Akademik Zərifə Əliyevanın 100 illiyinə həsr olunmuş Azərbaycan Retinoloqlarının VIII Konfransı.

17 Dekabr 2023

16 dekabr 2023-cü il tarixdə Bakıda, Akad. Z. Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Azərbaycan Retinoloqlarının VIII Konfransı keçirildi. Konfransda tor qişa xəstəliklərinin diaqnostikası, müalicəsi və cərrahiyyəsində dünyada tətbiq edilən son yeniliklərdən və həkimlərin gündəlik praktik fəaliyyətlərində qarşılaşdığı maraqlı klinik hallardan ibarət məruzələr dinlənildi, həmçinin tor qişada həyata keçirilən bir sıra maraqlı cərrahi əməliyyatların videoları nümayiş etdirildi.

T.e.d. Müşfiq Kərimov “Fakovitrektomiya cərrahiyyəsi. Klinik aspektlər” mövzusunda mühazirə ilə çıxış edərək, kombinə katarakta və vitrektomiya cərrahiyyəsi barədə konfrans iştirakçılarına geniş məlumat verdi.

T.ü.f.d. Lalə Axundova “Mürəkkəb diabetik retinopatiyalarda müalicə taktikası” mövzusunda dəyirmi masa tipli diskussiya təşkil etdi. Diskussiyada Azərbaycanda tibbi və cərrahi retina üzrə tanınmış mütəxəssislər iştirak etdilər. Dəyirmi masa həm dinamizmi, həm də yüksək informativliyi ilə konfrans iştirakçıları tərəfindən yüksək qiymətləndirildi.

Zəngin elmi proqramı ilə yanaşı bu ilki konfrans həm də maraqlı müsabiqələrin keçirilməsi ilə yadda qaldı. Beləki, bu ilki konfransda iki nominasiya üzrə müsabiqə keçirildi. Maraqlı klinik hallardan ibarət 12 müəllifin təqdim etdiyi və 23 fotodan ibarət foto müsabiqənin qalibi konfrans iştirakçıları tərəfindən on-line səsvermə ilə, “Ən maraqlı klinik hal” nominasiyası üzrə müsabiqənin qalibi isə münsiflər heyətinin üzvlərinin iştirakı ilə on-line səsvermə ilə həyata keçirildi.

Səsvermə Müasir Oftalmologiyanın İnkişafına Yardım Birliyinə (MOİYB) məxsus on-line səsvermə sisteminin tətbiqi ilə baş tutdu. Səsvermə saat 17:00-da yekunlaşdı və MOİYB-nin sədri Dr. Emin Əlihüseynli nəticələri konfrans iştirakçılarının diqqətinə təqdim etdi.

Münsiflər heyəti tərəfindən seçilən “Ən maraqlı klinik hal” nominasiyasının qalibi Akad. Z. Əliyeva adına MOM-dan Dr. Cəmilə Axundova, foto müsabiqənin qalibi isə ATU Oftalmologiya kafedrasından Dr. Gülnar Əliyevanın olduğu elan olundu və qaliblərə xüsusi hədiyyələr təqdim edildi.

Oftalmoloji təhsilin artırılması hər bir oftalmoloqun yalnız özü üçün əldə edəcəyi fayda deyil, eyni zamanda görmənin qorunması və geri dönməz görmə itkisi ilə mübarizədə əsas amildir və bu işdə konfransların əvəzsiz rolu var.

Konfransın sonunda MOİYB-nin sədri Dr. Emin Əlihüseynli daha bir faydalı və yadda qalan konfrans münasibətiylə Azərbaycan Retinoloqlarının VIII Konfransının təşkilat komitəsinin üzvlərini təbrik edib, təşkilat komitəsinin sədri Dr. Müşfiq Kərimova xatirə kristalı təqdim etdi.

Konfransın sonunda xatirə fotosu çəkdirildi.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq