Göz yaşı burun kanalının darlığı – Dakriostenoz nədir?

Dakriostenoz – (qədim yunan dilində dakrio – göz yaşı, stenoz daralma deməkdir) göz yaşı yollarının patoloji daralmasıdır. Xəstəliyin anadangəlmə və qazanılmış formaları ayırd edilir. Hər iki forma demək olar ki, eyni əlamətlərlə: gözün sulanması və irinli ifrazatın axması ilə müşahidə edilir. Diaqnozun qoyulmasında rutin oftalmoloji müayinələrdən (biomikroskopiya, vizometriya, tonometriya) və xüsusi müayinə üsullarından (kanal sınağı, göz yaşı yollarının diaqnostik yuyulması və kontrast rentgenoqrafiyası) istifadə olunur. Dakriostenozun müalicəsi ilkin mərhələdə konservativ (göz damcıları) yolla aparılır. Heç bir nəticə əldə olunmadıqda göz yaşı yolları cərrahi yolla genişləndirilir, və ya göz yaşının normal axınını bərpa etmək üçün göz yaşı kisəsi ilə burun boşluğu arasında yeni yol yaradılır (Dakrio-sisto-rinistomiya əməliyyatı).

Dakriostenoz barədə ümumi məlumat

Dakriostenoz – göz yaşı yollarının patoloji daralması olub, göz yaşı mayesinin burun boşluğuna axınının pozulması ilə xarakterizə edilir. Xəstəliyin anadangəlmə formasına yenidoğulmuşların (əsasən vaxtından qabaq doğulmuşlar) və 1 yaşa qədər uşaqların 6%-də rast gəlinir. Anadangəlmə dakriostenoz göz yaşı kisəsi iltihabının (dakriosistit) əsas səbəbi sayılır. Patoloji vəziyyət oğlan və qız uşaqlarında eyni tezliklə müşahidə edilir.

Qazanılmış forma 50 yaşdan yuxarı pasiyentlərdə tez-tez rast gəlinən göz xəstəliklərindəndir. Dakriostenozun qazanılmış forması gözlərin həddindən artıq sulanması ilə özünü büruzə verir. Bu əlamət xəstənin həyat keyfiyyətini xeyli azaldır. Kişilərlə müqayisədə qadınlar dakriostenoza daha çox məruz qalır.

Dakriostenozun yaranma səbəbləri nədir?

Anadangəlmə dakriostenozun yaranma səbəblərinə burun-göz yaşı kanalının müxtəlif hissələrinin quruluşundakı anatomik xüsusiyyətlər aid edilir. Aparılan tədqiqatların nəticələrinə əsasən müəyyən edilmişdir ki, daralma (stenoz) əksər hallarda burun-göz yaşı axacağının burun dəliyi səviyyəsində formalaşır. Anadangəlmə dakriostenozun inkişafında digər faktorların da rolu qeyd olunur:

  • Burun boşluğunun selikli qişasının epitel qatının burun-göz yaşı kanalının selikli qişasına keçməsi
  • Burun-göz yaşı kanalının kələfinə keçən müştərək venoz damarların olması
  • Burunun burun-göz yaşı kanalı ilə ümumi damar şəbəkəsinə malik olması
  • Kanalda selikli qişanın, daralma, əyrilik, divertikulların olması.

Qazanılmış dakriostenoza göz yaşı yollarının uzunmüddətli iltihabı, ağır travmaları, şişlər, baş nahiyəsinin şüa terapiyası, görmə orqanı, burun boşluğu və burun ciblərində icra edilən əməliyyatlar səbəb ola bilər. Göz damcılarının davamlı istifadəsi (məsələn, qlaukomada) dakriostenozun risk amili sayılır.

Dakriostenozun əlamətləri hansılardır?

Dakriostenozun anadangəlmə formasında valideynlər südəmər uşağın gözünün yaşardığını müşahidə edirlər. Xəstələrdə kəskin və ya residivləşən konyunktivitin əlamətləri – konyunktiva qişasının qızarması, selikli və ya irinli ifrazatlar, göynəmə və ağrı hissi meydana çıxa bilər.

Qazanılmış forma adətən 40-50 yaşdan sonra yaranır. Pasiyentlər əsasən gözlərin həddindən artıq sulanmasından şikayət edirlər. Çünki bu əlamət narahatlıq hissi törətməklə yanaşı, həm də görmə itiliyini azaldır. Gözdən vaxtaşırı cüzi miqdarda selikli–irinli ifrazat axır. Zədələnmə bir və ya ikitərəfli ola bilər.

Dakriostenozun ən geniş yayılmış ağırlaşması dakriosistitdir (göz yaşı kisəsinin iltihabı). Az hallarda peridakriosistit (göz yaşı kisəsini əhatə edən toxumaların iltihabı) və periorbital fleqmona inkişaf edə bilər. Göz yaşı kisəsinin proyeksiyasında qızartı, şişkinlik və ağrı, eləcə də sistemli iltihabın əlamətləri (qızdırma, əzginlik və s.) irinli ağırlaşmaların formalaşmasından xəbər verir.

Dakriostenozun diaqnostikası necə aparılır?

Dakriostenozun müayinə üsullarına anamnezin toplanması, biomikroskopiya, böyüklərdə vizometriya və tonometriya aiddir. Spesifik metodlardan kanal və ya burun sınağı (boya maddəsinin göz yaşı axacağından keçmə müddəti hesablanılır) aparılır. Göz yaşı yollarının keçiriciliyini müəyyən etmək üçün diaqnostik yuyulma həyata keçirilir. Yuyuntu mayesinin evakuasiyasının xarakterinə görə (damcı və ya şırnaqla) kanalın daralma dərəcəsi barədə mühakimə yürüdülür.

Dakriostenozun başlıca müayinə üsulu kontrastlaşdırılmış dakriosisto-rentgenoqrafiyadır. Kontrast maddənin ləngiməsinə əsasən göz yaşı axacağının daralma və ya tutulma nahiyəsi təyin olunur. Əlavə metodlar qismində kompüter tomoqrafiya icra edilə bilər. Onun köməyilə burun ciblərində patoloji ocaqlar və ya proseslər, göz yaşı aparatının keçiriciliyinə təsir edən burundaxili strukturları deformasiyası üzə çıxarılır.

Dakriostenozun müalicəsi necə həyata keçirilir?

Anadangəlmə və qazanılmış formalar konservativ üsulla müalicə olunur. Anadangəlmə stenozda ilk növbədə göz yaşı yollarının masajı məsləhət görülür; masajın texnikası oftalmoloq tərəfindən valideynlərə izah olunur. 6 ay ərzində edilən masaj heç bir effekt vermədikdə burun-göz yaşı kanalının diaqnostik zondlaması və yuyulması həyata keçirilir.

Qazanılmış formanın müalicəsi göz yaşı axacaqlarının yuyulmasından başlanır. İrinli axıntılar olduqda antibakterial damcılar təyin edilir. Antiseptik vasitələrlə gözün yuyulması tələb oluna bilər. Böyüklərdə gözlərin həddindən artıq sulanması nəmləndirici damcı və ya gellərin tətbiqi üçün göstəriş sayılır.

6 ay müddətində konservativ müalicə ilə arzuolunan nəticə əldə edilmədikdə istər böyüklərdə, istərsə də uşaqlarda cərrahi əməliyyat (ballon dakrioplastika, göz yaşı yollarının stentlənməsi və ya drenajlanması) aparılır. Bu üsulların mahiyyəti göz yaşı axacağının müxtəlif yollarla genişləndirilməsindən ibarətdir.

Dakriostenozun profilaktikası necə həyata keçirilir?

Müalicə gecikdirilmədikdə proqnoz qənaətbəxş olur. Dakriostenozun profilaktikası qazanılmış formanın qarşısının alınmasına yönəldilir. Bu məqsədlə müntəzəm şəkildə oftalmoloji müayinələrdən keçilməli, göz damcılarının tökülmə texnikasına riayət edilməlidir (3-dən artıq damcı növlərindən istifadə etdikdə onlar arasında 10 dəqiqəlik fasilə gözlənilməlidir).

Anadangəlmə formanın profilaktikası mövcud deyil. Uşaqlarda dakriostenozun əlamətlərinə rast gəlindikdə vaxt itirmədən göz həkiminə müraciət olunmalı və müvafiq müalicə həyata keçirilməlidir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Çalışın xəstəliyinizi gecikdirməyin, çünki belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq