Qlaukoma nədir? Səbəbləri, əlamətləri və müalicəsi barədə.

El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec diaqnoz olunduqda görmə sinirinə çox ciddi və bərpa olunmaz zədə vura bilər. Görmə siniri sanki kabeldir. O, çoxsaylı sinir liflərindən ibarətdir. Bu sinir lifləri vasitəsi ilə gözdən siqnallar beyinə göndərilir. Görmə sinirinin zədələnməsi zamanı görmə sahəsinin kənarlarında onun itməsi baş verir. Göz daxili təzyiqin artması, görmə sinirinin zədələnməsi və görmə sahəsində qüsurların əmələ gəlməsi qlaukomanın əsas əlamətləridir. Görmə sinirinə qlaukomanın zədələyici təsiri davam etdikcə və xəstəlik ağırlaşdıqca xəstələrin görmə sahəsi kəskin daralır, mərkəzi görmə zədələnir və görmə qabiliyyəti geridönməz şəkildə itirilir.

Qlaukomanın inkişafına kimlər daha çox meyllidir?

Qlaukoma riski göz daxili təzyiqi normal səviyyədən yüksək olan insanlarda daha yüksəkdir. Lakin, bu o demək deyil ki, yüksək göz daxili təzyiqi olan hər kəsdə qlaukoma inkişaf edə bilər.

Qlaukoma yaranma riski, şəkərli diabet hipotireoz (ur) xəstəliklərindən əziyyət çəkənlərdə daha yüksəkdir.

Qlaukomanın görməyə zədələyici təsiri necə baş verir?

Normada göz almasının normal fəaliyyət göstərməsi üçün göz almasının daxilində kirpikli çıxıntılar adlanan yerdə xüsusi maye ifrza olunur. Bu maye gözün içərisindən ön hissəsinə keçərək ön kamera bucağı adlanan yerdən sorulur. Əgər göz daxilində yaranan maye sorulan mayeyə bərabər olursa, bu zaman bütün göz daxili strukturlar, xüsusən də görmə siniri normal fəaliyyət göstərir. Əgər yaranan maye sorulan mayeyə bərabər olmursa, bu zaman balans pozulur və göz daxili təzyiq artmağa başlayır. Bu zaman artan gözdaxili təzyiq göz almasının ən incə yerinə, görmə sinirinin göz almasından çıxan nahiyyəsinə sıxıcı təsir etməyə başlayır və görmə sinirinin hüceyrələri uzun müddətli təzyiqə tab gətirməyərək məhv olmağa başlayırlar. Görmə siniri hüceyrələri özünü bərpa edə bilmədiyi üçün qlaukoma nəticəsində itirilmiş görməni bir daha bərpa etmək olmur.

Qlaukomanın əlamətləri hansılardır?

  • Səhərlər özünü büruzə verən baş ağrıları
  • Arabir müşahidə olunan bulanıq görmə
  • Gecələr işıq ətrafı halqalalrın görünməsi
  • Televizor seyr edən zaman göz ətrafı ağrılar

Qlaukoma riskini artıran amillər hansıdır?

  • Nəsildə qlaukoma xəstələrinin olması (genetik meyl)
  • 40 yaşından sonrakı dövr
  • Şəkərli diabet xəstəliyi
  • Şiddətli anemiya və ya şok
  • Qan təzyiqinin yüksək, və ya aşağı olması
  • Yüksək dərəcəli miopiya
  • Yüksək dərəcəli hipermetropiya
  • Miqren
  • Uzun müddət qlukokortikosteroid tərkibli preparatlarla müalicə
  • Göz travmaları
  • Etnik amillər

MƏNDƏ QLAUKOMA OLMASINI NECƏ BAŞA DÜŞƏ BİLƏRƏM?

Qlaukoma ağrısız olduğundan və görmənin sürətlə itirilməsinə səbəb olduğundan xəstələr onu vaxtında hiss etmirlər. Bu bir daha 40 yaşından yuxarı, xüsusi ilə də ailə üzvləri arasında qlaukomadan əziyyət çəkən xəstələr olan hər bir şəxsin ən azı ildə bir dəfə göz həkimində müayinə olunmasının vacibliyini sübut edir. Yalnız qlaukomanın qapalı-bucaqlı qlaukoma adlanan tipində gözdə ağrı, kəskin qızartı, görmənin bulanması, bəzən isə ürək bulanma və qusma müşahidə edilir. Əksər şəxslər gözlərindəki struktur dəyişikliyinə görə qlaukomanın bu tipinə meyllidirlər.

Qlaukoma xəstəliyinin müalicəsi necə aparilir?

Qlaukoma zamanı müalicənin əsas məqsədi görmənin qorunmasına yönəldilib. İlkin müalicə göz daxili təzyiqin aşağı salınmasından ibarətdir. Bu məqsədlə ya göz daxili mayenin gözdən axıb getməsini rahatlaşdıran, və yaxud göz daxili mayenin ifrazını azaldan xüsusi göz damcılarından istifadə olunur. Bəzi xəstələrə göz daxili təzyiqi salmaq məqsədi ilə eyni zamanda bir neçə müxtəlif göz damcıları təyin olunur. Müalicənin daha effektiv olması üçün bəzən göz damcıları ilə yanaşı tablet şəkilli preparatlar da təyin olunur. Açıq və qapalı bucaqlı qlaukoma zamanı lazer müalicəsindən də istifadə olunur. Əgər qlaukomanın dərman və lazer müalicəsi effect verməzsə, o zaman göz daxili mayenin gözdən axıb getməsini rahatlaşdıran cərrahi əməliyyat həyata keçirilir.

Qlaukoma xəstəliyinin müalicəsi üç üsulla aparılır.

1.Dərman müalicəsi

Qlaukoma zamanı təyin edilən göz damcıları təsir mexanizminə əsasən iki qrupa bölünürlər. Bu preparatlar ya göz daxili maye ifrzazının həcmini azaldır, ya da göz daxili mayenin sorulmasına inkan yaradırlar. Damcılardan mütəmadi, müəyyən edilmiş vaxt intervallarında ömürlük istifadə etmək lazımdır. Əgər dərman vasitələrinin qəbuluna baxmayaraq xəstənin göz təzyiqi düşmürsə, görmə sahəsi getdikcə daralırsa və görməsi zəifləməyə başlayırsa, bir qayda olaraq cərrahi əməliyyat tövsiyyə olunur.

2.Lazer müalicəsi

Qlaukomanın müalicəsində lazer şüaları əsasən kəskin qlaukoma tutması zamanı qüzehli qişada dəlik yaratmaq üçün istifadə olunur. Bəzən lazer şüaları ilə gözün ön kamerasında mayenin sorulmasına cavabdeh bucaq nahiyyəsində deşiklər yaradaraq mayenin daha rahat sorulmasına şərait yaratmaq üçün tətbiq olunur.

3.Cərrahi müalicə

Cərrahi əməliyyat zamanı gözün ağlı qişasında mayenin gözü rahat tərk edə bilməsi üçün yeni yol açılır. Gözün daxilində olan maye üst göz qapağının altında, nəzərə çarpmayan mikro-dəlikdən xaric olunur. Cərrahi əməliyyatdan sonra göz daxili təzyiq adətən düşür. Lakin elə hallar olur ki, təzyiq əməliyyatdan sonra təkrar yüksəlir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq