
Katarakta nədir, əlamətləri və müalicəsi
Katarakta nədir?
Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşır. Büllurun qabarıb, çökməsi bizim gözümüzə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. İnsan yaşa dolduqca büllurun şəffaflığı azalır və o, bulanmağa başlayır. Bulanmış büllur katarakta (mirvari suyu) adlanır. Katarktadan əziyyət çəkən şəxslərin görməsi onun bulanma dərəcəsindən asılıdır.
Katarakta kimlərdə əmələ gələ bilər?
Katarakta adətən 60 yaşdan yuxarı şəxslərdə əmələ gəlir. Katarkatanın əmələ gəlməsi yaşla əlaqədar normal dəyişikliklərdən biri kimi qəbul edilir. Katarakta cavan şəxslərdə də əmələ gələ bilər. Cavan şəxslərdə kataraktanın əmələ gəlməsinin əsas 2 səbəbi var: Şəkərli diabet (diabetik katarakta) və göz almasının travması. Bəzi dərman vasitələri də (steroidlər) kataraktanın əmələ gəlməsini tezləşdirə bilər.
Məndə kataraktanın olduğunu necə bilmək olar?
Kataraktası olan şəxslər adətən görmənin zəifləməsindən şikayət edirlər. Məsələn, kitab oxuyanda və yaxud maşın sürəndə əziyyət çəkirlər. Digər əlamət günəş işığından və ya hər hansı digər güclü işıqdan gözlərin qamaşmasıdır. Ancaq kataraktanın təyininin ən asan yolu təbii ki, oftalmoloq tərəfindən müayinə olunmaqdır.
Katarakta necə müalicə olunur?
Katarakta dərman vasitələri ilə müalicə olunmur. İnsanlar adətən kataraktanın lazer vasitəsi ilə təmizlənməsinin mümkünlüyü barədə düşünürlər. Bu düzgün deyil. Katarakta ultrasəs vasitəsi ilə dağıdılaraq mikroskop altında xüsusi mikrocərrahi alətlərin köməyi ilə gözün daxilindən təmizlənir və onun yerinə süni büllür yəni, linza qoyulur. Texniki cəhətdən uğurla həyata keçirilmiş əməliyyatlardan sonra görmə bərpa olunur.
Katarakta cərrahiyyəsi kim tərəfindən həyata keçirilir?
Əməliyyat oftalmoloq tərəfindən mikroskop altında xüsusi mikrocərrahi alətlərin köməyi ilə həyata keçirilir.
Katarakta cərrahiyyəsinin ağırlaşmaları
Katarakta cərrahiyyəsinin hansı ağırlaşmaları var?
Katarakta cərrahiyyəsi oftalmologiyada ən çox həyata keçirilən əməliyyatlardandır. 95 % hallarda əməliyyat ağırlaşmasız olur. Əməliyyatdan sonra adətən xəstələrin görməsi bərpa olunur. Bəzən isə əməliyyat ən təcrübəli cərrah tərəfindən həyata keçirildikdə belə istənilən nəticələri verməyə bilər. Xəstələr əməliyyata qərar verərkən qeyd olunanları nəzərdən qaçırmamalıdırlar. Katarakta cərrahiyyəsinin geniş yayılmış ağırlaşmaları aşağıda verilmişdir.
Endoftalmitlər
Endoftalmit göz almasının daxili qişalarının infeksiyalaşmasıdır.Hər bir cərrah mümkün gözdaxili infeksiyalaşma riskini azaltmaq üçün bir çox tədbirlər həyata keçirir. Beləki, əməliyyatdan əvvəl göz qapaqları və göz ətrafı dəri antiseptik məhlullarla təmizlənir, xəstənin əməliyyat olunacaq gözü istisna olmaqla üzü xüsusi örtüklə örtülür, xəstələrə əməliyyatdan sonra antibiotik tabletlər və göz damcıları təyin edilir. Əməliyyat zamanı istifadə olunan alətlərin hamısı steril olur. Bütün bu tədbirlərə baxmayaraq 3000 xəstədən 1-də endoftalmit baş verir. Endoftalmit zamanı göz kəskin qızarır, ağrı, işığa qarşı həssaslıq və görmənin azalması əlamətləri müşahidə olunur.
Sistoid makulyar ödem
Tor qişa göz almasının içərisini örtən işıq şüalarına həssas, kağız kimi nazık sinir toxumasıdır. Burada işıq şüaları elektrik siqnallarına çevrilərək beyinə göndərilir. Tor qişanı fotoaparatın lentinə də bənzətmək olar. Tor qişanın mərkəzi görməyə cavabdeh hissəsi makula adlanır. Katarakta cərrahiyyəsindən sonra bəzi hallarda iltihab nəticəsində damarlardan sızan maye makula nahiyyəsinə toplanaraq mərkəzi görmənin azalmasına səbəb olur. Bu sistoid makulyar ödem adlanır. Əgər bu baş verərsə, oftalmoloq bir sıra müayinələr həyata keçirərək makulyar ödemin müalicəsi üçün dərman vasitələri (steroid və qeyri-steroid iltihab əleyhinə preparatların damcıları) təyin edəcək. Bəzən göz almasının arxasına da steroid dərman vasitələri vurula bilər.Yaxşılaşma bir neçə həftədən, bir neçə ayadək müddət ərzində əldə oluna bilər.
Tor qişanın qopması
Tor qişanın qopması dedikdə, onun göz almasının arxa divarından qopması nəzərdə tutulur. Əgər tor qişada dəlik və ya cırıq olarsa, o zaman şüşəvari cisimdən maye həmin nahıyyədən tor qişanın altına keçərək onun qopmasına səbəb ola bilər. Maye həmin hissəyə toplandıqca qopan nahiyyənin əhatə etdiyi ərazi daha da artmış olur. Tor qişanın qopma baş vermiş hissəsində görmə itir. Tor qişanın qopması əməliyyat olunmamış yüksək dərəcəli miopiyası olan şəxslərdə də müşahidə oluna bilər. Katarakta cərrahiyyəsi tor qişanın qopma riskini artırır və 1.5 % hallarda müşahidə olunur. Əgər əməliyyatdan sonra göz önünə tədricən qara kölgənin və ya qara pərdənin gəlməsi müşahidə edilərsə, təcili oftalmoloqunuza müraciət edin.
Büllur materialının gözün içərisinə düşməsi
Bəzən əməliyyat zamanı büllur materialı göz almasının içərisinə-şüşəvari cismə düşə bilər. Adətən kiçik ölçülü büllur materialı düşərsə problem müşahidə olunmur. İri ölçülü büllur materialının şüşəvari cisimə düşməsi zamanı gözdə iltihab inkişaf edə bilər. Ona görə də oftalmoloq onu çıxarmaq üçün vitrektomiya adlanan ikinci əməliyyat həyata keçirməli və ya xəstəni bu əməliyyat keçirilən müəssisəyə göndərməlidir.
Xoroidal qansızma
Xorioideya gözün damarlı qişasıdır. Bəzən katarakta cərrahiyyəsi zamanı xorioideyada kəskin qansızma müşahidə oluna bilər. Bu zaman görmənin kəskin azalması baş verir.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Çalışın xəstəliyinizi ağırlaşdırmayın, çünki belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.
Katarakta – insanın gözündəki büllurun bulanması və bununla da görmənin pozulmasına səbəb olan patologiyadır. Katarakta yaşla əlaqədar problem olub, adətən 80 yaşından sonra inkişaf edir. Bu yaşda ölkəmizin əhalisinin 50%-nin gözündə katarakta olur, və ya artıq onlar katarakta əməliyyatına məruz qalırlar. Katarakta bir, və ya hər iki gözdə müşahidə oluna bilər, ancaq heç vaxt bir gözdən başqasına keçməz.
Büllur – gözün daxilində şəffaf, hər iki tərəfi qabarıq linzanı xatırladan bir üzv olub, işıq şüalarını və ya təsviri tor qişanın üzərinə fokuslamağa kömək edir. Tor qişa gözün kökündə işığa həssas toxumadır. Normal gözdə işıq şüaları büllurdan keçib, tor qişanın üzərinə düşür. Tor qişanın dəqiq təsvir əldə etməsi üçün büllurun şəffaf olması şərtdir. Əgər katarakta nəticəsində büllur şəffaflığını itirərsə, görmə dumanlanar, hətta tam itə bilər.
Yaşla əlaqədar büllurda bulanmış zülal kütlələri işıq şüalarının tor qişaya düşməsinə mane olur. Büllur əsasən su və zülaldan ibarətdir. Zülal bulandıqca işıq şüalarının gözə daxil olmasına maneə yaradır. Bulanma artdıqca görmə azalır. Yaşla əlaqədar kataraktalar belə inkişaf edir. Katarakta kiçik ölçülü olanda pasiyent onu hiss etməyə bilər. Katarakta tədricən inkişaf etdiyindən, görmə də tədricən bulanır.
Yaş artdıqca katarakta riski də artır. Digər risk faktorlarına aiddir:
- Bəzi somatik xəstəliklər (məsələn: şəkərli diabet – (diabetik katarakta));
- Zərərli vərdişlər (siqaret çəkmə və alkoqol qəbulu);
- Ətraf mühit faktorları (günəşin uzun müddətli ultrabənövşəyi təsiri)
- Dumanlı və yayınıq görmə;
- Solğun rənglər;
- İşıq mənbəyinin qıcıqlandırıcı təsiri. Bəzən insan işıq mənbəyinin ətrafında areollar görür;
- Gecə görmənin pozulması;
- Gözdə təsvirin ikiləşməsi;
- Eynək göstəricilərinin tez-tez dəyişməsi;
Qeyd edilən şikayətlər digər göz xəstəliklərində də müşahidə oluna bilər. Odur ki, diaqnozun dəqiqləşdirilməsi üçün göz müayinəsi çox vacibdir.
Bəli, var. Katarakta əsasən yaşla əlaqədar inkişaf edir, ancaq bəzi nadir rastlanan katarakta növləri də var:
İkincili katarakta: gözdə həyata keçirilən bir sıra əməliyyatlardan sonra, xüsusən də anti-qlaukomatoz əməliyyatlardan sonra inkişaf edə bilər. Şəkərli diabeti olan xəstələrdə də ağırlaşmış katarakta (diabetik katarakta) müşahidə oluna bilər.bundan əlavə steroid tərkibli dərman preparatlarının qəbulundan sonra da katarakta inkişaf edir.
Travmatik katarakta: travmadan sonra gözdə katarakta inkişaf edə bilər. Buna bəzən illər lazımdır.
Anadangəlmə katarakta: bu kataraktalar gözün inkişaf qüsuru kimi qiymətləndirilir. Bəzən çox kiçik ölçülü olduğu üçün görməyə təsir etmir, ancaq görməyə təsir edən hallarda mütləq əməliyyat olunmalıdır.
Şüa kataraktası: müxtəlif mənşəli şüaların təsirindən inkişaf edə bilər.
Katarakta diqanozu qoymaq üçün göz tam müayinə olunmalıdır:
- Görmə itiliyinin yoxlanılması;
- Göz dibinin dərmanla genəldilmiş bəbəklə müayinə olunması;
- Gözdaxili təzyiqin ölçülməsi.
Bundan başqa bir sıra başqa müayinə üsulları var ki, oftalmoloqa diaqnozun qoyuluşuna kömək edir.
Başlanğıc mərhələdə xəstələrə eynək yazıb görmələrini yaxşılaşdırmaq olar. Bulanma görməyə çox təsir etdikdə yeganə müalicə gözdaxili linzanın implantasiyası ilə həyata keçirilən cərrahi əməliyyatdır.
