Diabetik katarakta nədir? Əlamətləri, yaranma səbəbi və müalicəsi barədə.

Diabetik kataraktaşəkərli diabet xəstələrində karbohidrat mübadiləsinin pozulması fonunda büllurun bulanması ilə xarakterizə olunur. Onun əsas əlamətlərinə göz önündə uçuşan qara nöqtələr, ikigörmə, görmənin pisləşməsi və dumanlanması aiddir. Diaqnozun qoyulması üçün görmə itiliyinin təyini, auto-refrakto-keratometrik müayinə, göz almasının ön və arxa seqmentinin biomikroskopiyası, A-skan rejimində ultrasəs müayinəsi aparılır. Konservativ müalicə riboflavin, nikotin və askorbin turşusu, sitoxrom-C əsaslı preparatların təyininə əsaslanır. Cərrahi müdaxilə kataraktanın ekstraksiyasından və intraokulyar linzanın implantasiyasından ibarətdir.

Statistik məlumatlara əsasən diabetik katarakta qlükozaya qarşı tolerantlığın pozulmasından əziyyət çəkən xəstələrin 16,8%-də müşahidə olunur. 40 yaşdan yuxarı şəxslərin 80%-də disfunksiya qeyd olunur. Kataraktanın yayılmasının ümumi strukturunda diabetik formanın payı 6%-dir. Bu göstərici hər il artmaqda davam edir. Şəkərli diabetin 2-ci tipində büllurun patoloji dəyişikliklərinə 1-ci tiplə müqayisədə 37,8% çox rast gəlinir. Xəstələr arasında qadınlar üstünlük təşkil edir.

Diabetik kataraktanın yaranma səbəbləri nədir?

Diabetik kataraktanın başlıca yaranma səbəbi şəkərli diabetin I və II tipində qanda qlükoza səviyyəsinin yüksəlməsidir. İnsulindən asılı diabetdə xəstəliyin klinik şəkli cavan yaşlarda aşkarlanır. Bu da mütləq və ya nisbi insulin çatışmazlığı fonunda xroniki hiperqlikemiya ilə bağlıdır. Belə hallarda hüceyrələrin insulinlə qarşılıqlı əlaqəsi pozulur.

Kataraktanın yaranma riski diabetik «stajdan» asılıdır. Şəkərli diabetin inkişaf dövrü nə qədər uzun olarsa, büllurun bulanma ehtimalı bir o qədər yüksək olur. Hipoqlikemik preparatların ağızdan qəbulunun insulinin dərialtı yeridilməsinə kəskin keçidi kataraktanın yaranmasına təkan verə bilər. Qeyd etmək lazımdır ki, karbohidrat mübadiləsinin disfunksiyası vaxtında və düzgün şəkildə kompensasiya olunduqda bu cür pozğunluqların qarşısını almaq mümkündür.

Diabetik kataraktanın patogenezi necədir?

Sübut olunmuşdur ki, qanda şəkərin konsentrasiyası artdıqda bu maddəyə gözdaxili mayenin tərkibində rast gəlinir. Diabetin dekompensasiyası zamanı dekstrozanın mənimsənilməsinin fizioloji qlikolitik yolu pozulur. Bu isə onun sorbitola çevrilməsinə səbəb olur. 6-atomlu spirtin (sorbitol) hüceyrə membranlarından keçə bilməməsi osmotik stress yaradır. Qlükozanın göstəriciləri uzun müddət norma səviyyəsindən yüksək olduqda, sorbitol büllürda toplanaraq, onun şəffaflığının azalmasına gətirib çıxarır.

Büllurun daxilində aseton və dekstrozanın həddindən artıq yığılması zülalların işığa qarşı həssaslığını gücləndirir. Fotokimyəvi reaksiyalar lokal bulanıqlığın əsasını təşkil edir. Osmotik təzyiqin yüksəlməsi izahi hidratasiya və ödemin inkişafı ilə nəticələnir. Metabolik asidoz proteolitik fermentlərin aktivliyini stimulə etməklə, proteinlərin denaturasiyasına səbəb olur. Xəstəliyin patogenezində kirpik çıxıntılarının degenerasiyası və ödem mühüm rol oynayır. Belə hallarda büllurun trofikası əhəmiyyətli dərəcədə pozulur.

Diabetik kataraktanın təsnifatı necədir?

Bulanmanın dərəcəsinə görə diabetik katarakta 4 tipə ayrılır: başlanğıc, yetişməmiş, yetişmiş və ifrat yetişmiş. Xəstəliyin həmçinin birincili və ikincili (ağırlaşmış) formaları qeyd edilir. Büllurun kapsulunda və maddəsində gedən patoloji dəyişikliklər mübadilə pozğunluqlarına aid edilir.

Diabetik kataraktanın 2 əsas forması mövcuddur:

  • Həqiqi. Patologiyanın inkişafı karbohidrat mübadiləsinin pozulması ilə əlaqədar baş verir. Həqiqi forma cavanlarda aşkarlana bilər. Anamnezində şəkərli diabet olan 60 yaşdan yuxarı şəxslərdə differensial diaqnostika çətinliklər törədir.
  • Senil. Şəkərli diabetdən əziyyət çəkən yaşlı insanlarda büllurun quruluşunda dəyişikliklər yaranır. Xəstəlik üçün ikitərəfli gediş, proqressivləşməyə meyllik xarakterikdir.

Diabetik kataraktanın əlamətləri hansılardır?

Klinik simptomatika kataraktanın mərhələsindən asılıdır. Başlanğıc mərhələdə görmə qabiliyyəti pozulmur. Pasiyentlər yaxın məsafədən işlədikdə görmənin yaxşılaşmasını qeyd edirlər. Bu da büllurun miopizasiyası ilə yəni, gözdə yalançı mənfi göstəricinin yaranmasıyla bağlı olub, patologiyanın patoqnomik əlaməti sayılır. Bulanıqlığın həcmi artdıqda xəstələr göz önündə uçuşan qara nöqtələrdən, diplopiyadan (görmənin ikiləşməsi) və işığa qarşı yüksək həssaslıqdan şikayət edirlər. İşıq mənbəyinə baxdıqda rəngli dairələr əmələ gəlir.

Yetişmiş formada görmə itiliyi kəskin şəkildə, hətta işıq duyğusuna qədər azalır. Pasiyentlərdə mərkəzi görmə itirildiyindən məkanda oriyentasiya xeyli çətinləşir. Bəbək nahiyyəsində ağ rəng alan büllur görünür. Bununla əlaqədar bəbəyin rəngi əksər hallarda dəyişir. Eynək korreksiyası görmə disfunksiyasını tam şəkildə kompensasiya etmir. Hər iki göz zədələnsə də, sağ və sol tərəfdəki əlamətlər bir-birindən fərqli olur.

Diabetik kataraktanın ağırlaşmaları hansılardır?

Diabetik kataraktanın neqativ nəticələri büllurda gedən patoloji dəyişikliklərdən çox, karbohidrat mübadiləsinin pozulması ilə bağlı olur. Xəstələrdə makulyar ödemlə müşayiət edilən diabetik retinopatiyanın yaranma ehtimalı yüksək olur. Yetişmiş kataraktalarda lazer fakoemulsifikasiyanın yerinə yetirilməsi arxa kapsulun cırılması ilə nəticələnə bilər. Əksər pasiyentlərdə əməliyyatdan sonrakı dövrdə iltihabi ağırlaşmalar: kerato-konyunktivit və endoftalmit müşahidə edilə bilər.

Diabetik kataraktanın diaqnostikası necə aparılır?

Diabetik kataraktadan əziyyət çəkən pasiyentin müayinəsi kompleks şəklində aparılmalıdır. Gözün ön seqmenti ilə yanaşı torlu qişaya da baxış keçirilir. Çünki şəkərli diabet zamanı gözün daxili qişasının zədələnmə riski yüksəkdir. Mütləq qaydada qanda şəkərin və qlükozalaşmış hemoqlobinin səviyyəsi təyin edilməli, qlükoza tolerant testi yerinə yetirilməlidir. Oftalmoloqun konsultasiyasına adətən aşağıdakı instrumental diaqnostik prosedurlar daxil olur:

  • Görmə itiliyinin təyini. Vizometriya üsulu ilə uzağı görmənin zəifləməsi aşkarlanır. 30-40 sm-lik məsafədən işlədikdə diskomfort müşahidə edilmir. Yaş artdıqca presbiopik dəyişikliklər proqressivləşir. Eyni zamanda xəstəlik yaxını görmənin qısamüddətli yaxşılaşmasına gətirib çıxarır.
  • Biomikroskopiya. Ön və arxa kapsulun səthində nöqtəvi və pambığabənzər bulanıqlar vizualizasiya olunur.
  • Kompüter refrakto-keratometriyaXəstəliyin proqressivləşməsi miopik tipli klinik refraksiyanın formalaşmasına səbəb olur. Bunun üçün kompüter refraktometriya icra edilir.
  • Göz dibinə baxış. Göz dibinin stereo-biomikroskopik müayinəsi diabetik retinopatiya və görmə sinirinin zədələnməsini inkar etmək məqsədilə həyata keçirilir. Total katarakta zamanı optik mühitlərin şəffalığının azalması nəticəsində bu müayinənin aparılması xeyli çətinləşir.
  • Ultrasəs müayinəsi.Gözün ultrasəs müayinəsi (А-skanlama) göz almasının ön-arxa oxunun (ÖAO) ölçüsünü təyin etməyə imkan verir. Bu yolla miopizasiyanın səbəbi aydınlaşdırılır. Diabetik kataraktada ÖAO norma səviyyəsində olur. İfadəli bulanıqlıqlarda büllurun ölçüsü böyüyür. Həmçinin bu müayinə ilə gələcəkdə göz daxilinə implantasiya ediləcək intraokulyar linzanın qüvvəsi hesablanır.

Diabetik kataraktanın müalicəsi necə aparılır?

Başlanğıc mərhələlərdə müalicənin məqsədi qlükozaya qarşı tolerantlığın yaxşılaşdırılması və şəkərli diabetin kompensasiyasından ibarətdir. Karbohidrat mübadiləsini normaya salmaq üçün pəhriz, peroral antihiperqlikemik preparatlar və insulin inyeksiyaları təyin edilir. Vaxtında aparılan dərman malicəsi kataraktanın inkişaf dinamikasına müsbət təsir göstərir, onun hissəvi və ya tam rezorbsiyasını təmin etməsə də, prossesi qismən ləngitməyə kömək edir. Kobud bulanıqlıqlarda büllurun şəffaflığını hətta hissəvi şəkildə bərpa etmək mümkün olmur.

Patologiyanın proqressivləşməsinin qarşısını almaq üçün riboflavin, askorbin və nikotin turşusu tərkibli damcıların istifadəsi məsləhət görülür. Kataraktanın yetişməmiş formasında sitoxrom-C əsaslı preparatlardan, qeyri-üzvi duzlar və vitaminlərin kombinasiyasından istifadə edilə bilər.

Cərrahi müalicə büllurun mikrocərrahi yolla xaric edilməsindən (ultrasəs fakoemulsifikasiya) və intraokulyar linzanın kapsula implantasiyasından ibarətdir. Əməliyyat pasiyentin görmə qabiliyyəti 40%-dən aşağı olduqda yerinə yetirilə bilər. Başlanğıc mərhələlərdə cərrahi müdaxilə yalnız kataraktanın diabetik retinopatiya zamanı daxili qişanın lazer koaqulyasiyasını və ya vitreoretinal əməliyyatın  aparılmasını çətinləşdirdiyi hallarda məqsədəuyğun sayılır.

Diabetik kataraktanın proqnozu  və profilaktikası necədir?

Proqnoz diabetik kataraktanın mərhələsindən asılıdır. Adətən başlanğıc mərhələlərdə müalicə bulanıqlığın proqressivləşməsinin tormozlanması ilə nəticələnir. Yetişmiş kataraktalarda itirilmiş funksiyalar yalnız cərrahi yolla bərpa oluna bilər.

Xəstəliklə müalicə üçün spesifik profilaktika işlənilib hazırlanmamışdır. Qeyri-spesifik preventiv tədbirlər qanda qlükoza səviyyəsinə nəzarət edilməsindən, xüsusi pəhrizə riayət olunmasından, 6 ayda 1 dəfə oftalmoloji müayinələrin aparılmasından ibarətdir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Çalışın xəstəliyinizi gecikdirməyin, çünki belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq