Görmə sinirinin qlioması nədir? Səbəbləri, əlamətləri və müalicəsi barədə.

Görmə sinirinin qlioması ləng böyüyən və uşaqlarda təsadüf edilən törəmələrdəndir. Xəstəliyin ilkin əlaməti görmənin azalmasıdır. Adətən bu vəziyyət uşaqların planlı müayinəsi zamanı aşkarlanır. Bu diaqnoz həm uşaqları, həm də onların valideynlərini qorxuya salır. Xoşbəxtlikdən müasir tibbi nailiyyətlər sayəsində xəstəliklə mübarizə aparmaq mümükündür.

Görmə sinirinin qlioması nədir?

Görmə sinirinin qlioması – təsviri göz dibindən beyinə ötürən 2-ci cüt kəllə-beyin siniri olan görmə sinirinin xoşxassəli törəməsidir. Xəstəlik görmənin zəifləməsinə, baş ağrılarına, hormonal sistemdə dəyişikliklərə və nadir hallardakorluğa səbəb ola bilər. Görmə sinirinin qlioması uşaq patologiyası olub, əsasən 75% hallarda 10 yaşa qədər uşaqlarda müşahidə edilə bilər. Bu diaqnozu olan uşaqların 30 %-də həmçinin I tip neyrofibromatoz da müşahidə oluna bilər. Nadir hallarda bu törəmə yaşlı şəxslərdə inkişaf edə bilər. Görmə sinirinin qlioması onkoloji xəstəlikdir. Bu törəmələr ləng inkişaf edir və uşağın həyatı üçün təhlükə yaratmır. Hazırda xəstəlik uşağın inkişafına heç bir problem yaratmadan müalicə olunur.

Görmə sinirinin qliomasının yaranma səbəbləri və simptomları hansıdır?

Xəstəlik genetik xüsusiyyətə malikdir. Kiçik ölçülü şişlərin heç bir klinik təzahürü olmur. Ölçüsü 3 sm-dən böyük olan şişlər görmə sinirini sıxaraq bir sıra simptomların yaranmasına səbəb olurlar. Bunlara – bir, və ya hər iki gözdə görmənin azalması, başın qeyri iradi hərəkətləri, nistaqm (gözlərin qeyri iradi kəfkirvari hərəkətləri) aiddir. Görmə və endokrin sistemlər bir-birinə çox yaxın yerləşdiyindən, görmə sinirindəki törəmələr endokrin (hormonal) dəyişikliklərə səbəb olur. Bu zaman – yuxululuq, iştahanın azalması, və ya artması, inkişafın ləngiməsi kimi hallar müşahidə oluna bilər. Qlioma ilə əlaqədar görmənin tam itməsi yalnız 5 % hallarda baş verir.

Görmə sinirinin qliomalarının növləri hansılardır?

Zədələnmiş strukturların səviyyəsindən asılı olaraq mütəxəssislər görmə sinirinin şişlərinin 3 növünü ayırd edirlər:

  • Görmə siniri səviyyəsində yayılmış qlioma;
  • Görmə çarpazı və görmə siniri qlioması;
  • Hipotalamik qlioma.

Görmə siniri səviyyəsində olan qlioma törəmənin ən zərəsiz növüdür. O, qeyri aqressiv olmaqla yanaşı, müalicəyə yaxşı tabe olur və görməni qorumaq mümkün olur. Qlioma görmə çarpazı nahiyyəsini (xiazmanı) zədələdikdə uşağın görməsini xilas etmək çox çətin olur. Hipotalamik qliomalar aralıq beyin nahiyyəsini sıxdığından endokrin sistemin fəaliyyətinə təsir edirlər. Bu xəstələrdə xəstəlik daha ağır gedişə malik olur. Beləki, bu zaman uşağın inkişafının və cinsi yetkinliyin ləngiməsi, hormonal disfunksiya, həmçinin nadir hallarda hidrosefaliya baş verə bilər.

Görmə sinirinin qliomasının diaqnostikası necə aparılır?  

Görmə sinirinin qliomasını aşkarlamaq üçün Maqnit Rezonans Tomoqrafiya (MRT) müayinəsi aparılır. MRT müayinə zamanı beyin strukturlarının detallı və keyfiyyətli təsvirləri əldə edilir. MRT müayinə zamanı radiasiya istifadə olunmadığından bütün yaşlarda olan uşaqlar üçün bu metod tam zərərsizdir. Xəstəliyin diaqnostikasında kompüter tomoqrafiya (KT) müayinəsi də istifadə oluna bilər, ancaq bu metod elə də dəqiq nəticələr vermir. Rentgen müayinəsi neyrofibromatozlu xəstələrdə tətbiq olunur.

Neyrofibromatozu olan xəstələrdə görmə sinirinin qliomasının diaqnostikası necə aparılır?

Neyrofibromatozu olan xəstələrdə görmə sinirinin qlioması uşaqların 30 %-də rast gəlinir. Bu cür şişlər ləng və simptomsuz inkişaf edirlər. Onlar heç vaxt görmə itiliyinə təsir etmirlər. Bu törəmələri göz yuvasının rentgen müayinəsi, KT və MRT müayinəsi zamanı aşkarlamaq olar. Əksər hallarda mütəxəssislər bu törəmələri nəzarətdə saxlamağa üstünlük verirlər. Bunun üçün uşaq ən azı ildə bir dəfə oftalmoloqun müayinəsində olmalıdır.

Əgər uşaqda görmə sinirinin qlioması aşkarlanıbsa, valideynlər nə etməlidir?

Bu xəbəri eşidən valideyn qətiyyən məyus olmamalıdır. Görmə sinirinin qlioması təhlükəli şişlərdən sayılmır və onu müalicə etmək mümkündür. İlk növbədə xəstəlik barədə və bu problemin müalicəsi ilə hansı mərkəzlərin məşğul olması barədə məlumat ətraflı məlumat əldə etmək lazımdır. Uşaqlara da bu diaqnoz pis təsir etdiyindən, valideynlər onlara olan diqqəti əsirgəməməlidirlər. Çalışmaq lazımdır ki, uşaq özünə olan əminliyi itirməsin və öz narahatçılığı, həmçinin qorxusu ilə valideyni ilə bölüşə bilsin. Psixoloji əminliyi təmin etmək üçün bu xəstəlikdən sağalmış uşaqlar barədə məlumatları uşaqlara oxumaq olar. Bu həm uşağa ümid verər, həm də xəstəliklə mübarizədə motivasiya yaratmış olar.

Görmə sinirinin qliomasının müalicəsi necə aparılır?

Şişin müalicəsi adətən müxtəlif ağırlaşmalarla müşayət olunur. Buna görə də həkimlər çox vaxt dinamik nəzarət taktikasına üstünlük verirlər. Görmə sinirinin qlioması ləng inkişaf etdiyindən onlarda müəyyən fəaliyyətsizlik dövrü qeyd edilir ki, bu zaman heç bir ölçü dəyişikliyi qeyd edilmir. Bu dövr 2 aydan bir neçə ilə qədər davam edə bilər. Əgər uşağın görməsi zəifləmirsə və heç bir simptom qeyd edilmirsə, o zaman cərrahi əməliyyata ehtiyac olmur. Xəstəliyi dinamik nəzarətdə saxlamaq üçün ildə 1-2 dəfə oftalmoloqun və onkoloqun müşahidəsində olmaq lazımdır. Görmənin azalması şişin böyüməsinin əsas əlamətidir. Bu zaman həkimlər aktiv müalicə taktikasına başlayırlar. Görmə sinirinin qlioması kimya-terapiyası, şüa terapiyası və cərrahi yolla müalicə edilir. Kimya terapiyası 3 yaşa qədər uşaqlara təyin edilir. Bu üsul digərləri ilə müqayisədə daha təhlükəsizdir və digər alternativləri ilə müqayisədə daha az ağırlaşmalara səbəb olur. Şüa terapiyası Görmə sinirinin qliomasının inkişafının qarşısnı alsa da, gec dövr ağırlaşmaları var. Bəzi mərkəzlərdə fraksion stereo-taksik şüa terapiyası (FRST) tətbiq olunur. Ənənəvi metodlarla müqayisədə FRST uşağın gələcək fiziki və əqli inkişafına mənfi təsir göstərmir. Cərrahi metod müalicənin ən çox üstünlük verilən növüdür. Törəmənin cərrahi yolla götürülməsi xəstəliyi tam müalicə etməyə və görməni qorumağa kömək edir. Ancaq bu çox qəliz və çətin əməliyyatdır. Bəzi mərkəzlərdə törəmənin götürülməsi üçün stereo-taksik cərrahi metodikanı tətbiq edirlər. Bu əməliyyat KT və MRT nəzarət altında həyata keçirilir və əgər cərrah törəməni tam götürə bilmirsə, o zaman kombinə olunmuş müalicə metodları tətbiq olunur.

Görmə sinirinin qlioması olan uşaqların həyat proqnozu necədir?

Yalnız şüa terapiyası ilə müalicə zamanı pasiyentlərin 10 illik yaşama göstəricisi 70 %-dən 90%-dək dəyişir. Bu o deməkdir ki, 100 uşaqdan 90-ı xəstəliyin hər hansı simptomu olmadan 10 ildən artıq yaşayır. Uşaqların 81 %-də görmə bərpa olunur. Kimya terapiya ilə cərrahi müalicənin kombinasiyası ən effektiv üsuldur. Uşaqların 94%-dən 100%-ə qədəri bu müalicədən sonra 5 ilə qədər yaşayırlar. Əgər şiş görmə çarpazına (xiazmaya) yayılmayıbsa, 90%-dək uşaqların görməsini xilas etmək mümkündür.

Sağalmadan sonra nə etməli? – Həkimlərin tövsiyyələri.

Uşaq müalicə kursunu bitirib, xəstəliyə qalib gəldikdən sonra onun fiziki və psixi sağlamlığını təmin etmək lazımdır. Xəstəliyin qarşısının alınmasından əmin olmaq üçün ilk 6 ay müddətində həkim uşağa müntəzəm nəzarətlər təyin edir. 2-3 il müddətində hər 6 aydan bir, sağaldıqdan 4-5 il sonrakı dövrdə isə ildə ən azı bir dəfə oftalmoloqun müayinəsindən keçmək lazımdır. Əgər müalicə kimya və şüa terapiyasının köməyi ilə həyata keçirilibsə, bu üsulların əlavə təsirlərinə qarşı müalicə almaq lazımdır. Xəstəliyə görə uşaq dərslərdən geri qalır. Tədrisə sağaldıqdan yalnız 3-6 ay sonra başlaya bilər. Buna qədər uşaq evdə təhsilə keçirilməlidir. Xəstəlik eyni zamanda uşağın özünə güvənc hissinə, həmyaşıdları və sinif yoldaşları ilə münasibətlərinə də təsir edir. Belə uşaqlar özünə qapanır, kontakta həvəsiz gedir, özünü başqalarından fərqli hiss edir. Belə olan təqdirdə uşaq psixoloquna ehtiyac ola bilər. Mütəxəssis uşaqda ruh düşkünlüyünün qarşısını almaq üçün valideynlərə faydalı məsləhətlər verə bilər.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq