Pterigium nədir, əlamətləri və müalicəsi necədir?
Pterigium – qanadabənzər pərdə konyunktiva qişasının (gözün selikli qişası) qırmızı, və ya ağ rəngli patoloji böyüməsinə və əsasən burun tərəfdən buynuz qişanın üzərinə doğru inkişaf edib, onunla birləşməsinə deyilir. Bu, həmçinin, gözün gicgah tərəfindən inkişaf edə, və ya hər iki gözdə baş verə bilər.
Qanadabənzər pərdənin böyüməsi zamanı ağrı müşahidə edilmir, patoloji vəziyyətin ağırlığı onun ölçülərindən asılıdır: pterigium nə qədər çox böyüyərsə, diskomfort (məsələn, gözlərin yaşarması, gıcıqlanması, qızarması və ya gözdə yad cisim hissiyatı) bir o qədər artıq hiss edilir. Daha ağır hallarda görmə üçün təhlükə yarana bilər, beləki, pterigium buynuz qişanı daha çox hissəsini əhatə etsə, bu astiqmatizmin əmələ gəlməsinə gətirib çıxara bilər.
Pterigiumun yaranma səbəbəri nədir?
Pterigiumun yaranma səbəbləri məlum deyil, lakin əsas risk faktoru kimi günəş şüalarının gözə uzun müddət təsiri və gözlərin quruluğu qəbul edilir. Beləliklə, pterigiumun açıq havada normadan artıq olan və isti, küləkli iqlimdə yaşayan insanlarda əmələ gəlmə riski daha çoxdur. Çirklənmiş ətraf mühit, toz, çirk, allergen və kimyəvi maddələrin təsiri də bu xəstəliyin yaranmasına təkan verə bilər.
Pterigiumun əlamətləri hansılardır?
İlkin mərhələdə pasiyent demək olar ki, heç bir diskomfort hiss etmir. Pterigium inkişaf etdikcə, yad cisim hissiyatı, gözlərin quruması və qıcıqlanması qeyd olunur. Dəyişmiş konyuktiva qişası iltihabı ödem, qızarma, göynəmə, yaşarma ilə müşayiət edilir.
Pterigiumun diaqnostikası necə aparılır?
Xəstəliyin diaqnostikası üçün heç bir xüsusi avadanlığa ehtiyac yoxdur. O,adətən göz almasının ön seqmentinin bio-mikroskopik müayinəsi ilə müəyyənləşdirilir.
Pterigiumun müalicəsi və profilaktikası necə aparılır?
Pterigiumun ölçüləri böyük olmazsa, adətən, müalicə tələb olunmur, lakin diskomfort hissini azaltmaq üçün nəmləndirici göz damcılarından istifadə edə bilərsiniz. Bu patologiyanın heç bir medikamentoz müalicəsi yoxdur.
Əgər pterigium böyüyərək, görmə nahiyəsinə çatarsa, cərrahi müdaxilə tələb olunur. Bu zaman konyuktivanın zədələnmiş hissəsi cərrahi yolla kəsilib götürülür və pasiyentin sağlam konyuktiva qişası ilə əvəz edilir (konyuktival autotransplantant). Bu əməliyyat yüksək dəqiqliklə həyata keçirilməlidir ki, zədələnmiş nahiyə tamamilə aradan qaldırılsın və residivin qarşısı alınsın.
Pterigiumun ən yaxşı profilaktikası gözlərin ultrabənövşəyi şüalardan keyfiyyətli qorunmasıdır. Belə ki, qanadvari pərdənin yaranmasına başlıca səbəb məhz budur. Bundan başqa, cərrahi müdaxilə tələb etməyən pterigium artıq mövcuddursa, pasiyent oftalmoloqun daimi nəzarətində saxlanılmalı və heç bir böyümənin olmadığını qeyd etməlidir. Digər tərəfdən, əgər böyümə inkişaf edərsə, həkimin nəzarəti vaxtında diaqnostikaya və pterigiumun görməyə sirayət etməzdən əvvəl aradan qaldırılmasına şərait yaradar. Bundan başqa, əvvəllər pterigium əməliyyatı keçirmiş pasiyentlər istənilən dəyişikliklərə qarşı diqqətli olmalı və hər hansı əlamət müşahidə olunarsa, mütləq oftalmoloqa müraciət etməlidirlər.