XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu.

21 Fevral 2025

İlk dəfə 2006-cı ildə keçirilən Gənc Oftalmoloqlar Konfransı (GOK) artıq 19 ildir ki, mütəmadi olaraq təşkil edilir. İllər öncə bu konfranslarda gənc oftalmoloqlar qismində məruzə edən gənclər bugün artıq öz sözünü demiş mütəxəssislər kimi fəaliyyət göstərir, dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq tədbirlərdə iştirak edərək vətənimizi, vətənimizin oftalmologiya elmini və ən əsası hər zaman gənclərə dəstək olub, yol göstərən dəyərli müəllimlərimizi layiqincə təmsil edirlər. Bu gözəl ənənə ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına olan xüsusi diqqətin bariz nümunəsi olaraq yenə də davam etdirilir.

Azərbaycan oftalmologiyasının gələcəyini formalaşdıran gənc mütəxəssislər üçün mühüm bir platforma olan XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransı və Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu 21 fevral 2025-ci il tarixində Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində baş tutdu.

Bu ilki konfrans görkəmli alim, tibb elmləri doktoru Münəvvər xanım Qasımovanın anadan olmasının 100 illiyinə həsr olunmuşdu. Münəvvər xanım Qasımova Azərbaycan oftalmologiyasında mühüm iz qoymuş, görmə üzvünün sağlamlığının qorunması sahəsində bir çox yeniliklərə imza atmış alimlərdən biri olub. Onun elmi və klinik fəaliyyəti bu gün də oftalmoloqlar üçün ilham mənbəyi olaraq qalır.

Oftalmologiyamızın gələcəyi olan gənc mütəxəssislər daim Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin rəhbərliyinin və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin diqqət mərkəzindədir. Cəmiyyətin sədri Prof. Elmar Qasımov ölkəmizdə gənc oftalmoloqların peşəkar inkişafına hər zaman dəstək verir. Gənc oftalmoloqların dünya standartlarına cavab verə biləcək mütəxəssislər kimi formalaşması üçün şəraitin yaradılması, həmçinin gənclərin nəzəri və klinik biliklərinin təkmilləşdirilməsi cəmiyyətin prioritet məsələlərindəndir. Hər il mütəmadi olaraq gənc oftalmoloqlar konfransının təşkil olunması isə bu fəaliyyətin əvəzsiz atributudur.

Konfransın açılışı zamanı AOC Gənc Oftalmoloqlar komitəsinin koordinatoru Dr. Emin Əlihüseynli komitənin təsis edilməsi, gənclərin komitənin işinə cəlb edilməsi, həmçinin gələcək planlar barədə iştirakçılara məlumat verdi. T.e.d. Münəvvər xanım Qasımovanın anadan olmasının 100 illiyinə həsr olunmuş filmin nümayişindən sonra AOC Gənc Oftalmoloqlar Komitəsinin sədri t.ü.f.d. Mirana Mirişova açılış nitqi ilə çıxış etdi. Açılış mərasimində Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin İdarə Heyətinin üzvü t.e.d. Hicran Namazovaya “Gənc Oftalmoloqların Dostu” fəxri adının kuboku və diplomu təqdim edildi. “Gənc Oftalmoloqların Dostu” fəxri adı ildə bir dəfə ölkəmizdə gənc oftalmoloqların inkişafına xüsusi diqqət və dəstək göstərmiş şəxslərə təqdim edilir.

XVI Azərbaycan Gənc Oftalmoloqlar Konfransından sonra, günün ikinci yarısı Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu keçirildi. Azərbaycan Gənc Oftalmoloqlarının II Forumu Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, əməkdar elm xadimi, AMEA-nın müxbir üzvü, t.e.d. Prof. Elmar Qasımovun dəstəyi ilə təşkil edilmiş tədbirin əsas məqsədi gənc mütəxəssislərin qarşılaşdığı problemlərin həllinə yaxından köməklik göstərmək, beynəlxalq oftalmoloji aləmdə gənclərin professional inkişafına yönəlmiş faydalı resursları onların diqqətinə çatdırmaq, praktik oftalmologiyada kövrək addımlarını atan gənc oftalmoloqlara bu sahədə artıq sözünü demiş, müəyyən bilik və təcrübəyə malik mütəxəssislərlə fikir mübadiləsinin həyata keçirmək üçün şəraitin yaradılmasından ibarətdir.

Dostluq və qardaşlıq atmosferində keçən konfrans yalnız elmi proqramı ilə deyil, həmçinin zəngin sosial proqramı ilə də iştirakçıların yaddaşına həkk olundu. Gənc oftalmoloqların növbəti konfransı 21 noyabr 2025-ci ildə Bakıda, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçiriləcək. Rəsmi sloqanı “Oftalmologiya və süni intellekt” olan konfrans tanınmış oftalmoloq-alim, Prof. Zəhra xanım Quliyevanın xatirəsinə həsr olunacaq.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq