Gözdaxili inyeksiyalar nədir və nə üçün edilir?

Gözdaxili və ya intravitreal inyeksiya nədir?

İntravitreal inyeksiya dedikdə dərman maddələrinin göz almasının daxilinə iynə vurmaqla yeridilməsi başa düşülür. İnyeksiya olunduqda, dərman maddəsi vitreus (şüşəvari cisim) boşluğuna, büllurun arxasındakı boşluğa yeridilməsi nəzərdə tutulur (şəkildə göstərildiyi kimi). 

Niyə həyata keçirilir? Onların istifadəsi ilə hansı xəstəliklər müalicə edilə bilər?

Bu dərmanların birbaşa göz almasının daxilinə, şüşəvari cismə yeridilməsi bəzi göz xəstəliklərini müalicə etməyə və görmə qabiliyyətini qorumağa imkan verir.

İntravitreal inyeksiya üçün göstəriş olan bəzi xəstəliklər:

  • Yaşla əlaqədar makulyar degenerasiya (YƏMD) – tor qişanın mərkəzi bölgəsinə (makula) təsir edən və mərkəzi görmə qabiliyyətinin itirilməsi ilə nəticələnən degenerativ xəstəlikdir.
  • Tor qişanın müxtəlif xəstəliklərində inkişaf edən neo-vaskulyar membran (məsələn, yüksək dərəcəli miopiya, mərkəzi seroz xoroidopatiya və s.)
  • Makulyar ödemi (makulanın şişməsi), səbəbindən asılı olmayaraq (ən çox yayılmışlar aşağıda göstərilib):
  • Diabetik makulyar ödem
  • Qan damarlarının tıxanması zamanı inkişaf edən makulyar ödem
  • Sistoid makula ödemi
  • Göz içi infeksiyalar (endoftalmit)
  • Göz içi iltihab (üveit)

Bu iynələrə niyə ehtiyac var?

İntravitreal inyeksiyalar, ağızdan və ya venadaxili yolla dərman maddələrinin effektiv olmadığı və lazımi intensivliklə gözə gedib çatmadığı, həmçinin gözə təsir edəcək tələb edilən dozanın həddən artıq yüksək olması və bu dozanın qeyd etdiyimiz yollarla qəbul edildikdə orqanizmə zərərli təsir edə biləcəyi hallarda həyata keçirilir.

Hansı dərmanlar vurulur?

Yaş formalı YƏMD, diabetik retinopatiya və ya tor qişa damarlarının tıxanıqlığı zamanı anti-VEGF dərmanlar (Aflibercept – Eylea), bevacizumab (Avastin), ranibizumab (Lucentis), gözdaxili iltihab və ya makula ödemi zamanı kortikosteroid tərkibli dərmanlar, endoftalmitlər zamanı isə antibiotik dərmanlar müalicə məqsədi ilə gözə yeridilir.

Gözdaxili iynələr necə vurulur?

İynələr yerli keyləşdirmə ilə əməliyyat otağında vurulur. Əməliyyatdan əvvəl gözlər və göz qapaqları aseptik məhlullarla dezinfeksiya olunur. Bu kifayət qədər sürətli, tam ağrısız və əməliyyatdan sonra bəzi pasiyentlərdə yüngül narahatlıq hiss edilən bir prosedurdur.

Prosedurdan sonra pasiyentlərdə hansı hallar ola bilər?

İnyeksiyadan sonra ağrı ümumiyyətlə müşahidə olunmasa da, gözdə yad cisim hissi, gözlərdə təzyiq kimi yüngül və qeyri-spesifik şikayətlər ola bilər. Bəzi hallarda yüngül sub-konjonktival qansızma və ya göz önündə “uçuşan qara nöqtələr” müşahidə oluna bilər. Bu hallar zaman keçdikcə azalır.

Bir neçə gün gözlərinizə toxunmamaq və hovuzda üzməmək vacibdir.

Ağrı və ya narahatlıq, gözdə qızartı, işığa həssaslığın artması və ya görmənin azalması hallarında təcili olaraq oftalmoloqa müraciət etmək lazımdır.

İnyeksiyanın riskləri nədir?

İnyeksiyadan sonra fəsadlaşma riskinin son dərəcə aşağı olmasına baxmayaraq, ən təhlükəli ağırlaşma göz içi infeksiyadır (endoftalmit). Əməliyyat otağında steril şəraitdə və aseptika qaydalarına ciddi riayət etməklə həyata keçirilən inyeksiyalarda risk minimuma endirilir. Digər fəsadlar çox nadir hallarda baş verə bilər və ciddi deyil.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq