nöqtələrdən əvvəlcə göz yaşı kisəsinə, sonra isə burun-göz yaşı kanalı ilə burun boşluğuna tökülür. Dakriosistit zamanı burun-göz yaşı kanalının keçməməzliyi səbəbindən göz yaşının axını pozulur. Nəticədə maye göz yaşı kisəsində – burun-göz yaşı kisəsinin yuxarı hissəsində yerləşən silindrik boşluqda toplanır. Göz yaşı mayesinin durğunluğu və göz yaşı kisəsinin infeksiyalaşması onun iltihabına – dakriosistitə gətirib çıxarır.

Klinik formalara əsasən xroniki, kəskin (göz yaşı kisəsinin abses və ya fleqmonası) və yenidoğulmuşların dakriosistiti ayırd edilir. Etiologiyadan asılı olaraq, dakriosistit virus, bakteriya, xlamidiya mənşəli, parazitar, posttravmatik formalara bölünür.

Dakriosistitin yaranma səbəbləri nədir?

Dakriosistitin istənilən formasının patogenezinin əsasını burun-göz yaşı kanalının keçməməzliyi təşkil edir. Yenidoğulmuşların dakriosistiti göz yaşı yollarının anadangəlmə anomaliyası (burun-göz yaşı kanalının həqiqi atreziyası), doğulma anına qədər sorulmayan jelatinoz tıxac və ya burun-göz yaşı kanalının distal hissəsində sərt epitel membranın olması ilə bağlıdır.

Böyüklərdə dakriosistit KRVİ, xroniki rinit, sinusit, burun boşluğunun polipləri, adenoid, göz yuvası və burun sümüklərinin sınığı, göz qapaqlarının zədələnməsi ilə əlaqədar göz yaşı nöqtələrinin və kanallarının zədələnməsi zamanı ətraf toxumaların ödemi nəticəsində yarana bilər.

Göz yaşı mayesinin durğunluğu onun antibakterial aktivliyinin itirilməsinə gətirib çıxarır. Bu da göz yaşı kisəsində patogen mikroorqanizmlərin (əsasən stafilokokk, streptokokk, pnevmokokk, virus, az hallarda – vərəm çöpləri, xlamidiya və digər spesifik flora) çoxalması ilə müşayiət edilir. Göz yaşı kisəsinin divarları tədricən gərilir, orada kəskin və ya ləng gedişli iltihabi proses – dakriosistit baş verir. Göz yaşı kisəsinin sekreti abakteriallıq və şəffaflığını itirərək, selikli-irinli xarakter alır.

Dakriosistitin risk amillərinə şəkərli diabet, immunitetin zəifləməsi, peşə zərərləri, temperaturun kəskin dəyişməsi aiddir.

Dakriosistitin əlamətləri hansılardır?

Dakriosistitin klinik təzahürləri spesifikliyi ilə seçilir. Dakriosistitin xroniki formasında göz yaşının daimi axması və göz yaşı kisəsi proyeksiyasında şişkinlik müşahidə edilir. Şişkin nahiyəyə təzyiq etdikdə göz yaşı nöqtələrindən selikli-irinli və ya irinli sekret ifraz olunur. Xəstələrdə göz yaşı ətciyinin, göz qapaqlarının konyunktivasının və aypara büküşlərin hiperemiyası izlənilir. Xroniki dakriosistitin uzunmüddətli gedişi göz yaşı kisəsinin ektaziyasına (gərilməsi) səbəb olur. Belə hallarda kisənin üzərindəki dəri nazilir, göy çalar alır. Xroniki formada göz qişalarının infeksiyalaşması – blefarit, konyunktivit, keratit, buynuz qişanın irinli xorası və belmonun yaranma ehtimalı yüksək olur.

Kəskin dakriosistit daha ifadəli klinik simptomatikaya malik olur. İltihablaşmış göz yaşı kisəsi nahiyəsində ağrılı şişkinlik, dərinin kəskin hiperemiyası, göz qapaqlarının ödemi, göz yarığının daralması və ya tamamən bağlanması müşahidə edilir. Qızartı və ödem  burun kötüyünə, göz qapaqları və yanaqlara yayıla bilər. Dəridə üzün qızılyel iltihabını xatırladan dəyişikliklər baş verir. Lakin dakriosistit zamanı iltihab ocağının sərhədləri dəqiq bilinmir. Kəskin dakriosistit göz yuvası nahiyəsində dartıcı ağrılar, titrətmə, qızdırma və intoksikasıyanın digər əlamətləri ilə müşayiət olunur.

Göz yaşı kisəsinin üstündəki sərt infiltrat bir neçə gündən sonra yumşalır. Flüktuasiya əmələ gəlir, bu hissənin dəri örtüyü saralır. Bütün bu dəyişikliklər absesin formalaşmasından xəbər verir. Gələcəkdə həmin zonada xarici (üz dərisi nahiyəsində) və ya daxili (burun boşluğunda) fistula formalaşa və oradan vaxtaşırı göz yaşı və yaxud irin ifraz oluna bilər. İrin ətraf toxumaya yayıldıqda göz yuvasının fleqmonası inkişaf edir. Kəskin dakriosistit çox zaman residivləşən xarakterli olur.

Yenidoğulmuşlarda dakriosistit göz yaşı kisəsinin üzərində şişkinliklə özünü büruzə verir. Bu hissəyə təzyiq etdikdə göz yaşı nöqtələrindən selik və ya irin ifraz olunur. Dakriosistitin bu forması fleqmona ilə ağırlaşa bilər.

Dakriosistitin diaqnostikası necə aparılır?

Diaqnoz tipik klinik şəkil, xarakterik şikayətlər, xarici baxış, göz yaşı kisəsinin palpasiyasının nəticələri əsasında qoyulur. Baxış zamanı gözdə şişkinlik və göz yaşı mayesinin axması nəzərə çarpır. İltihablaşmış nahiyəni palpasiya etdikdə ağrı yaranır, göz yaşı nöqtələrindən irinli sekret ifraz olunur.

Göz yaşı yollarının keçiriciliyi Vesta (kanal) sınağının köməyilə yoxlanılır. Bu məqsədlə müvafiq burun dəliyinə tampon yeridilir, gözə isə kollarqol məhlulu damızdırılır. Göz yaşı yollarının keçiriciliyi pozulmadıqda 2 dəqiqə ərzində tamponda rəngləyici maddənin izləri görünür. Bu müddət 5-10 dəqiqəyə qədər uzandıqda göz yaşı yollarının keçiriciliyi şübhə altına alınır. 10 dəqiqə ərzində kollarqol xaric olmadıqda Vesta sınağı mənfi sayılır. Bu da göz yaşı yollarının keçməməzliyinə dəlalət edir.

Zədələnmənin səviyyəsini və ölçüsünü dəqiqləşdirmək üçün göz yaşı kanalının diaqnostik zondlanması həyata keçirilir. Passiv burun-göz yaşı sınağının aparılması göz yaşı yollarının keçməməzliyini təsdiqləyir: bu zaman burun-göz yaşı kanalının yuyulmasına cəhd göstərdikdə maye buruna daxil olmadan göz yaşı nöqtələrindən şırnaq şəklində xaric olunur.

Dakriosistitin oftalmoloji müayinə kompleksinə həmçinin flüoressein sınağı, gözün biomikroskopiyası da daxildir. Göz yaşı yollarının yodolipol məhlulu ilə kontrast rentgenoqrafiya (dakriosistoqrafiya) göz yaşı yollarının arxitektonikası, striktura və ya obliterasiya zonasının lokalizasiyası barədə aydın təsəvvür yaradır. Dakriosistitin mikrob törədicisini identifikasiya etmək üçün axıntının bakterioloji əkilməsi icra olunur.

Diaqnozu dəqiqləşdirmək üçün xəstə otolarinqoloq tərəfindən müayinə olunmalı, rinoskopiya aparılmalıdır. Göstərişlər olduqda stomatoloq və ya üz-çənə cərrahı, travmatoloq, nevroloq, neyrocərrahın konsultasiyası məsləhət görülür. Dakriosistit kanalikulit, konyunktivit və qızılyellə differensiya edilir.

Dakriosistitin müalicəsi necə aparılır?

Kəskin dakriosistit stasionarda müalicə olunur. İnfiltratın yumşalmasına qədər sistemli vitaminoterapiya tətbiq edilir. Göz yaşı kisəsi nahiyəsinə quru isti və ya UYT-terapiya təyin edilir.  Flüktuasiya yarandıqda abses yarılır. Yara drenajlanır və antiseptiklərlə (furasilin, dioksidin, hidrogen peroksid məhlulları) yuyulur. Konyunktiva kisəsinə antibakterial damcılar (levomisetin, gentamisin, sulfasetamid, miramistin və s.) yeridilir, mikrobəleyhinə məlhəm (eritromisin, ettrasiklin, ofloksasin və s.) çəkilir. Eyni zamanda geniş təsir spektrinə malik preparatlarla (sefalosporin, aminoqlikozid, penisillin) antibakterial terapiya aparılır. Kəskin proses aradan qalxdıqdan sonra «soyuq» dövrdə dakriosistorinostomiya həyata keçirilir.

Yendoğulmuşlarda dakriosistitin müalicəsi mərhələli şəkildə yerinə yetirilir: göz yaşı kisəsinin enən masajı (2-3 həftə), burun-göz yaşı kanalının yuyulması (1-2 həftə), göz yaşı kanalının retroqrad zondlanması (2-3 həftə), burun-göz yaşı yollarının göz yaşı nöqtələrindən zondalanması (2-3 həftə).

Müalicə qeyri-effektiv olduqda uşaq 2-3 yaşına çatdıqda endonazal dakriosistorinostomiya icra edilir. Xroniki dakriosistitin əsas müalicə üsulu əməliyyatdır. Dakriosistorinostomiyanın mahiyyəti göz yaşı mayesinin effektiv drenajı üçün burun boşluğu ilə göz yaşı kisəsi arasında anastomozun formalaşdırılmasından ibarətdir.

Cərrahi oftalmologiyada dakriosistitin az invaziv müalicə üsulları – endoskopik və lazer dakriosistorinostomiya geniş tətbiq olunur. Bəzi hallarda burun-göz yaşı kanalının keçiriciliyi bujlanma və ya balon dakriosistoplastika (axacağa balonlu zond yeridilir, onu şişirtməklə kanalın mənfəzi genişləndirilir) ilə bərpa edilir.

Buynuz qişanın irinli xorasının inkişafına yol verməmək üçün kontakt linzalardan, buynuz qişaya toxunmaqla aparılan oftalmoloji müayinələrdən (tonometriya, gözün USM, qonioskopiya və s.) imtina edilməlidir.

Dakriosistitin proqnoz və profilaktikası necədir?

Ağırlaşmamış dakriosistitin proqnozu qənaətbəxşdir. Buynuz qişanın xorası belmoya gətirib çıxara bilər. Bu zaman kosmetik qüsurla yanaşı, görmə itiliyinin azalması müşahidə edilir. Xora perforasiya olunduqda endoftalmit və gözün subatrofiyası inkişaf edir.

Dakriosistit göz yuvasının fleqmonası, göz yuvası venalarının tromboflebiti, kavernoz sinusun trombozu, beyin qişalarının və toxumalarının iltihabı, sepsislə ağırlaşa bilər. Belə hallarda əlillik və ölüm ehtimalı yüksək olur.

Dakriosistitin profilaktikası LOR-orqanları xəstəliklərinin vaxtında və düzgün şəkildə müalicə olunmasından, göz və üz skeletinin travmalarının qarşısının alınmasından ibarətdir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq