“Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans
El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir. Bütün dünyada geri dönməz görmə itkisinə səbəb olan göz xəstəlikləri arasında qlaukoma 1-ci yerdədir. Xəstəliyin ciddiliyi və ağırlığını nəzərə alaraq hər il mart ayının ikinci həftəsini bütün dünyada “Qlaukoma həftəsi” kimi qeyd edilərək ictimaiyyət məlumatlandırılır.
Dünyanın bir çox ölkələrində “Beynəlxalq Qlaukoma Həftəsi” bu il martın 12-dən 18-dək keçirilir. “Qlaukoma Həftəsi” Dünya Qlaukoma və Dünya Qlaukomalı Xəstələr assosiasiyaları arasında ortaq təşəbbüsdür.
10 mart 2023-cü il tarixdə “Beynəlxalq Qlaukoma həftəsi” çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə “Qlaukomanın müasir diaqnostikası və müalicəsi” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda regionlardan, mərkəzdən və digər təşkilatlardan olan oftalmoloqlar canlı, Türkiyədən olan mütəxəssislər isə onlayn formatda məruzələrini təqdim etdilər.
Konfransda Dr. Emin Əlihüseynli “Qlaukoma üzrə klinik halların təqdimatında interaktiv texnologiyaların tətbiqi” adlı məruzə ilə çıxış etdi.
Təqdimatlardan sonra mövzular ətrafında müzakirələr aparıldı.
Konfrans zəngin elmi proqramı, xoş atmosferi və maraqlı müzakirələri ilə iştirakçıların diqqətini cəlb etdi.