Eksimer lazer cərrahiyyəsi barədə məlumatlar
LASIK nədir?
Görmə qüsurlarının lazer şüalarının vasitəsi ilə aradan qaldırılmasının bir sıra metodları var. Bunlar arasında ən çox 2 metod tətbiq edilir: LASIK və FRK (Daha ətraflı).
Mənim LASIK üçün uyğun olub, olmamağım barədə necə qərar verə bilərəm?
İlk olaraq sizin eynəyin və ya kontakt linzanın sizi nə dərəcədə qane etməsi təyin edilməlidir. Bu vasitələrin köməyilə görmənin 100% olması daha məqsədəuyğundur. Əgər eynəklərin istifadəsindən kosmetik qüsur hiss edirsinizsə, və ya onlar sizin həyat fəaliyyətinizə mane olursa, həmçinin kontakt linzaların istifadəsi zamanı gözləriniz qızarırsa və siz onların istifadəsindən yorulmusunuzsa, o zaman siz LASIK cərrahiyyəsi üçün namizəd sayıla bilərsiniz. Əgər əməliyyata razılıq versəniz oftalmoloq sizin gözlərinizdə buynuz qişanın topoqrafiyası adlı müayinəni həyata keçirərək, gözlərinizin LASIK əməliyyatı üçün nə qədər yararlı olması barədə nəticə çıxaracaq.
LASIK əməliyyatı zamanı nə baş verir?
- Əməliyyatdan əvvəl gözlərinizi keyləşdirmək üçün xüsusi damcılar töküləcək. Bütün əməliyyat zamanı arxası üstə uzanacaq və gözlərinizin hərəkətsizliyini təmin etmək üçün xüsusi alətlər qoyulacaq.
- Mikrokeratom adlanan mikrocərrahi avadanlığın köməyi ilə buynuz qişanın səthində kiçik qapaq şəkilli bir hissə kəsilərək qaldırılacaq. Həmin qapaq kiçik bir hissəsi ilə buynuz qişa ilə birləşmiş şəkildə saxlanılır. Əməliyatın bu mərhələsində gözlərinizdə sıxılma hiss edə bilərsiniz.
- Əməliyyat zamanı gözləriniz mərkəzdə qalsın deyə, sizdən daima işığa baxmaq xahiş olunacaq. Ekzimer adlanan xüsusi lazerin köməyi ilə buynuz qişanın qapaq kimi qldırılmış hissəsinin altı cilalanaraq forması dəyişdiriləcək. Bu zaman vızıltı eşidəcəksiniz. Bu prosedur 1 dəqiqədən də az vaxt aparır.
- Yekun olaraq buynuz qişanın qapaq kimi qaldırılmış hissəsi geri, əvvəlki yerinə qaytarılır və ora heç bir tikiş qoyulmur. Beləcə hər bir göz üçün 10 dəqiqədən az vaxt sərf olunur.
LASIK əməliyyatından sonra nə baş verir?
Əməliyyatdan sonra sizə bəzi göz damcılarından istifadə etmək tövsiyyə olunacaq. Bundan əlavə bir neçə gün, daha sonra isə bir neçə həftədən sonra təkrar müayinə üçün oftalmoloqa müraciət etməli olacaqsınız. Əməliyyat olunan gün və növbəti bir neçə gün ərzində dumanlı görməyinizlə əlaqədar görmə dəqiqliyi tələb edən işlərdən çəkinmək lazımdır. Əməliyyatdan sonra gözün qıcıqlanmasını azaltmaq üçün gün eynəklərindən də istifadə edə bilərsiniz. Dumanlı görmə bəzi şəxslərdə bir neçə günə, digərlərində isə bir neçə həftəyə keçə bilər.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.