Episklerit – gözün episklera toxumasının iltihabı
Episklerit – gözün episklera toxumasının iltihabıdır. Klinik olaraq, göz nahiyəsində diskomfort, lokal ağrı, birtərəfli hiperemiya, gözün yaşarması ilə təzahür edir. Diaqnostika prosesində vizual baxış keçirilir, vizometriya, refraktometriya, kompüter perimetriya, yarıqlı lampa ilə biomikroskopiya aparılır. Əsas patologiyanı aşkar etmək üçün laborator diaqnostikadan istifadə olunur. Epiklerit konservativ yolla müalicə olunur. Xəstələrə qeyri-steroid iltihabəleyhinə preparatlar, nəmləndirici və antibakterial damcılar təyin edilir. Şikayətlər olmadıqda terapiyaya ehtiyac yaranmır. Xəstəliyin proqnozu qənaətbəxşdir.
Episklerit – göz almasının iltihabi xəstəliyi olub, episklera toxumasının zədələnməsi ilə səciyyələnir. Episklera gözün skleral kapsulunun səthi qatıdır. Kövşək quruluşa malik episklera qan damarları (səthi və dərin damar şəbəkəsi) ilə zəngindir. Patologiya 2 formada gedə bilər: sadə və düyünlü. Sadə episklerit adətən cavanlarda, düyünlü forma isə 50 yaşdan yuxarı şəxslərdə müşahidə edilir. Episklerit üçün residivləşən gediş xarakterikdir. Xəstəlik demək olar ki, heç bir halda həqiqi skleritə transformasiya etmir. Çox zaman autoimmun pozğunluqlarla birgə rast gəlinir. Patologiya adətən birtərəfli olur, lakin ikitərəfli zədələnmələr də istisna edilmir.
Episkleritin yaranma səbəbləri hansılardır?
Episkleritin patogenezi sona qədər öyrənilməmişdir. Məlumdur ki, iltihabi reaksiya episkleraya qan-damar sistemindən yayılır. Patologiyanın risk amillərinə göz almasına yad cismin düşməsi, görmə orqanına müxtəlif kimyəvi maddələrin təsiri, polivalent allergiya aiddir. Xəstəlik əksər hallarda revmatoid artrit, podaqra, qırmızı qurd eşənəyi, xoralı kolit, Kron xəstəliyi, vərəm və s. zamanı oftalmoloji ağırlaşma kimi inkişaf edir. Bəzi patologiyalarda (Kron xəstəliyi, qeyri-spesifik xoralı kolit) episklerada iltihabi reaksiya əsas xəstəliyin simptomlarını qabaqlaya bilər. Bu da diaqnostikanı xeyli çətinləşdirir.
Episkleritin əlamətləri nədir və diaqnostikası necə aparılır?
Episklerit zamanı pasiyentlər göz nahiyəsində diskomfort və ağrıdan, birtərəfli qızarmadan, gözün yaşarmasından şikayət edirlər. Episklerit üçün görmə itiliyinin zəifləməsi xarakterik deyil. Sadə episklerit patologiyanın ən geniş yayılmış forması olub, sektoral, bəzən isə diffuz hiperemiya ilə müşayiət edilir. Adətən 2 həftə ərzində öz-özünə keçib gedir.
Düyünlü formada hiperemiyalaşmış düyünlər müşahidə edilir. Onlar 1 ay müddətində tamamən itir. Yarıqlı lampanın köməyilə biomikroskopiya aparılarkən skleranın qabarmasına rast gəlinmir. Episkleritin residivləri tez-tez təkrarlandığından skleranın səthi qatları paralel düzülməyə başlayır, bunun nəticəsində ağlı qişa şəffaflaşır.
Episkleritin diaqnostikasında həmçinin aşağıdakı müayinə üsullarından istifadə olunur: vizual baxış, vizometriya, tonometriya, refraktometriya, kompüter perimetriya. Əlavə olaraq, qanın laborator müayinəsi: spesifik sınaqlar (Mantu sınağı, Vasserman reaksiyası, İİV-infeksiyasına görə analiz), flüoroqrafiya təyin edilir, immun status müəyyənləşdirilir. Episklerit müxtəlif xəstəliklərin ağırlaşması kimi inkişaf etdiyindən dəqiq diaqnostika və müalicə üçün digər mütəxəssislərin – revmatoloq, infeksionist, endokrinoloq, allerqoloqun konsultasiyası mütləqdir.
Episkleritin müalicə və profilaktikası necə həyata keçirirlir?
Episklerit yalnız konservativ yolla (medikamentoz və fizioterapevtik) müalicə olunur. Terapiya əsas patologiyanın korreksiyasına yönəldilir. Şikayətlər olmadıqda episkleritin xüsusi dərman terapiyasına ehtiyac yaranmır. Digər hallarda qeyri-steroid iltihabəleyhinə preparatlar (kurs şəklində qısamüddətli instillyasiyalar), nəmləndirici damcılar təyin edilir. Zərurət odluqda antibiotiklər tətbiq edilir. Fizioterapevtik prosedurlar – göz nahiyəsinə UYT-terapiya müsbət nəticələr verir. Proqnoz əsas xəstəlikdən asılı olur, adətən qənaətbəxş sayılır.
Episkleritin profilaktikası kimyəvi maddələrlə işləyərkən gözlərin qorunmasına, xroniki xəstəliklərin vaxtında diaqnostika və müalicə olunmasına, profilaktik müayinələrin aparılmasına, immun sistemin möhkəmləndirilməsinə və şəxsi gigiyena qaydalarına riayət olunmasına istiqamətləndirilir.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.