
Diabetik retinopatiya nədir və müalicə oluna bilirmi?
Diabetik retinopatiya nədir?
Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir.
Diabetik retinopatiyanın 2 mərhələsi mövcuddur: qeyri-proliferativ və proliferativ. Qeyri-proliferativ diabetik retinopatiya zamanı xəstələrin görməsi normal ola bilər. Zədələnmiş damar divarından maye sıza bilər. Bu zaman damar divarından qanın tərkibindən piy və zülal hissəcikləri tor qışaya sızaraq onun səthində ləkələr şəklində çökür. Qanın sızması nəticəsində tor qişada müxtəlif qansızmalar müşahidə oluna bilər. Əgər maye göz dibinin mərkəzinə – makula adlanan hissənə sizarsa (makulyar ödem adlanır), bu zaman həmin nahiyyənin şişməsi və mərkəzi görmənin kəskin azalması baş verir.
Proliferativ diabetik retinopatiya zamanı yeni əmələ gələn anormal qan damarları tor qişanın səthi boyunca böyüməyə başlayırlar. Adətən bu damarlar göz almasının daxili boşluğunu dolduran jeleşəkilli maddənin- şüşəvari cisimin içərisinə doğru inkişaf edir. Yeni əmələ gəlmiş damarların divarı çox kövrək olduğundan onlar tez-tez deşilərək görmənin kəskin azalmasına səbəb olan qansızmaların əmələ gəlməsinə səbəb olurlar. Bundan əlavə yeni damarlar boyunca əmələ gələn fibroz toxuma (çapıq toxuması) da görmənin azalmasına səbəb olur. Beləki, fibroz toxuma inkişaf etdikcə tor qişanı dartaraq onun dartılaraq qopmasına səbəb olur.
Kimlərdə diabetik retinopatiya baş verə bilər?
I tip (insulin istifadə edən xəstələr) və II tip (qanda şəkəri salan dərman vasitələri qəbul edən xəstələr) şəkərli diabetdən əziyyət çəkən xəstələr diabetik retinopatiyadan əziyyət çəkə bilərlər. Diabetik retinopatiya 20-74 yaş arasında olan xəstələrin kor olmasının əsas səbəblərindəndir.
Mənim diabetik retinopatiyadan əziyyət çəkdiyimi necə təyin edə bilərəm?
Bəzən xəstələr özləri də bilmədən onların göz dibində diabetik retinopatiya durmadan proqressivləşir. Buna görə də diabeti olan xəstələr hər 6 aydan bir oftalmoloq tərəfindən müayinə olunmalıdırlar.
Diabetik retinopatiya müalicə oluna bilərmi?
Ən yaxşı müalicə profilaktikadır. Qanda şəkərin miqdarının yüksəlməsi diabetik retinopatiyanın proqressivləşməsinin əsas səbəbidir. Qeyri-proloferativ və ağırlaşmamış proliferativ diabetik retinopatiya gözdaxili inyeksiyalar və lazer fotokoaqulyasiyasının vasitəsi ilə, ağırlaşmış proliferativ diabetik retinopatiyalar isə vitrektomiya əməliyyatının vasitəsi ilə müalicə oluna bilər.
Diabetik retinopatiyası olan xəstələri hansı ixtisasdan olan həkimlər müalicə etməlidir?
Diabetik retinopatiya oftalmoloqlar tərəfindən müalicə olunur. Şəkərli diabet göz dibini zədələməklə yanaşı diabetik kataraktaya, gözün damarlı qişasının iltihabına (uveitlər), görmə sinirinə və gözün hərəki sisteminə zədələyici təsir edə bilər. Ona görə də şəkərli diabeti olan şəxslər hər 6 aydan bir göz həkiminin müayinəsindən keçməlidirlər.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Çalışın xəstəliyinizi ağırlaşdırmayın, çünki belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.
