Gözləriniz sizin sağlamlığınız haqqında nə deyir?

“Gözlər qəlbin aynasıdır” – əbəs yerə deyilməyib. Bir gün pasiyentimi müayinə edərkən onun gözündəki bir dəyişiklik diqqətimi cəlb etdi və soruşdum:

– Yuxu probleminiz varmı?  

– Bəli, var. Bunu necə bildiniz həkim…? – deyə, xəstə təəccüblə mənə baxdı.

Xəstə şikayət edərkən gözlərinin selikli qişasının ağ və sakit olmasına baxmayaraq, sağ gözündə səhər yuxudan oyandıqdan dərhal sonra sancma hissi kimi cüzi bir narahatlıq hiss etdiyini demişdi.

Gülümsədim və xəstənin gözünü biomikroskopla müayinə edib  cavab verdim:

– Sizdə buynuz qişanın alt səthində çox incə nöqtəli eroziya görürəm. Gözlərinizə baxanda yatarkən göz qapaqlarınızın açıq qaldığı və beləliklə gözünüzün səthinin ətraf-mühit təsirinə məruz qalaraq quruduğu hiss olunur.

Sonra göz qapaqlarının dərisindən tutdum və bir qədər dartdım.

– Üst göz qapaqlarınızın elastikliyi zəifdir. Siz yuxuda olarkən asanlıqla açıla bilirlər, bu da gözlərinizin səthinin qurumasına səbəb olur. Ona görə də oyandığınız anda gözlərinizdə bu sancma hissi yaranır. Günün irəliləyən saatlarında gözlərinizi normal şəkildə qırpdığınız üçün təbii göz yaşınız gözün səthinə yayılır və narahatlığı azaldır. Lakin bu problemi həll etmək üçün əlavə bir müalicə planına başlamalıyıq dedim.

Təbii ki, bir həkim olaraq obstruktiv yuxu apnoesi, sallanan göz qapağı sindromu və xəstənin profili arasındakı əlaqəni çox yaxşı bilirəm. Belə hallar kök, orta yaşlı kişilərdə daha çox müşahidə olunur. Belə xəstələrdə tövsiyə olunan müalicəyə yalnız gözün nəmləndirilməsi deyil, yuxu apnoesi üzrə mütəxəssisə, pulmonoloqa və okuloplastik cərraha müraciət edilməsi də daxildir.

Bu sadəcə göz xəstəlikləri ilə bədənin hər hansı nahiyəsində olan digər problemlər arasındakı əlaqəni göstərən bir nümunədir. Bu klassik əlaqələrdən bəziləri şəkərli diabet və yüksək qan təzyiqi, yəni hipertoniya zamanı da qeyd edilir. Xəstələrin göz dibinə baxaraq şəkər və ya qan təzyiqinin nə qədər yaxşı, və ya pis nəzarətdə olduğunu deyə bilərəm. Əslində şəkərli diabet xəstəliyi olan hər bir insan torlu qişanın sağlamlığını qiymətləndirmək üçün mütəmadi olaraq bəbəyin genişləndirilməsi ilə aparılan göz müayinələrindən keçməlidir.

Dəri xəstəlikləri zamanı da gözdə bir sıra dəyişikliklər maşahidə olunur. Beləki, qaşınan qırmızı gözlər atopik dermatit və ya rozasea (çəhrayı sızanaqlar) kimi bəzi dəri xəstəliklərinin şiddətlənməsi ilə müşayiət oluna bilər.

Yüksək stres altında olan, eləcə də yuxusuzluq (insomnia) və ya A tipli davranış (aqressiv və rəqabətkar xarakter) kimi yuxu pozğunluğu olan insanların mərkəzi seroz xorio-retinopatiya (MSX) adlı göz xəstəliyinə tutulma ehtimalı çox yüksəkdir. MSX görmə qabiliyyətini nəzərə çarpacaq dərəcədə poza bilər. Belə olan hallarda, pasiyentlərimə təkcə gözlərinin müalicəsi üçün uyğun məsləhətlər verməklə kifayətlənmirəm, eyni zamanda problemə hərtərəfli yanaşmaq üçün xəstəmi nevroloqa, və ya psixoloqa yönləndirəm.

Dediklərimi ümumləşdirib aşağıdakıları nümunə göstərə bilərəm:

Əgər pasiyent görmə qabiliyyətində birdən-birə zəiflik hiss edirsə və ona torlu qişada damar tıxanması diaqnozu qoyulubsa, belə olan halda xəstədə yüksək xolesterin və digər ürək-damar xəstəliklərinin olma ehtimalı olduğu bəlli olur. Qanda xolesterin səviyyəsinin dərhal normallaşdırılması xəstəni infarkt və insult kimi gələcək ağırlaşmalardan xilas edə bilər.

Görmə sahəsinin müəyyən bir hissəsinin daralması beyində inkişaf edən və müəyyən beyin strukturlarını sıxdığına işarə verən şişlər, həmçinin müxtəlif törəmələr ola bilər.

Əgər gözün ağlı qişası, yəni sklerası saralırsa, qaraciyər problemləri müşahidə oluna bilər.

Gözlər qırmızı və ağrılıdırsa, həmçinin görmə qabiliyyəti zəifləyibsə və xəstəyə üveit diaqnozu qoyulubsa, belə pasiyentlərdə revmatik xəstəliklərə də rast gəlinə bilər.

Siyahını çox davam etmək olar. Lakin nəticə birdir. Ən azı ildə bir dəfə göz həkiminə müraciət edərək, profilaktik müayinə olunmaq lazımdır.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq