Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı Naxçıvan şəhərində keçirildi
16 Dekabr 2022
Dekabrın 16-sı Naxçıvan Mərkəzi Xəstəxanasında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin X Regional Konfransı keçirildi. Konfransın 1-ci hissəsində Dr. Emin Əlihüseynli moderator qismində iştirak etdi.
Konfransın keçirilməsində məqsəd oftalmologiya sahəsində baş verən yenilikləri, nailiyyətləri araşdırmaq, təkliflər vermək və ən son yeniliklərin tətbiqində region həkimlərinin iştirakını təmin etməkdən ibarətdir.
Konfransın 2-ci hissəsində Dr. Emin Əlihüseynli “Adenovirus keratokonyunktivitlərinin müalicəsi: problemlər və həll yolları” adlı məruzə ilə çıxış etdi.
İnsan adenovirusu (HAdV) infeksion konyunktivitlərin ən çox yayılmış səbəbidir, bütün konyunktivit hallarının 75%-ə qədərini təşkil edir, həmçinin bütün yaş və demoqrafik qruplarda rast gəlinir. Göz mənşəli ağırlaşmalara əlavə olaraq, qastroenterit, tənəffüs yolları xəstəlikləri və immun çatışmazlığı olan insanlarda generalizə olunmuş şəkildə sistemli infeksiyalara səbəb ola bilər. HAdV konyunktiva və buynuz qişanın mukoepitelial hüceyrələrinin litik infeksiyasına, həmçinin limfoid və adenoid hüceyrələrin gizli infeksiyasına səbəb olur.
Adenovirus konyunktivitlərinin müalicəsi ilə bağlı bir sıra problemlər var. Bu məsələlərin bəzilərinin həlli yolları olsa da, standart protokolu müəyyən etmək üçün daha çox araşdırma tələb olunur.
Məruzə iştirakçıların marağına səbəb oldu və problem ətrafında fikir mübadiləsi həyata keçirildi.