Qarışıq astiqmatizm nədir? Səbəbləri, əlamətləri və müalicəsi barədə.

Qarışıq astiqmatizm refraksiya anomaliyalarının ağır forması kimi qəbul edilir. Beləki, bu zaman bir gözdə həm miopiyanın, həm də hipermetropiyanın xüsusiyyətləri müşahidə olunur. Bu zaman xəstənin bir, və ya hər iki gözü həm yaxını, həm də uzağı pis görür. Təsvir tor qişa üzərində deyil, həm tor qişanın önündə, həm də arxasında fokuslandığından görmə dumanlı və təhrif olunmuş olur.

Patoloji vəziyyətin xüsusiyyətləri hansılardır?

Astiqmatizm buynuz qişanın, ya da büllurun formasında yaranan dəyişiklik nəticəsində meydana çıxır. Bunun nəticəsində insan aydın görmə qabiliyyətindən məhrum olur. Beləki, gözün optik sisteminin pozğunluğu və işıq şüalarının tor qişaya düzgün fokuslanmaması nəticəsində görmə bulanıq və dumanlı olur.  Xəstəliyin adı onun mahiyyətini tam açır. Astiqmatizm -“nöqtənin olmaması” yəni, hər hansı nöqtəyə baxan zaman yanında kölgə ilə görmə kimi tərcümə olunur.

Patoloji vəziyyət həm bir gözdə, həm də hər iki gözdə müşahidə oluna bilər. Bu vəziyyətin hər iki gözdə təsadüf edilməsi daha mürəkkəb hal hesab olunur. Xəstəlik həm anadangəlmə, həm də qazanılma olmaqla, iki qrupa bölünür. Qarışıq astiqmatizm nə qədər erkən aşkarlanıb, müalicəyə başlanarsa, gözün tənbəlləşməsinin qarşısı bir o qədər tez alınmış olar.

Qarışıq astiqmatizmin yaranma səbəbləri nədir?

İrsi meyillilik. Uşaq dünyaya bu patologiya ilə göz açır. Əgər valideynlərdən birində, və ya hər ikisində, və yaxud yaxın qohumlardan kimdəsə qarışıq astiqmatizm varsa, bu genlər irsən ötürülür. Əgər bu vəziyyət valideynlərdə müşahidə olunursa, böyük ehtimalla övladlara da ötürülə bilər. Uşaqlarda qarışıq astiqmatizm adətən çəpgözlüklə müştərək şəkildə müşahidə edilir. Uşaq onu əhatə edən aləmdə olan cisimləri aydın görə bilmədiyi üçün, bu onun hərtərəfli inkişafına mane olur. Xəstəlik uşaq doğulan kimi özünü göstərmir. Görmə funksiyası ilə bağlı problem uşaq böyüdükcə tədricən özünü göstərməyə başlayır. Buynuz qişanın formasının dəyişikliyə uğraması (əyilməsi) istənilən yaşda baş verə bilər. Qarışıq astiqmatizm 10 % hallarda məktəbəqədər uşaqlarda, elə bu qədər də məktəb yaşlı uşaqlarda müşahidə olunur.

Qazanılma hallar. 20 % hallarda qarışıq astiqmatizm yaşlı şəxslərdə müşahidə olunur. Bunun əsas səbəbi buynuz qişanın travmatik zədələnmələrdən sonrakı halları, buynuz qişada keçirilmiş iltihabi xəstəliklərdən sonrakı vəziyyətlər və ya oftalmoloji əməliyyatlardan sonrakı tikişlərin qeyri düzgün çapıqlaşmalarla nəticələnməsidir.

Qarışıq astiqmatizmin əsas simptomları hansılardır?

Görmə orqanının defekti aydın simptomatika ilə təzahür edilir:

  • gözlə görülən işdən asılı olmayaraq gözlər çox tez yorulur;
  • görmə itiliyi daima aşağı olur;
  • ətrafda olan cisimlər təhrif olunmuş şəkildə qavranılır;
  • xəstələr cisimlərin ondan hansı uzaqlıqda olmasını təyin etməkdə çətinlik çəkirlər;
  • gözlərdə gərginlik hissi olur;
  • tez-tez başgicəllənmə olur;
  • xəstələr tez-tez gözlərini qırpır, gözlərdə yanğı və yad cisim hissindən əziyyət çəkirlər;
  • tez-tez gözlərin önündə dumanlanmaqeyd edirlər;
  • güclü işıq gözdə narahatçılıq, hətta ağrı verə bilər;
  • görmə sahəsində olan əşyalar ikiləşə bilər;
  • görmənin fokuslanmasında çətinlik olur.

Bu şikayətlərdən biri, və ya bir neçəsi müşahidə olunrsa, vaxt itirmədən həkimə müraciət etmək lazımdır.

Qarışıq astiqmatizmin diaqnostikası necə aparılır?

Diaqnoz anamnestik məlumatlar, fizikal baxış və spesifik müayinələrin nəticələri əsasında qoyulur.

  • Vizometriya (Görmə itiliyinin təyini). Müayinə əvvəlcə korreksiyasız, monokulyar (bir gözdə) aparılır. Sonra isə müxtəlif optik qüvvəyə malik eynək şüşələri və ya xüsusi xətkeşdən istifadə etməklə görmə disfunksiyasının xarakteri öyrənilir.
  • Kompüterkerato–refraktometrik müayinə.Bu üsul gözün refraksiya göstəricilərini, miopik astiqmatizmin üfüqi və şaquli meridianlarının gücünü, yəni təyin ediləcək optik korreksiya vasitəsi üçün gözün sferik və silindrik göstəricilərinin, həmçinin silidrik göstəricinin bucağını dəqiq təyin etməyə kömək edir.
  • Yarıqlı lampanın köməyilə baxış.Biomikroskopiya vasitəsilə göz almasının ön qütbünün patoloji dəyişiklikləri inkar edilir. Göz qapaqlarının kənarlarında qabıqların aşkarlanması, meybom vəzilərinin axacaqlarının zədələnməsi kontakt yolla korreksiyanın davam etdirilməsinə əks-göstəriş sayılır.
  • Astiqmatik fiqurlarla testlər. Müayinə Snellen və Raubiçek fiqurları ilə aparılır. Xəstədə astiqmatik defektlər olduqda ulduzşəkilli fiqurdan istifadə edərkən əks istiqamətli şüalar daha aydın görünür. Raubiçek testi ilə nəinki əsas meridianlar, həm də xəstəliyin dərəcəsi təyin edilir.
  • Kompüter keratotopoqrafiyaqeyri-invaziv üsul olub, buynuz qişanın ön və arxa səthlərinin əyriliyinin xarakteristikasının öyrənilməsinə imkan verir. Buynuz qişanın dəyişiklikləri ilə bağlı astiqmatizmdə aşağı, yüksək və normal sferikliyə malik sahələrin kombinasiyası aşkar edilir.
  • Paximetriyanın köməyilə buynuz qişanın qalınlığı ölçülür. Optik paximetriyadan kontakt linzaların seçilməsində istifadə olunur. Sonra isə linza taxılmış gözdə ultrasəs paximetrlə keratotopoqafik parametrlər müəyyən edilir.

Qarışıq astiqmatizm zamanı müalicə necə aparılır?

Vaxtında terapevtik, və ya cərrahi müdaxilə olmadıqda vəziyyət görmə ilə əlaqədar problemlərin inkişafına səbəb ola bilər. Ağırlaşmış hallarda görməni tam bərpa etmək qeyri mümkün olur. Təcrübə göstərir ki, problemlə məşğul olub, onun qarşısını almaq üçün ən yaxşı dövr – uşaqlıq dövrüdür. Məhz uşaqlıq dövründə görmənin aktivləşdirilməsi şansı daha yüksəkdir. Çox təəssüf ki, yaşlı dövrdə görmənin artırılması şansı çox azdır. Vaxtında müalicə olunmamış yaşlı pasiyentlər daima göz və baş ağrılarından, həmçinin baş ağrılarından əziyyət çəkirlər.

Qarışıq astiqmatizmin korreksiyası nə qədər tez başlasa, bir o qədər yaxşı nəticə əldə etmək olar. Xüsusən bu uşaqlara daha çox aiddir. Vaxtında adekvat oftalmoloji tədbirlərin görülməməsi görmə funksiyasının normal inkişafına mənfi təsir edir, nəticədə ambliopiyanın (göz tənbəlliyi) və çəpgözlüyün inkişafına zəmin yaratmış olur.

Uşaq yaşlarında görmə eynəklərin, və ya kontakt linzaların köməyi ilə düzəldilir (korreksiya olunur). Eynəklər təyin edilərkən gözün sferik və silindrik göstəricilərinin kombinasiyası nəzərə alınır. Düzgün təyin edilmiş eynəklər uşaqlarda görmə qabiliyyətinin yaxşılaşmasına və gələcəkdə baş verə biləcək ağırlaşmaların minimuma endirilməsinə şərait yaradır. Bunun səbəbi odur ki, istər uşaq orqanizmi, istərsə də uşaqların görmə sistemi daim inkişafdadır və mütəxəssis tərəfindən düzgün təyin edilmiş korreksiya vasitələri bu prossesi düzgün istiqamətdə yönəldə bilər. Yeniyetməlik dövründən sonra xüsusi torik (astiqmatik linzaları) təyin etmək olar.

Eynəklərin təyini gözün miopik və hipermetropik göstəriciləri nəzərə alınmaqla, yalnız həkim oftalmoloq tərəfindən icra olunmalıdır. Müasir dövrdə qarışıq astiqmatizm zamanı həm yumşaq, həm də sərt linzalardan istifadə etmək olar.

Qarışıq astiqmatizmin müalicəsində cərrahi metodlar hansılardır?

  • Astiqmatik keratotomiya. Bu metod buynuz qişa əyriliyini xüsusi kəsiklər vasitəsilə düzəldilməsinə əsaslanır. Bu metod hazırda az effektiv olduğundan geniş istifadə olunmur.
  • Görmənin eksimer lazerlə düzəldilməsi (korreksiyası) – ən müasir, az travmatik müdaxilə olub, lazer şüalarının vasitəsilə buynuz qişanın anomal quruluşunu və əyriliyni düzəltməyə kömək edir. Bu əməliyyatların müxtəlif növləri var: LASIK, SuperLasik, FemtoLasık.
  • Yüksək dərəcəli göstəricilər zamanı təbii büllurun xüsusi torik intra-okulyar linzalarla əvəz edilməsi həyata keçirilir.

Qarışıq astiqmatizm zamanı profilaktik tədbirlər.

Əgər pasiyentə qarışıq astiqmatizm diaqnozu qoyulubsa ona uzunmüddətli görmə gərginliyinə səbəb olan işlərdən qaçması tövsiyyə olunur. Beləki, uzun müddət kompüterdə işləmək, uzun müddət yaxın məsafədən televizor izləmək, fasiləsiz oxumaq gözlərin yorulmasına və halsızlıq, baş ağrısı, gözətrafı nahiyyənin ağrımasına səbəb ola bilər. Qarışıq astiqmatizmi olan şəxslər avtomobil idarə edərkən düzgün təyin edilmiş və maksimal görmə itiliyi verən eynəklərdən istifadə etməlidirlər.

Genetik meyllik olan hallarda xəstəlikdən boyun qaçırmaq və görmə ilə əlaqədar problemlərdən can qurtarmaq mümkünsüz görünür. Ancaq miopik komponentin inkişafını bu və ya digər dərəcədə tormozlamaq mümkündür.

Bunun üçün:

  • telefon, planşet və digər ekranlı vasitərin istifadə müddətini azaltmaq və 20/20/20 qaydasına əməl etmək tövsiyyə olunur;
  • stasionar kompüter arxasında işi müəyyən fasilələrlə həyata keçirmək, hər 1 saatdan bir 5 dəqiqə müddətinə fasilə tövsiyyə edilir;
  • oxu materialını yalnız oturaq vəiyyətdə və yaxşı işıqlanma olan yerdə oxumaq tövsiyyə edilir;
  • gözlərin gigiyenasına ciddi riayət etməli, iltihabi xəstəliklərin müalicəsini yubatmamalı;
  • görməni qorumaq üçün tövsiyyə edilən məşqləri mütəmadi həyata keçirməli.

Profilaktik tədbirlər xəstəliyin sürətli proqressivləşməsinin və sonrakı ağırlaşmaların qarşısını almağa kömək edə bilər. Uşaqlarda görmənin zəifləməsinə şübhə olan hallarda vaxt itirmədən oftalmoloqa müraciət etmək lazımdır.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

 

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq