
Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr edilmiş beynəlxalq oftalmoloji konfrans
28 aprel 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş “Oftalmologiyanın aktual problemləri” mövzusunda beynəlxalq elmi-praktiki konfransın ilk günü keçirildi.
Tədbirdə Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan və Özbəkistandan gəlmiş görkəmli oftalmoloqlar iştirak edirdilər.
Daha sonra Heydər Əliyev Mərkəzində görkəmli akademik Zərifə Əliyevanın anadan olmasının 100 illiyinə həsr edilmiş konsert proqramı təqdim olundu. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva konsertdə iştirak edirdiər.
29 aprel 2023-cü il tarixində Konfrans Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində və Heydər Əliyev Mərkəzində keçirildi.
Konfransda Azərbaycan alimləri ilə yanaşı, Türkiyə, Rusiya, İsrail, Ukrayna, Gürcüstan, Avstriya, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən gəlmiş qonaqlar iştirak edirdilər.
Belə ki, konfransda səhiyyə nazirinin müavini Nadir Zeynalov, Rusiyadan Rusiya Tibb Elmləri Akademiyasının akademikləri Brovkina A.F., Moşetova L.K., İsraildən Markov N.V., Türkiyədən Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin (TCOD) Onursal Başqanı Op. Dr. Duman S. T, TCOD Genel Başkanı, prof. Gelişken Ö., Türk Oftalmoloji Dərnəyinin (TOD) Genel başqanı, prof. Ziya Kapran, Qazaxıstandan Sarsembekova K.T., Avstriyadan Abela-Formanek C. və digər professor və mütəxəssislər iştirak edirdilər.
Dr. Emin Əlihüseynli konfransda moderator və məruzəçi kimi iştirak etdi, “Dünyanın aparıcı ölkələrində oftalmoloji təhsilin artırılmasında rəqəmsal texnologiyaların tətbiqi və onun Azərbaycan modeli” adlı məruzəni konfrans iştirakçılarının diqqətinə təqdim etdi.
Konfransda “Kataraktanın fakoemulsifikasiyası zamanı büllur nüvəsinin qırılması texnikası haqqında”, “Qlaukomalı xəstələrdə mikropuls rejimində transskleral diod lazer siklofotokoaqulyasiyasının aparılmasına fərdi yanaşmanın işlənib hazırlanması”, “Müasir neft sənayesində çalışan işçilər arasında oftalmopatologiyaların öyrənilməsi və onların yaranma riskinin qiymətləndirilməsi”, “Refraktiv cərrahiyyədən əvvəl retinanın qiymətləndirilməsinin əhəmiyyəti”, “Kapsul kisəsi olmadıqda İOL implantasiyası” və s. mövzularda məruzələr dinlənildi.
