Kontakt linzalar haqqında məlumat

Bu gün bir çox insanlar estetik görünüşünə, etibarlılığına, sərbəstliyinə görə kontakt linzalara üstünlük verir. Rahatlığı və müxtəlifliyi sayəsində kontakt linzaların populyarlığı artmaqdadır.

Kontakt linzalar buynuz qişa üzərində yerləşdirilir. Linzalar, okulyar səthi örtən göz yaşı təbəqəsinə yapışaraq və müəyyən dərəcədə göz qapaqlarının təzyiqi altında öz yerini tutur.

  • Düzgün seçilmiş linza düz mərkəzdə yerləşir, buynuz qişanı örtür.
  • Göz yaşının dövr etməsini təmin etmək üçün linzalar asan hərəkət etməlidir.
  • İstifadəçi aydın görür, özünü rahat hiss edir, linzaların olmasını hiss etmir.
  • Görmə göz qırpımından sonra dəyişilməməlidir.
  • Linza kənarı gözə təzyiq göstərməməlidir.
  • Yatan və ya üzən (hovuzda və ya dənizdə) zaman, linzalar çıxarılmalıdır.
  • Əgər kontakt linzalaradan istifadə edərkən gözləriniz qızarır və ya gözlərinizdə yanğı hissi yaranırsa, linzaları dərhal çıxarmalı, həkimə müraciət etməlisiniz.

Kontakt linzaların üstünlükləri

  • Kontakt linzalar eynəklə müqayisədə daha geniş görmə sahəsini təmin edir.
  • Periferik (ətraf) görmə qabiliyyətini məhdudlaşdıran çərçivələr yoxdur.
  • Baxışın bütün istiqamətlərində optik korreksiya göstəriciləri eynidir.
  • Dərinlik qavrayışı eynəklə müqayisədə daha yaxşıdır.
  • Kontak linzalar insana daha təbii görkəm verir.
  • Eynək taxmaqla əlaqədar nəmlik, dumanlama, burun və qulaq ilə bağlı diskomfort problemləri kontakt linzalarda yoxdur.
  • Hətta refraksiya qüsurları olmayan insanlar (emmetropik insanlar) belə rəngli kontakt linzalardan (kosmetik süni göz bəbəyi) istifadə edib gözlərinin rəngini dəyişmək, daha cəlbedici görkəm əldə etmək imkanını qazanır.
  • Kontakt linzalar idman kimi dinamik hərəkətlər zamanı daha sərfəlidir.
  • Onlar idmançılar, qrim üzrə rəssamlar, fotoqrafçılar, əyləncə industriyasının peşəkarları, açıq havada çalışanlar, mikroskop, teleskop ilə bağlı işlər ilə məşğul olan insanlar üçün mükəmməl seçimdir.

Kontakt linzadan istifadənin prinsipləri

  • Qoruyucu maddədən azad natrium-kromoqlikat tərkibli damcılar və ya gözləri nəmləndirmək məqsədiylə istifadə olunan damcılar və bəzən də antibakterial göz damcıları istisna olmaqla, kontakt linzalar gözdə olarkən göz damcılarından istifadə edilməməlidir.
  • Bir çox göz preparatları  və onların tərkibində olan qoruyucu maddələr (məs., benzalkonium xlorid) linzalar tərəfindən absorbsiya olunurlar və bu da öz növbəsində toksiki və ya allergik reaksiyalara səbəb ola bilir.
  • Çiçək tozuna allergiyası olan xəstələr göz qaşınmasından əziyyət çəkdikdə kontakt linzadan istifadə etməməlidirlər.
  • Kontakt linzadan həmçinin gözün digər allergik təzahürləri zamanı da istifadə edilməməlidir.
  • Quru gözlər yüngül gedişli hallarda kontakt linzaların istifadəsi üçün nisbi əks göstəriş hesab olunur; ağır hallarda quru gözlər mütləq əks göstəriş hesab olunur.
  • Kontakt linzalar, xüsusilə quru və ya isti havalarda və yaxud da çox nəmli mühitdə istifadə olunmamalıdır. İntensiv kompyuter işi də həmçinin nisbi əks göstəriş hesab olunur.
  • Natəmiz suda üzdükdə və ya suya daldıqda (məs. hovuzda) kontakt linzalardan istifadə edilməməlidir (bir dəfəlik linzalardan istifadə edilirsə, onlar üzdükdən dərhal sonra çıxarılmalı və yenisiylə əvəz edilməlidir).
  • Öskürək və soyuqdəymə zamanı kontakt linzalardan istifadə edilməməlidir.
  • Bütün kontakt linza istifadəçiləri mütəmadi olaraq oftalmoloqun qəbulunda olmalıdırlar; cavan (<20 yaş) pasiyentlər və ya il ərzində bir və ya iki dəfə allergiya keçirən pasientlər, digər simptomlara malik atopik pasientlər, həmçinin keratokonuslu atopik pasientlər ildə bir dəfə və ya ehtiyac olduqda bir dəfədən daha çox oftalmoloqun qəbulunda olmalıdır.
  • Davamlı istifadə olunan kontakt linzaların istifadəsinə müntəzəm oftalmoloji nəzarət təmin edilməlidir.
  • Gündəlik istifadə olunan kontakt linzalar (dəyişmə intervalı 1-3 ay) həftə ərzində 5-6 gün taxılır. Kontakt linzaların davamlı istifadəsi zamanı onları gün ərzində yalnız məhdud zaman daxilində istifadə etdikdə təhlükəsiz sayılırlar  və  onlar bir ay intervalı ilə dəyişdirilməlidirlər. Əgər linzalar mütəmadi olaraq uzun müddət ərzində taxılarsa pasient oftalmoloqun nəzarəti altında olmalıdır.
  • Xüsusi hallar istisna olmaqla refraktiv cərrahi əməliyyatdan sonra kontakt linzalardan istifadə etmək məsləhət görülmür və bu hal, oftalmoloqun davamlı nəzarətini tələb edir.
  • Müvafiq əl gigiyenasına və kontakt linzaların təmizlənməsinə əməl edilməlidir.
  • Buynuz qişanın əsaslı anomaliyaları, buynuz qişanın xoralarının və ya digər xəstəlik və yaxud travmaların müalicəsində xüsusi kontakt linzaların istifadəsi müvafiq təcrübəyə malik həkim və ya bu tip müalicə sahəsində xəstələrin müayinəsini və ixtisaslaşmış təqibini təmin edən tibbi müəssisələrində aparılmalıdır.

Kontakt linzanın dəyişdirilməsi və məhlulu

  • Kontakt linzalar təlimatda göstərildiyi kimi əvəzlənməli və ya dəyişdirilməlidir. Konteynerlər ən azı 6 aydan bir dəyişdirilməlidir.
  • Oksigen-keçirən sərt kontakt linzalar 2 il intervalı ilə dəyişdirilməlidir.
  • Allergiyalı və ya digər səbəbdən həssas gözə sahib xəstələrin bir-günlük və ya qısa-müddətli (bir ay) linzalardan istifadə etmələri məqsədəuyğundur.
  • Keratokonuslu allergiyalı xəstələr (keratokonus əksər hallarda atopiya ilə yanaşı müşahidə olunur) oftalmoloqun nəzarəti altında oksigen keçirən sərt kontakt linzalardan istifadə edə bilər.
  • Hidrogen peroksid (H2O2əsaslı həlledicilərdən dezinfeksiya məqsədilə istifadə edilir.
  • Hidrogen peroksidin həlledicidə yetərli qədər neytrallaşdırılmaması səbəbindən kontakt linza məhlulu toksiki reaksiyaya səbəb ola bilər.
  • Kontakt linza məhlulu, eləcə də zülal-absorbsiyaedici həblər allergik reaksiyalara səbəb ola bilərlər.
  • Kontakt linzalar hidrogen peroksidlə dezinfeksiya edildikdən sonra konteynerdə bir müddət saxlanılarsa, gözə yerləşdirilməmişdən öncə onları yaxşıca yaxalamaq lazımdır.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq

Sizi maraqlandıran sualları Emin doktora whatsappa yazmaqla soruşa bilərsiz