İridosiklit – qüzehli qişanın və siliar cismin müştərək iltihabı

İridosiklit nədir?

İridosiklit (ön uveit) – qüzehli qişanın və siliar cismin müştərək iltihabi xəstəliyidir. Kəskin iridosiklit gözdə ağrı, qızartı, şişkinlik, gözün yaşarması, qüzehli qişanın rənginin dəyişməsi, bəbəyin daralması və deformasiyası, hipopion və presipitatların yaranması, görmə itiliyinin zəifləməsi ilə xarakterizə olunur. Diaqnoz obyektiv baxış, palpasiya, gözün USM və biometriyası, görmə itiliyinin, gözdaxili təzyiqin təyini, laborator və immunoloji müayinələrin nəticələri əsasında qoyulur.  İridosiklitin konservativ müalicəsi iltihab və virus əleyhinə, antibakterial terapiyaya, antihistamin, hormonal, dezintoksikasiya edici preparatlar, midriatiklər, immunomodulyatorlar, vitaminlərin tətbiqinə əsaslanır. 

İridosiklit, irit, siklit, keratouveit gözün damar qişasının iltihabı – ön uveit kimi qiymətləndirilir. Qüzehli qişa ilə siliar (kirpikli) cisim anatomik və funksional cəhətdən bir-birilə sıx əlaqədə olduqlarından gözün damarlı qişasının bir hissəsində yaranan iltihabi proses qısa zaman ərzində digərinə yayılır. Nəticədə iridosiklit baş verir.

 

Patologiya əsasən 20-40 yaşlarda müşahidə olunur. Xəstəliyin gedişinə əsasən kəskin və xroniki; iltihabi dəyişikliklərin xarakterinə görə seroz, eksudativ, fibrinoz-plastik, hemorragik; etiologiyadan asılı olaraq infeksion, infeksion-allergik, qeyri-infeksion-allergik, posttravmatik, naməlum mənşəli, eləcə də sistem xəstəlikləri və sindromların törətdiyi iridosiklitlər ayırd edilir. Kəskin forma 3-6 həftə, xroniki iridosiklit isə bir neçə ay davam edir. Xəstəlik və onun residivləri ilin soyuq aylarında yaranır.

İridosiklitin yaranma səbəbləri nədir?

İridosiklit müxtəlif ekzogen və endogen amillərin təsirindən formalaşa bilər. Əksər hallarda patologiya gözün travmatik zədələnməsi (yaralanmalar, kontuziya, oftalmoloji əməliyyatlar), qüzehli qişanın iltihabı (keratit) fonunda inkişaf edir. İridosiklitə virus, bakteriya və ya protozoy mənşəli xəstəliklər (qrip, qızılca, sadə herpes virusu, stafilokokk və streptokokk infeksiyası, vərəm, qonoreya, xlamidioz, tokroplazmoz, malyariya və s.), eləcə də burun-udlaq və ağız boşluğunda xroniki infeksiya ocaqları (sinusit, tonzillit) səbəb ola bilər.

İridosiklit revmatoid vəziyyətlər (revmatizm, Still xəstəliyi, autoimmun tireoidit, Bexterev xəstəliyi, Reyter və Şeqren sindromları), metabolik pozğunluqlar (podaqra, diabet), naməlum etiologiyalı sistem xəstəlikləri (sarkoidoz, Behçet xəstəliyi, Voqt-Koyanagi-Harada sindromu) ilə bağlı ola bilər. Revmatizm və infeksion xəstəliklərin rast gəlindiyi pasiyentlər arasında iridosiklitin yayılma tezliyi təxminən 40% təşkil edir.

Gözün damar şəbəkəsinin yaxşı inkişaf etməsi, qüzehli qişa ilə siliar cismin gözdən kənar infeksiya ocaqlarından və ya qeyri-infeksion sensibilizasiya mənbələrindən daxil olan sirkulyasiyaedici immun komplekslərinə və antigenlərə qarşı yüksək həssaslığı iridosiklitin inkişafına təkan verir.

Belə xəstələrdə gözün damarlı qişasının mikrob və ya toksinlərin birbaşa təsiri ilə yanaşı, onun iltihab mediatorları tərəfindən zədələnməsi də baş verir. İltihab immun sitoliz, vaskulopatiya, disfermentoz, mikrosirkulyator pozğunluqlar və ən sonda çapıqlaşma, distrofiya ilə müşayiət olunur.

İridosiklitin formalaşmasında provokasiyaedici faktorlar – endokrin və immun patologiyalar, stress halları, soyuqlama, həddindən artıq fiziki yüklənmə mühüm əhəmiyyət kəsb edir.

İridosiklitin əlamətləri hansıdır?

İridosiklitin gediş xüsusiyyəti və ifadə dərəcəsi antigenin təbiətindən və təsir müddətindən, hematooftalmik baryerin keçiricilik səviyyəsindən, orqanizmin genotipi və immun statusundan asılıdır. İridosiklit zamanı adətən birtərəfli zədələnmə müşahidə olunur. Kəskin formanın ilkin əlamətlərinə gözdə ağrı və qızartı aiddir. Göz almasına təzyiq etdikdə ağrı hissi daha da güclənir. Xəstələr fotofobiyadan (işıqdan qorxma), gözün yaşarmasından, görmə itiliyinin azacıq (2-3 sətir çərçivəsində) azalmasından, dumanlı görmədən şikayətlənirlər.

İridosiklit üçün iltihablaşmış qüzehli qişanın rənginin dəyişməsi (yaşılımtıl və ya pas rəngdə), onun şəklinin qeyri-dəqiq olması xarakterikdir. Perikorneal hiperemiya, mülayim ifadəli buynuz sindromu mümkündür. Gözün ön kamerasında seroz, fibrinoz və ya irinli eksudat aşkarlana bilər. Eksudat ön kameranın dibində toplandıqda boz və ya sarı-yaşıl zolaq şəklində hipopion əmələ gəlir. Gözün ön kamerasında damar partladıqda qan yığıntısı – hifema izlənilir.

Eksudat büllurun səthinə və şüşəyəbənzər cismin liflərinə çökdükdə kirpik cismindəki iltihabi proses görmə itiliyinin zəifləməsinə gətirib çıxara bilər.

İridosiklit zamanı buynuz qişanın arxa səthində eksudat və hüceyrələrin nöqtəvi yığıntılarından ibarət presipitatlar yaranır. Onlar sorulduqdan sonra uzun müddət piqment toplusu müşahidə edilir. Eksudat fonunda qüzehli qişanın ödemi və büllurun ön kapsulu ilə sıx təması arxa bitişmələrin (sinexiya) formalaşmasına səbəb olur. Sinexiyalar bəbəyin geridönməyən daralması (mioz) və deformasiyası, onun işığa qarşı  reaksiyasının pisləşməsi ilə nəticələnir. Qüzehli qişa büllurun ön səthinə bitişdikdə dairəvi sinexiya meydana çıxır. İridosiklitin qeyri-qənaətbəxş gedişində bəbək tam bitişdiyindən sinexiyalar korluq riski əmələ gətirir.

Ön kamerada mayenin sekresiyasının zəifləməsi ilə əlaqədar gözdaxili təzyiq adətən normadan aşağı olur. Lakin ifadəli eksudasiya ilə müşayiət olunan kəskin formalarda və ya qüzehli qişanın bəbək kənarı büllura bitişdikdə gözdaxili təzyiqin yüksəlməsi qeydə alınır.

İridosiklitin hansı formaları və klinik şəkilləri var?

Virus mənşəli iridosiklit torpid gediş, seroz-fibrinoz eksudat, açıq rəngli presipitatlar, yüksək gözdaxili təzyiqlə səciyyələnir.

Vərəm etiologiyalı iridosiklit zəif simptomatika, iri «piy presipitatları», qüzehli qişada sarı rəngli tuberkullar (qabarlar), arxa stromal sinexiyalar, dumanlı görmə və ya bəbəyin tam bitişməsi ilə müşayiət olunur.

Autoimmun iridosiklit residivləşən ağır gedişə malik olub, əsas xəstəliyin kəskinləşməsi fonunda tez-tez təkrarlanan ağırlaşmalarla (katarakta, ikincili qlaukoma, keratit, sklerit, göz almasının atrofiyası) xarakterizə edilir. Hər bir residiv əvvəlkindən ağır getməklə, çox vaxt korluğa gətirib çıxarır.

Travmatik iridosiklit sağlam gözün simpatik iltihabı (simpatik oftalmiya) ilə müştərək şəkildə inkişaf edə bilər. Xlamidiya infeksiyasının törətdiyi Reyter sindromu zamanı iridosiklit konyunktivit, uretrit, oynaqların zədələnməsi, damarlı qişanın iltihab əlamətlərinin zəif olması ilə müşayiət edilir.

İridosiklitin diaqnostikası necə aparılır?

Diaqnoz oftalmoloji, laborator-diaqnostik, rentgenoloji müayinələrin nəticəsi əsasında qoyulur. İlk növbədə göz almasına xarici baxış keçirilir, anamnez toplanılır. Diaqnozu dəqiqləşdirmək üçün görmə itiliyi yoxlanılır, tonometriya üsulu ilə gözdaxili təzyiq ölçülür. Biomikroskopiya vasitəsilə göz strukturlarının zədələnmələri aşkarlanır. USM prosesində göz almasının bir və ya ikiölçülü təsviri izlənilir. Gözün ön şöbələrinin iltihabı ilə əlaqədar oftalmoskopiyanın aparılması əksər hallarda çətinlik törədir.

İridosiklitin etiologiyasını müəyyən etmək üçün qan və sidiyin ümumi, eləcə də biokimyəvi analizi, koaquloqramma, sistem xəstəliklərini üzə çıxarmaq məqsədilə revmosınaqlar, o cümlədən allerqosınaqlar (streptokokk, stafilokokk allergenlərinin, spesifik antigenlərin: tuberkulin, toksoplazmin və s. yeridilməsinə qarşı yerli və ümumi reaksiyalar), iltihab törədicisinin PZR və İFA-diaqnostikası təyin olunur.

İmmun statusu qiymətləndirmək üçün qanda və göz yaşı mayesində IgM, IgG, IgA səviyyəsi yoxlanılır. İridosiklitin klinik şəklinin xüsusiyyətlərindən asılı olaraq, revmatoloq, ftiziatr, stomatoloq, otolarinqoloq, allerqoloq, dermatoveneroloqun konsultasiya və müayinəsi tələb olunur. Ağciyərlərin və burunətrafı ciblərin rentgenoqrafiyası aparıla bilər.

İridosiklit gözdə qızartı və ödemlə müşayiət olunan digər xəstəliklərlə: kəskin konyunktivit, keratit, birincili qlaukomanın kəskin tutması ilə differensiasiya edilir.

İridosiklitin müalicəsi necə aparılır?

İridosiklitin müalicəsi gecikdirilməməli və imkan daxilində onu törədən amilin aradan qaldırılmasına yönəldilməlidir. Konservativ müalicə arxa sinexiyaların qarşısını almaq, ağırlaşmaların yaranma riskini azaltmaq məqsədi daşıyır. Bura təxirəsalınmaz yardım və planlı terapiya daxildir. Xəstəliyin ilkin saatlarında gözə bəbəyi genişləndirən vasitələr (midriatiklər), QSİƏP, kortikosteroidlər damcıladılmalı, antihistamin preparatlar qəbul olunmalıdır.

İridosiklitin planlı müalicəsi stasionar şəraitdə aparılır. Onun əsasını yerli və ümumi antiseptik, antibakterial və ya virus əleyhinə terapiya, iltihab əleyhinə qeyri-steroid və hormonal preparatların (göz damcıları, parabulbar, subkonyunktival, əzələ və ya venadaxili inyeksiyalar) yeridilməsi təşkil edir. Toksiko-allergik və autoimmun genezli formaların müalicəsində kortikosteroidlərdən geniş istifadə olunur.

İridosiklit zamanı dezintoksikasion terapiya (ifadəli iltihabi proseslərdə – plazmofarez, hemosorbsiya), qüzehli qişanın büllura bitişməsinin qarşısını alan midriatiklər tətbiq edilir. Xəstələrə antihistamin vasitələr, polivitaminlər, immunostimulyatorlar və ya immunosupressorlar, eksudat, presipitat və bitişmələrin sorulmasına kömək edən yerli proteolitik fermentlər təyin olunur. Fizioterapevtik prosedurlar: elektrofarez, maqnitoterapiya, lazer terapiyası müsbət nətcələr verir.

Revmatizm, vərəm, sifilis, toksoplamoz mənşəli iridosiklitlərdə müvafiq mütəxəssislərin nəzarəti altında spesifik terapiya aparılır.

İkincili qlaukoma inkişaf etdikdə və ya bitişmələrin ayrılmasına (qüzehli qişanın ön və arxa sinexiyalarının kəsilməsi) ehtiyac yarandıqda cərrahi müalicə göstəriş sayılır. Qişaların və göz möhtəviyyatının əriməsi ilə müşayiət olunan irinli iridosiklit zamanı göz almasının enukleasiyası, evisserasiyası yerinə yetirilir.

İridosiklitin proqnoz və profilaktikası necədir?

Müalicə vaxtında və düzgün şəkildə aparıldıqda proqnoz qənaətbəxş olur. Kəskin iridosiklitin müalicəsindən sonra təxminən 15-20% hallarda tam sağalma əldə edilir, 45-55% hallarda isə xəstəlik adətən əsas xəstəliyin (revmatizm, podaqra) kəskinləşmələri ilə üst-üstə düşən zəif simptomatikalı residivlərlə xarakterizə olunan yarımkəskin formaya keçir.

İridosiklit görmə qabiliyyətinin davamlı azalması ilə səciyyələnən xroniki fazaya transformasiya edə bilər. Gecikmiş mərhələlərdə təhlükəli ağırlaşmalar: xorioretinit, bəbəyin bitişməsi, ikincili qlaukoma, katarakta, şüşəyəbənzər cismin deformasiyası və torlu qişanın qopması, şüşəyəbənzər cismin absesi, endoftalmit və panoftalmit, göz almasının subatrofiya və atrofiyası inkişaf edir.

İridosiklitin profilaktikası əsas xəstəliyin vaxtında müalicə edilməsindən, xroniki infeksiya ocaqlarının sanasiyasından ibarətdir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq