Mərkəzi seroz xoreo-retinopatiya nədir? Xəstəlik haqqında nəyi bilmək lazımdır?

Mərkəzi seroz xoreo-retinopatiya gözün kökündə, tor qişanın mərkəzi görməyə cavabdeh makulyar zonasının altına maye toplanması ilə xarakterizə olunan haldır. Tor qişanın mərkəzi görməyə cavabdeh zonasının altına maye toplanıb onun qatlarını bir-birindən ayırdığı üçün mərkəzi görmənin qəfil və ya tədricən azalması müşahidə oluna bilər.

Bu vəziyyətdə görmə itkisini bərpa etmək üçün hər zaman tibbi müdaxiləyə ehtiyac olmasa da, tədricən və ya qəfil görmə itkisini müşahidə edən hər bir şəxs görmə ilə əlaqədar yarana biləcək problemlərin qarşısını almaq üçün göz həkiminin müayinəsindən keçməlidir.

Erkən dövrdə müalicənin başlanması çox vaxt tam sağalmanın qarantıdır .

Mərkəzi seroz xoreo-retinopatiya zamanı əsas əlamətlər:

  • İlkin mərhələlərdə xəstələr bulanıq görmədən şikayət edirlər;
  • Bəzi hallarda xəstələr görmə qabiliyyətində heç bir dəyişiklik hiss etmirlər;
  • Gözün arxasında yığılmış maye bəzən öz-özünə sorula bilər.

Mərkəzi seroz xoreo-retinopatiya zamanı nə baş verir?

Artıq qeyd etdiyimiz kimi mərkəzi seroz xoreo-retinopatiya zamanı tor qişanın mərkəzi görməyə cavabdeh əsas hissəsi olan makula (sarı ləkə) zonasının altına mayenin yığılması və bu zonada olan tor qişa qatlarının bir-birindən ayrılmasına səbəb olur.

Tor qişanın makulyar zonasındakı hüceyrələr işıq fotonlarını sinir impulslarına çevirərək sinir lifləri vasitəsilə beyinə ötürür ki, bununla da bizim görməmizi təmin etmiş olur.  Bu zonaya mayenin yığılması hüceyrələrin normal fəaliyyətini pozduğundan, bu görmə probleminə səbəb olur.

Bəzi hallarda heç bir tibbi müdaxilə tələb olunmur, vəziyyət öz-özünə bərpa olunur və xəstələr qısa müddətdən sonra görmə qabiliyyətini bərpa edirlər.

Ancaq buna baxmayaraq mərkəzi görməsində qara ləkə, dairə, həlqə, və ya düz xətlərin əyilməsini müşahidə edən xəstələr mütləq göz dibi müayinəsindən keçməlidirlər.

Simptomları nədir?

Bulanıq görmə ümumi simptomdur.

Adətən xəstələr mərkəzi görmə zonasının ətrafının qaralmağa başladığını və ya bulanıqlaşdığını qeyd edirlər. Əksər hallarda görmə problemi bir gözdə müşahidə olunur.

Mərkəzi seroz xoreo-retinopatiyanın əlavə simptomlarına aşağıdakılar aiddir:

  • obyektlər daha uzaqda görünür;
  • ağ tonlu rənglər daha zərif görünür;
  • düz xətlər əyri görünür;
  • görmə mərkəzində qara ləkə görünür.

Bəzən maye makula ətrafında yığılır və mərkəzi görmə qabiliyyətindən məsul olan bölgələrə təsir etmir. Belə olan halda mərkəzi seroz xoreo-retinopatiya qeyd olunan simptomlarla müşahidə edilmir və xəstələrin heç bir görmə şikayəti olmur.

Risk faktorları və səbəbləri nədir?

Müasir elm mərkəzi seroz xoreo – retinopatiyanın dəqiq səbəblərini bilmir, lakin bu vəziyyətin inkişafına aşağıdakı amillər təsir edə bilər:

Stress.

Stress mərkəzi seroz xoreo – retinopatiyanın ehtimal olunan əsas səbəbidir. Stress, bədənin kortizol adlı hormon istehsalına səbəb olur.

Bəzi dərmanların qəbulu.

Kortikosteroid tərkibli dərman preparatları qəbul edən insanlar da mərkəzi seroz xoreo – retinopatiyanın inkişaf riski yüksəkdir.

Yaş

Mərkəzi seroz xoreo-retinopatiya orta yaşlı kişilərdə yaşlı kişilərə və qadınlara nisbətən daha çox müşahidə edilir. Xəstəlik əsasən 30-50 yaş arasındakı kişilərdə müşahidə edilir.  Qadınlarda bu vəziyyət kişilərə nisbətən çox az hallarda inkişaf edir.

Alkoqol, zərərli vərdişlər və ətraf mühit

Alkoqol tərkibli içkilərin, xüsusən də pivənin ifrat qəbulu, siqaret istifadəsi və soyuq ətraf mühit amili mərkəzi seroz xoreo-retinopatiyanın inkişafında risk faktorlarındandır.

Diaqnoz necə qoyulur?

Görmə qabiliyyətində hər hansı dəyişiklik olduğunu hiss edən xəstələr göz həkiminə müraciət etməlidirlər. Mərkəzi görmədə baş verən dəyişiklik bu xəstəlikdə əsas göstərici ola bilər.

Oftalmoloq ilk növbədə xəstədən anamnez toplayaraq, zərərli vərdişlərin olub-olmadığını, risk faktorlarının mövcudluğunu aşkarlamağa çalışacaq. Bundan sonra görmə itiliyi, göz daxili təzyiq, eynək şüşələri ilə görmənin korreksiyası, gözün ön seqmentinin bio-mikroskopiyası, gen bəbəkdə arxa seqmentinin stereo – biomikroskopiyası kimi rutin müayinələri, həmçinin gözün ultrasəs müayinəsini, Amsler testini həyata keçirəcək. Diaqnozun dəqiqləşdirilməsi üçün göz dibinin Optik Koherent Tomoqrafiya (OKT), göz dibi damarlarının angio-qrafiya müayinəsi kimi müayinələri həyata keçirə bilər.

Müalicə variantları hansılardır?

Bəzən heç bir müalicə tələb olunmur. Belə hallarda oftalmoloq qatlar arası toplanmış mayenin boşalmasını müşahidə etmək üçün bir müddət nəzarət taktikasını seçir. Əgər 2-3 həftə müddətində maye sorulursa, heç bir müalicəyə ehtiyac qalmır. Digər hallarda, maye müdaxilə etmədən sorulmur. Müalicə taktikasında aşağıda qeyd edilmiş  bəzi variantlar mövcuddur.

  • həyat tərzinin dəyişdirilməsi
  • fotodinamik terapiya;
  • dərman vasitələrinin istifadəsi;
  • termal lazerlə müalicə;
  • steroid dərmanların istifadəsinin dayandırılması;

Həyat tərzinin dəyişdirilməsi

Həyat tərzinin dəyişdirilməsinə aşağıdakılar daxildir:

  • Aktiv həyat tərzi və idmanla məşğul olmaq;
  • Gecə ən azı 7 saat yatmaqla yuxunun bərpa edilməsi;
  • Alkoqollu içkilərdən çəkinmək;
  • Kofein qəbulunun (tünd çay, tünd kofe) azaldılması.

Fotodinamik terapiya

Fotodinamik terapiya zamanı verteporfin adlı dərman vasitəsi venadaxili yeridilir. Bu dərmanın molekulları daha sonra gözün toxumalarına keçir. Dərman gözə çatdıqdan sonra lazerlə mayenin sızan hissəsi yandırılır. Lazer verteporfini oyadır, bu da sızmanı dayandırmağa və gələcəkdə sızmaların qarşısını almağa kömək edir.

Dərman vasitələrinin istifadəsi

Bəzi dərmanlar bu vəziyyətdə effektivdir. Damar endotelinin böyümə faktorunun əleyhinə olan dərmanlar gözlərdə yeni qan damarlarının böyüməsinin qarşısını almaq üçün istifadə edilir. Bu vasitələr gələcək görmə problemlərinin qarşısını almağa kömək edir.

Termal lazerlə müalicə

Termal lazerlə müalicə alternativ müalicə üsuludur. Bu prosedur fotodinamik müalicədən bir qədər risklidir, çünki sızıntıları çapıqlaşdırdığından yara toxumasının inkişaf etmə ehtimalı daha yüksəkdir.

Steroid dərmanların istifadəsinin dayandırılması

Mərkəzi seroz xoreo – retinopatiya müşahidə edilən xəstələr steroid tərkibli dərmanların istifadəsindən çəkinməlidirlər. Digər dərmanlarda olduğu kimi, steroid müalicəsi alan xəstələr bu müalicəni dayandırmazdan əvvəl həkiminə müraciət etməlidir, çünki steroidləri qəfil dayandırmaq təhlükəli ola bilər.

Proqnoz nədir və fəsadları varmı?

Mərkəzi seroz xoreo – retinopatiya, ümumiyyətlə görmə problemindən başqa xəstəliklərə və ya ağırlaşmalara səbəb olmur.

Bəzi xəstələrdə makula altındakı maye sorulmur, bu da mərkəzi seroz xoreo – retinopatiyanın qalıcı olaraq mərkəzi görmə itkisinə səbəb olur.

Əksər xəstələrdə mərkəzi seroz retinopatiya heç bir tibbi müdaxilə olmadan öz-özünə yox olur. Beıə hallarda göz həkimi qalıcı görmə pozğunluğunun qarşısını almaq üçün sorulma prossesinin gedişatına diqqətlə izləməlidir. Maye lazım olduğu kimi sorularsa, ağırlaşmaların olması ehtimalı aşağı düşür.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq