Qlaukoma (yaşlılarda)

Qlaukoma nədir?

Qlaukoma (qara su) gözün daxili təzyiqinin artması ilə müşahidə olunan xəstəlikdir. Göz daxili təzyiq həddən artıq artdıqda görmə sinirinə zədələyici təsir göstərir. Görmə siniri sanki kabeldir. O, çoxsaylı sinir liflərindən ibarətdir. Bu sinir lifləri vasitəsi ilə gözdən siqnallar beyinə göndərilir. Görmə sinirinin zədələnməsi zamanı görmə sahəsinin kənarlarında onun itməsi baş verir. Göz daxili təzyiqin artması, görmə sinirinin zədələnməsi və görmə sahəsində qüsurların əmələ gəlməsi qlaukomanın əsas əlamətləridir. Görmə sinirinə qlaukomanın zədələyici təsiri davam etdikcə və xəstəlik ağırlaşdıqca xəstələrin görmə sahəsi kəskin daralır, mərkəzi görmə zədələnir və xəstələr oxumaq qabiliyyətini itirilər.

Qlaukoma kimlərdə rast gəlinir?

Qlaukoma dünyada geri dönməyən korluğa səbəb olan əsas xəstəliklərdəndir. Amerikada iki milyona qədər şəxs qlaukomadan əziyyət çəkir. Onlardan 900 000 şəxs qlaukoma nəticəsində görməsini itirmişdir. Qlaukomanın irsi xüsusiyyətə malik olması hələ də tam aydın olmasa da, ancaq bu xəstəlikdən əziyyət çəkən şəxslərin ailə üzvlərində 50 % hallarda qlaukomaya təsadüf edilir. Göz almasından travma alan şəxslərdə illər keçdikdən sonra qlaukoma inkişaf edə bilər. Buna görə də 40 yaşından yuxarı hər bir şəxs ən azı ildə bir dəfə göz həkimində müayinə olunmalıdır.

Məndə qlaukoma olmasını necə başa düşə bilərəm?

Qlaukoma ağrısız olduğundan və görmənin sürətlə itirilməsinə səbəb olduğundan xəstələr onu vaxtında hiss etmirlər. Bu bir daha 40 yaşından yuxarı, xüsusi ilə də ailə üzvləri arasında qlaukomadan əziyyət çəkən xəstələr olan hər bir şəxsin ən azı ildə bir dəfə göz həkimində müayinə olunmasının vacibliyini sübut edir. Yalnız qlaukomanın qapalı-bucaqlı qlaukoma adlanan tipində gözdə ağrı, kəskin qızartı, görmənin bulanması, bəzən isə ürək bulanma və qusma müşahidə edilir. Əksər şəxslər gözlərindəki struktur dəyişikliyinə görə qlaukomanın bu tipinə meyllidirlər.

Qlaukoma necə müalicə olunur?

Qlaukoma zamanı müalicənin əsas məqsədi görmənin qorunmasına yönəldilib. İlkin müalicə göz daxili təzyiqin aşağı salınmasından ibarətdir. Bu məqsədlə ya göz daxili mayenin gözdən axıb getməsini rahatlaşdıran, və yaxud göz daxili mayenin ifrazını azaldan xüsusi göz damcılarından istifadə olunur. Bəzi xəstələrə göz daxili təzyiqi salmaq məqsədi ilə eyni zamanda bir neçə müxtəlif göz damcıları təyin olunur. Müalicənin daha effektiv olması üçün bəzən göz damcıları ilə yanaşı tablet şəkilli preparatlar da təyin olunur. Açıq və qapalı bucaqlı qlaukoma zamanı lazer müalicəsindən də istifadə olunur. Əgər qlaukomanın dərman və lazer müalicəsi effect verməzsə, o zaman göz daxili mayenin gözdən axıb getməsini rahatlaşdıran cərrahi əməliyyat həyata keçirilir.

Qlaukomanın diaqnostika və müalicəsi kim tərəfindən həyata keçirilir?

Qlaukomanın müalicəsi və cərrahiyyəsi ilə məşğul olan ofatlmoloqlar tərəfindən həyata keçirilir.

Anadangəlmə qlaukoma nədir?

Qlaukoma zamanı görmə siniri zədələnir. Görmə siniri milyonlarla sinir liflərindən təşkil olunub. Qlaukoma zamanı həmin sinir lifləri məhv olur və nəticədə xəstələrin görmə sahəsi günbə-gün daralmağa başlayır. Xəstəliyin son mərhələlərinədək mərkəzi görmə itiliyi saxlanmış olur. Birincili anadangəlmə və ya infantil qlaukoma yenidoğulmuşun ömrünün ilk illərində müşahidə olunur. Bunun əsas səbəbi göz almasının göz daxili mayenin axmasına cavabdeh hissələrinin anormal inkişafı ilə əlaqədardır. Nəticədə göz daxili maye gözdən çıxa bilmədiyinə görə göz daxili təzyiq artır. Bu xəstəlik həm göz almasının, həm də digər orqanların inkişaf qüsurları ilə birgə müşahidə oluna bilər. Bəzi uşaqlarda müxtəlif səbəblərlə əlaqədar (travma, gözün iltihabi, və s. xəstəlikləri) ikincili qlaukoma inkişaf edə bilər.

Birincili anadangəlmə qlaukoma hansı tezliklə müşahidə olunur?

10 000 uşaqdan 1 nəfər anadangəlmə qlaukoma ilə doğulur. Xəstələrin 2/3-də hər iki göz zədələnmiş olur. Oğlanlar qızlara nisbətən 2 dəfə artıq zədələnirlər.

Anadangəlmə qlaukoma irsi xüsusiyyətə malikdirmi? Əgər məndə anadangəlmə qlaukoma olubsa, mənim övladlarıma bu xəstəliyin keçmə mümkünlüyü nə qədərdir?

Bəli, anadangəlmə qlaukomanın irsi xüsusiyyətləri mövcuddur. Əgər valideynlər bu xəstəlikdən əziyyət çəkirlərsə, o zaman qlaukoma birinci və ikinci uşaqda 5%-hallarda müşahidə oluna bilər.

Hansı əlamətlərə görə mən uşağımda qlaukomadan şübhələnə bilərəm?

  • Anadangəlmə qlaukomanın 3 klassik əlaməti var: yaşarma, işıqdan qorxma və göz qapaqlarının spazmı.
  • Əlavə olaraq göz almasının böyüməsi diqqəti cəlb edə bilər.
  • Buynuz qişa bulana bilər. Buynuz qişada üfüqi və konsentrik zolaqlar müşahidə oluna bilər.
  • Göz həkimi göz dibini müayinə edərkən görmə sinirinin anormal olmasını qeyd edir.
  • Uşaqlarda normal göz daxili təzyiq 16 mm c süt. olduğu təqdirdə, qlaukoma zamanı həmin göstərici 30-40 mm c süt. səviyyəsinə qalxır. Göz daxili təzyiq yalnız göz həkimi tərəfindən təyin oluna bilər.
  • Onu da nəzərdən qaçırmaq olmaz ki, yenidoğulmuşlarda bir sıra xəstəliklər gözdə yaşarmaya, buynuz qişanın bulanmasına, göz almasının ön seqmentinin strukturlarının böyüməsinə səbəb olur. Yalnız göz həkimi bu əlamətləri fərqləndirərək anadangəlmə qlaukoma diaqnozu qoya, və ya bu diaqnozu təkzib edə bilər.

Anadangəlmə qlaukoma necə müalicə olunur?

Anadangəlmə qlaukoma zamanı əsas müalicə cərrahi əməliyyatın həyata keçirilməsindən ibarətdir.

Anadangəlmə qlaukoma zamanı proqnoz necədir?

Əgər xəstəlik vaxtında aşkar olunarsa 80-90% hallarda onun proqnozu qənaətbəxş olur. Xəstəlik nəticəsində müxtəlif ağırlaşmalar müşahidə edilə bilər.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq