Yaşla əlaqədar makulyar degenerasiya (YƏMD) nədir? Səbəbləri, müalicəsi, profilaktikası barədə
Yaşla əlaqədar makulyar degenerasiya (YƏMD) nədir?
Yaşla əlaqədar makulyar degenerasiya yaşı 60-dan yuxarı olan insanlarda daha çox təsadüf oluna bilər. Statistikaya görə, yer üzərində 30 milyon insan hələ də sonadək öyrənilməmiş bu xəstəlikdən əziyyət çəkir. Son məlumatlara əsasən, makulyar degenerasiya daha gənc yaşlarda təsadüf edilməyə başlayıb və artıq 40 yaşlı qadın və kişilərdə müşahidə olunur.
Xəstəliyin əsas əlaməti bir və ya hər iki gözün mərkəzi görməyə cavabdeh makula nahiyyəsinin zədələnməsi və bununla da mərkəzi görmənin zəifləməsidir. Ona görə də görmə kəskinliyi pisləşərsə, vaxtında oftalmoloqa müraciət etmək lazımdır. Ola bilsin ki, siz yaxından görmədən əziyyət çəkirsiniz, lakin bu, makulyar degenerasiyanın ilkin əlaməti də ola bilər.
Yaşla əlaqədar makulyar degenerasiyanın yaranma səbəbləri nədir?
Makulyar degenerasiyanın yaranma səbəbləri aşağıdakı kimi izah edilir:
- Yaş artdıqca, görmə üzvünün hüceyrələrinin müdafiə elementləri olan karotinoidlərin miqdarı azalır;
- Nəticədə ğözlər günəş radiasiyası və ultarabənövşəyi şüalara qarşı həssaslaşır.
Əvvəlcə mərkəzi görmənin ayrılmaz hissəsi olan makulyar zona zədələnir. Görmə üzvünün bu hissəsinin sayəsində biz kiçik detalları ayırd edir, bizi əhatə edən aləmi bütün çalarları ilə görürük.
Yaşla əlaqədar olaraq, tor qişanın görməyə cavabdeh mərkəzi hissəsinin hüceyrələrində qidalanma pozğunluğu yaranır – buna degenerasiya deyirlir. Söhbət gənc insanlardan gedərsə, oftalmoloqlar “makulanın distrofiyası” diaqnozu qoyurlar.
Yaşla əlaqədar makulyar degenerasiyanın iki növü var:
- Quru forma – bu ağırslaşmış forma hesab edilir, müalicəyə tabe olmur və tədricən inkişaf edir;
- Eksudativ (yaş) forma– korreksiyası və inkişafının dayandırılması mümkündür.
Əgər quru forma diaqnozu qoyularsa, söhbət makulyar nahiyənin atrofiyası sayəsində torlu qişanın nazilməsi və bunun nəticəsi olaraq qan dövranının çatışmazlığından gedir. Makula üzərindəki piqment toxuması ölür – bunun nəticəsində atrofiyaya uğramış hüceyrələr çapıqlaşma əmələ gətirir ki, onlar həkim müayinəsi zamanı görünür.
Eksudativ (yaş) formaya – daha az, pasiyentlərə yaşla bağlı makulyar degenerasiya diaqnozu qoyulduqda rast gəlinir. Buna səbəb torlu qişanın daxilinə sirayət edən, lakin makulaya yaxın anormal damarların həcminin artımıdır. Qatların defekti makulanın şişkinliyini formalaşdıran mayenin xaricə axmasına səbəb olur, bunun nəticəsində də insan görməsini itirir.
Yaşla əlaqədar makulyar degenerasiyanın əlamətləri hansılardır?
Makulyar degenerasiyasını ilkin mərhələlərdə aşkara çıxarmaq vacib şərtdir. Belə olan təqdirdə, xəstəliyi sağaltmaq və ya heç olmazsa, inkişafının qarşısını almaq mümkündür.
Yaşla əlaqədar makulyar degenerasiyadan əziyyət çəkən pasiyentlər adətən aşağıdakı simptomlardan şikayətlənirlər:
- Əşya və ya təsvirlərin ikiləşməsindən;
- Düz xətlərin əyilmiş görünməsindən;
- Təsvirlərin dəqiq forma və cizgilərinin müəyyən edilməməsindən;
- İşığa qarşı həssaslığın inkişaf etməsindən.
Bir çox insanlar ağrı hissi olmadığından görmənin zəifləməsini gözlərin yorulması və ya yorğunluğu ilə əlaqələndirib, həkimə müraciət etmirlər. Onlar tədricən daha bir əlamətlə – görmə mərkəzində qara ləkənin yaranması ilə üzləşirlər. Bu əlamət oxumaq, yazmaq, avtomobil sürməkdə çətinliklər yaradır.
Yaşla əlaqədar makulyar degenerasiyanın diaqnostikası necə aparılır?
Yaşla əlaqədar makulyar degenerasiya diaqnozunu dəqiq qoymaq üçün pasiyent aşağıdakı müayinələrdən keçməlidir:
- Oftalmoskopiya – xəstə gözün tor qişasının vəziyyətini dəyərləndirir;
- Optik Koherent Tomoqrafiya(OKT) – normadan kənaraçıxmaları xəstəliyin hələ erkən mərhələlərində üzə çıxarmağa şərait yaradır;
- Amsler qəfəsi testi – bu testi ev şəraitində aparmaq mümkündür. İnsan qarşısındakı xüsusi tor üzərindən baxır və yayılmaların olub-olmadığını müəyyənləşdirir.
Yaşla əlaqədar makulyar degenerasiyanın müalicəsi necə aparılır?
Yaşla əlaqədar makulyar degenerasiyanın müalicəsi özündə bir neçə metodu birləşdirir.
Bura aiddir:
- Lazer müdaxiləsi. Patologiyanın inkişafı ləngidilir, həmçinin, cərrah torlu qişadan çapığı kənarlaşdırmaq imkanı əldə edir.
- Lazerlə fotodinamik müalicə. Pasiyentin qanına xüsusi tərkibli maddə yeridilir ki, bunun sayəsində lazer aktivləşir və patoloji qan damarlarını sıradan çıxarır.
- Gözə zədələnmiş damarların artmasının qarşısını alan preparatlar yeridilir.
- Görməni yaxşılaşdıran vasitələr. Makulodegenerasiya əşyaları yaxşı görməyə mane olur və bəzi vasitələr, eləcə də linzalar obyektləri dəqiq görməyə imkan yaradır.
Yaşla əlaqədar makulyar degenerasiyanın ən yeni müalicə üsulları hələ ki, eksperimental mərhədədir.
Buraya aiddir:
- Damarları tor qişadan xaric edən əməliyyatlar;
- Torlu qişanın mərkəzi zonasının yerinin dəyişdirilməsinə əsaslanan translokasiya əməliyyatı.
Yaşla əlaqədar makulyar degenerasiyanın profilaktikası necə aparılır?
Yaşla əlaqədar makulyar degenerasiyanın profilaktikası əsasən gənc yaşlarda tor qişanı ultrabənövşəyi şüalardan qorumaq üçün gün eynəklərindən istifadə olunması, qida rasionunda omeqa-3 yağ turşuları, vitamin və mikroelementlərlə zəngin qidanın qəbul edilməsi, siqaret və digər zərərli vərdişlərin tərgidilməsi, valideynlərdə və yaxın qohumlarda yaşla əlaqədar makulyar degenerasiya halları olduğu təqdirdə mütəmadi olaraq göz həkiminin nəzarətinin həyata keçirilməsi məsləhət görülür.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.