Presbiopiya nədir? Səbəbləri nədir, müalicəsi necə aparılır?
Presbiopiya nədir?
Bəzi insanlarda 40 yaşından sonra presbiopik dəyişikliklər müşahidə oluna bilər. Presbiopiya – gözün refraksiya qüsurudur, bu zaman insan yaxın məsafədən kiçik şriftləri və balaca əşyaları görə bilmir. Bu vəziyyət yaşlanmaqla əlaqədar yaranan görmə problemlərindən biridir. Xüsusi ilə yaxın görmənin yaşa dolduqca pisləşməsi bu cür vəziyyətlərə səbəb olur. Bu zaman gözün bülluru qalınlaşaraq elastikliyini itirir. Ona görə də yaşlı insanlarda kitab və qəzet oxumaq, tikiş tikmək və ya kompüterdə saatlarla işləmək müxtəlif göz problemlərinə səbəb olur. Yəni yaxın məsafəyə (40-50 sm) görmənin pozulması ilə yanaşı baş ağrısı, göz ağrısı, yorğunluq və yuxulu vəziyyətlər yaranır.
Presbiopiyanı necə anlayaq?
Bəzən presbiopiya həm də hipermetropiya ilə qarışdırıla da bilər. Lakin hipermetropiya uşaq yaşlarından müşahidə olunur və hipermetropiya zamanı yaxın görmə problemindən əlavə başqa görmə problemləri də müşahidə oluna bilər. Presbiopiya isə yaşla əlaqədar inkişaf edən yaxın görmə problemidir. Bu xəstəlik inkişaf etdikdə kitab və jurnal oxuyarkən və ya, yaxın məsafədə digər işlər görən zaman mütləq müsbət göstəricili yaxın üçün eynəklərdən istifadə olunmalı, gözlə predmet arasında ən azı 35-40 sm məsafə saxlanılmalıdır.
Presbiopiya zamanı nə baş verir?
Presbiopiya zamanı bülluru idarə edən göz əzələləri işləsə də, əvvəlki qədər aktiv olmur. Büllur elastikliyini itirdikdə isə obyektlər istənilən səviyyədə görünmür. Nəticədə tor qişa üzrərinə görünən predmetin əksi tam düşmür, onun arxasına düşür. Bu da yaxın görmənin bulanıq olmasına səbəb olur. Obyekt ilə gözün arasında olan məsafəni artırmaqla göz obyektə yönəlməni təmin edir. Ona görə də 40 yaşdan sonra presbiopiya inkişaf etməyə başladıqda insanlar yaxın məsafədə olan əşyaları daha yaxşı görmək üçün gözdən aralamağa başlayırlar. Beləcə qəzeti oxuyan zaman onu gözdən aralı tutmaqla xırda şriftlə yazılmış sözləri görməyə imkan yaranır. Bu səbəbdən presbiopiyaya “uzun qol sindromu” da deyirlər.
Presbiopiya necə müalicə olunur?
Bu xəstəliyin müalicəsində kontakt linzalar, göz içi linzalar və ya lazer cərrahiyyəsi tətbiq olunsa da, ən geniş yayılmış, ən rahat və ən ucuz, həmçinin münasib vasitə yaxın üçün təyin edilmiş “+” göstəricili eynəklərdir.
Presbiopiyanın müalicəsində əlavə hansı üsullar mövcuddur?
Hər bir insanın sağ və sol əli kimi daha çox istifadə etdiyi bir dominant, yəni aparıcı gözü vardır. Monovizyon sistemdə “excimer” lazer ilə görmə qüsuru düzəldilərkən, dominant göz uzağı tam görəcək şəkildə, dominant olmayan göz isə yaxını daha yaxşı görəcək şəkildə (-0.75 – 1.00 dərəcə) dəyişdirilir. Beləcə yaxın eynəyə asılılıq tam olaraq itməsə də azalır.
Eynəklərdən bifokal və ya multifokal eynəklər istifadə edilə bilər. Bu eynəklər uzaq, orta və yaxın məsafələri dəqiq görməyi təmin edir. Kontakt linzalar da uzaq və yaxın məsafələri rahat görməyə kömək edir. Lakin, göz quruluğu, göz allergiyası olanlarda bu linzalardan istifadə çətindir. Göz içi linzalar kataraktası olanlarda tətbiq olunarkən, ilk öncə katarakta təmizlənir, daha sonra gözün içinə multifokal göz içi linza yerləşdirilir. Lakin, göz içi əməliyyatlarında risk və ağırlaşmalar daha çox olduğundan bu əməliyyat yalnız kataraktası olanlara tətbiq olunur.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.