Hipermetropiya (uzaqdan görmə) nədir? Səbəbləri, müalicəsi, profilaktika və proqnozu barədə.
Hipermetropiya (uzaqdan görmə) – gözün şüasındırma qabiliyyətinin (refraksiya) anomaliyası olub, əşyaların təsvirinin torlu qişada deyil, onun arxasında fokuslanması ilə xarakterizə edilir. Hipermetropiya zamanı xəstə yaxınlıqda yerləşən obyektləri aydın şəkildə seçə bilmir. Hipermetropiya gözlərdə yanğı və yorğunluq hissi, baş ağrıları ilə müşayiət olunur. Diaqnostika prosesində görmə itiliyi təyin olunur, refraktometriya, oftalmoskopiya, skiaskopiya, biomikroskopiya, göz almasının ultrasəs müayinəsi aparılır. Müalicə taktikası refraksiya pozğunluğunun dərəcəsindən asılıdır. Xəstələrə optik korreksiya, aparat üsulları (videokompüter korreksiya, lazerstimulyasiya), lazer korreksiya (LASIK, termokeratoplastika), termokeratokoaqulyasiya, hiperfakiya, hiperartifakiya və s. həyata keçirilə bilər.
Hipermetropiya barədə ümumi məlumat
Hipermetropiya yunan sözü olub, «hyper» – artıq, «metron» – ölçü, «ops» isə göz deməkdir. 18 yaşdan yuxarı şəxslər arasında uzaqdan görmənin yayılma tezliyi orta hesabla 35-45% təşkil edir. 7-12 yaşlı uşaqlarda hipermetropik refraksiya fizioloji xarakter daşıyır. Hipermetropiya 3 yaşa qədər uşaqların 90%-də, 13-14 yaşlı yeniyetmələrin isə 35%-də müşahidə olunur.
Hipermetropiyanın yaranma səbəbləri nədir?
Miopiyada (yaxından görmə) olduğu kimi hipermetropiyanın da inkişafının əsasını gözün şüasındırma qüvvəsinin gözün ön-arxa ölçüsünə uyğun olmaması təşkil edir. Lakin hipermetropiya zamanı bu uyğunsuzluq optik mühitlərin nisbi zəifliyi və ya ön-arxa oxun (ÖAO) qısa olması nəticəsində meydana çıxır. Bu 2 mexanizm şüaların torlu qişanın arxasında fokuslanmasına səbəb olur. Hipermetropların bir qismində buynuz qişa və büllurun oprik qüvvəsinin zəifliyinə göz almasının ön-arxa oxunun qısalığı ilə birgə rast gəlinir.
Fizioloji hipermetropiyaya (+2+4 dptr) yenidoğulmuşlarda təsadüf edilir. Onun yaranması göz almasının ön-arxa oxunun ölçüsünün kiçik olması (ÖAO-nun uzunluğu = 16-17 mm) ilə izah edilir. 4 dptr hipermetropiya dölün yetişkənliyini xarakterizə edir; hipermetropiyanın dərəcəsinin yüksəlməsi adətən mikroftalm (normadan kiçik göz) zamanı izlənilir və gözün anadangəlmə anomaliyaları (katarakta, görmə siniri diskinin və damar qişasının kolobomaları, aniridiya, lentikonus, qlukomaya meyllik və s.), digər inkişaf qüsurları (dovşandodaqlıq, qurdağızlıq, əl və ayaq barmaqlarının, qulaqların anomaliyaları və s.) ilə müştərək şəkildə inkişaf edir.
Uşaq böyüdükcə göz almasının ölçüləri də norma səviyyəsinə qədər (ÖAO=23-25mm) artır. Bu da əksər hallarda 12 yaşda uzaqdangörmənin aradan qalxmasına və normal refraksiyanın (emmetropiya) formalaşmasına gətirib çıxarır. Gözün böyüməsi ləngidikdə hipermetropiya proqressivləşdikdə miopiya yarana bilər. Orqanizmin inkişafı başa çatdıqda insanları 50%-də hipermetropiya, qalan hissəsində isə emmetropiya və miopiya qeyd edilir.
Göz almasının böyüməsinin ləngiməsinin səbəbi elmə məlum deyil. Hipermetropların əksəriyyətində 35 – 40 yaşa qədər gözün siliar əzələsinin daimi gərginliyi hesabına refraksiya zəifliyini kompensə etmək olur. Siliar əzələ bülluru qabarıq vəziyyətdə saxlamaqla, onun sındırma qabiliyyətini yüksəldir. Lakin gələcəkdə akkomodasiya qabiliyyəti zəifləyir, təxminən 60 yaşda kompensator imkanlar tamamən tükənir. Bu da həm yaxında, həm də uzaqda yerləşən əşyaların bulanıq görülməsinə səbəb olur. Nəticədə qocalıq hipermetropiyası və ya presbiopiya inkişaf edir. Belə vəziyyətlərdə görmə yalnız toplacıyı (müsbət) linzalardan ibarət eynəklərlə bərpa oluna bilər. Ona görə də hipermetropiya “+” (müsbət) dioptriya ilə ifadə edilir.
Bundan əlavə hipermetropiya afakiya zamanı (büllurun olmaması ilə səciyyələnən anadangəlmə və ya qazanılmış patologiya) müşahidə edilə bilər. Afakiya əsasən travmalar (büllurun çıxığı) və ya kataraktanın ekstraksiyası zamanı büllurun çıxarılması ilə bağlı olur. Afakiyalı xəstələrdə gözün şüasındırma qüvvəsi xeyli azalır, görmə itiliyi isə orta hesabla 0,1 (10 %) olur. Belə hallarda güclü müsbət linzalarla əvəzedici korreksiya və ya intraokulyar linzanın implantasiyası tələb olunur.
Hipermetropiyanın təsnifatı barədə.
İnkişaf mexanizminə görə hipermetropiya aksial və refraksion formalara bölünür. Aksial hipermetropiya gözün ön-arxa oxunun qısalığı, refraksion forma isə optik aparatın şüasındırma qabiliyyətinin zəifləməsi ilə bağlıdır.
Refraksiya anomaliyası akkomodasiya gərginliyi hesabına kompensasiya olunduqda gizli; auto-korreksiyanın mümkün olmadığı və müsbət linzaların istifadəsinə ehtiyac yarandıqda isə aşkar forma kimi qiymətləndirilir. Yaş artdıqca gizli hipermetropiya aşkar formaya keçir.
Yaşdan asılı olaraq, hipermetropiya 3 formaya ayrılır: uşaqlarda rast gəlinən təbii fizioloji; anadangəlmə; yaşlılarda presbiopiya.
Tələb olunan korreksiyanın dərəcəsinə və refraktometriyanın nəticələrinə əsasən uzaqdan görmənin 3 dərəcəsi ayırd edilir:
- zəif dərəcəli: +2,5 dptr qədər
- orta dərəcəli: +2.5 ilə +5 dptr arası
- yüksək dərəcəli: +5 dptr-dan yuxarı
Hipermetropiyanın əlamətləri hansılardır?
Hipermetropiyanın zəif dərəcələri gənc yaşlarda heç bir əlamətlə özünü büruzə vermir; akkomodasiya gərginliyi hesabına xəstələr həm yaxını, həm də uzağı yaxşı görürlər. Orta dərəcədə uzağı görmə demək olar ki, pozulmur. Lakin vizual yüklənmə zamanı (yaxın məsafədə yerləşən əşyalara çox baxdıqda) göz yorğunluğu, göz almaları, qaşüstü qövs, alın və burun kökündə ağrı, görmə diskomfortu, hərflər və sətirlərin qarışması baş verir. Uzaqdan görmənin yüksək dərəcəsi yaxını və uzağı görmənin ifadəli azalması, astenopik əlamətlər (gözlərdə «qum dənələrinin» olması hissi, baş ağrıları, gözlərin tez yorulması) ilə müşayiət olunur. Orta və yüksək dərəcələrdə göz dibində dəyişikliklər – görmə siniri diskinin hiperemiyası və sərhədlərinin aydın olmaması aşkarlanır.
+3 dptr-dan yüksək anadangəlmə korreksiya olunmayan hipermetropiyanın rast gəlindiyi uşaqlarda müştərək çəpgözlüyün yaranma ehtimalı yuxarıdır. Buna gözü hərəkət etdirən əzələlərin daimi gərginliyi və aydın görmənin əldə olunması üçün göz almalarının burun tərəfə hərəkət etdirilməsi səbəb olur. Hipermetropiya və çəpgözlüyün proqressivləşməsi ambliopiya ilə nəticələnə bilər.
Pasiyentlər tez-tez gözlərini sürtdüyündən infeksiyalaşma ilə əlaqədar çox vaxt residivləşən blefarit, konyunktivit, itdirsəyi, xalazion inkişaf edir. Böyüklərdə hipermetropiya qlaukomanın risk amillərindən sayılır.
Hipermetropiyanın diaqnostikası necə aparılır?
Hipermetropiya adətən görmə itiliyinin yoxlanılması zamanı aşkar olunur. Vizometriya korreksiyasız aparılır. Refraksiyanı müəyyən etmək üçün skiaskopiya, kompüter refraktometriya icra olunur. Uşaqlar və gənclərdə gizli uzaqdan görməni üzə çıxarmaq məqsədilə refraktometriya induksiya olunmuş sikloplegiya və midriaz şəraitində (gözə xüsusi bəbək genəldici dərmanlar damzıdırıldıqdan sonra) yerinə yetirilir.
Gözün ultrasəs müayinəsi və exobiometriya vasitəsilə göz almasının ön-arxa oxunun uzunluğu ölçülür. Yanaşı gedən patologiyaları aşkar etmək üçün perimetriya, oftalmoskopiya, Goldman linzası ilə biomikroskopiya, qonioskopiya, tonometriyadan istifadə olunur. Çəpgözlükdə biometrik müayinə həyata keçirilir.
Hipermetropiyanın müalicəsi necə aparılır?
Hipermetropiya konservativ (eynək və ya kontakt linza korreksiya), lazer (LASIK, SUPER LASIK, LASEK, EPI-LASIK, FRK, Femto LASIK) və ya cərrahi üsullarla (lensektomiya, hiperfakiya, hiperartifakiya, termokeratoplastika və s.) müalicə olunur.
Astenopik şikayətlərə rast gəlinmədikdə, hər iki gözün görmə itiliyi 1,0-dan (100 %) az olmadıqda və binokulyar görmə qeydə alındıqda korreksiyaya (eynək təyininə) ehtiyac olmur.
Uşaqlarda eynək üsuluna üstünlük verilir. Məktəbəqədər dövrdə hipermetropiya +3 dioptriyadan yuxarı olduqda eynək daimi şəkildə taxılmalıdır. Çəpgözlük və ambliopiyanın inkişafına meyllik izlənilmədikdə 6-7 yaşlarda eynək korreksiyası ləğv edilə bilər. Astenopiya zamanı fərdi xüsusiyyətlər və yanaşı gedən xəstəliklər nəzərə alınmaqla «müsbət» eynək və ya kontakt linzadan istifadə edilir. Bir sıra hallarda 3 dioptriyaya qədər hipermetropiyada ortokeratoloji gecə linzaları məsləhət görülür. Uzaqdan görmənin yüksək dərəcələrində mürəkkəb və ya iki cüt eynək (uzaq və yaxın məsafədən işlədikdə) təyin oluna bilər.
Hipermetroplara aparatla müalicə (Ambliokor, Ambliotrener, Sinoptofor və s.), fizioterapiya (boyun-yaxalıq nahiyəsinin masajı, lazeroterapiya, maqnitoterapiya və s.), vitaminoterapiya və bioloji aktiv əlavələr tövsiyə olunur. Bəzi həkimlər televizora baxarkən akkomodasiya gərginliyini azaldan perforasion eynəyin istifadəsini məqsədəuyğun hesab edirlər.
+6 dioptriyaya qədər hipermetropiyanın lazer korreksiyası 18 yaşdan sonra aparıla bilər. LASIK, LASEK, intraLASIK, Super LASIK, EPI-LASIK, fotorefraksion keratektomiya (FRK) geniş tətbiq olunur. Hər bir üsulun öz göstərişləri olsa da, onların mahiyyəti eynidir. Burada əsas məqsəd buynuz qişanın səthinin fərdi parametrlərə uyğun formalaşdırılmasıdır. Uzaqdan görmənin eksimer-lazer korreksiyası qeyri-travmatik olduğundan buynuz qişada ağırlaşmalar baş vermir, astiqmatizmin yaranma ehtimalı minimuma enir.
Hipermetropiyanın cərrahiyyəsində büllurun refraksion əvəzlənməsi üsulundan istifadə olunur. Əməliyyat prosesində büllur xaric edilir (lensektomiya) və müvafiq optik qüvvəyə malik intraokulyar linza göz daxilinə implantasiya edilir (hiper-artifakiya).
Xəstələrdə cərrahi müalicə məqsədilə hiperfakiya (müsbət fakik linzanın implantasiyası), termokeratokoaqulyasiya, lazer termokeratoplastika, keratoplastika (buynuz qişanın plastikası) aparıla bilər.
Hipermetropiyanın proqnoz və profilaktikası necədir?
Korreksiya olunmayan (eynək təyin olunmayan) hipermetropiya çəpgözlük, ambliopiya, gözün residivləşən iltihabi xəstəlikləri (konyunktivit, blefarit, keratit) ilə ağırlaşa bilər. Hipermetroplara ildə 2 dəfədən az olmamaqla oftalmoloqun müayinəsindən keçmək tövsiyə edilir.
Hipermetropiya zamanı həkimin təyinatlarına və düzgün görmə rejiminə (kafi işıqlandırılma, göz idmanları, vizual yüklənmənin aktiv istirahətlə növbələnməsi) riayət edilməlidir. Bu məsləhətlər hipermetropiyanın profilaktikasına da aid edilir. Çəpgözlüyün inkişafının qarşısını almaq üçün doğuşdan sonra I-II aylarda, 1, 3 və 6-7 yaşlarda uşaqlara oftalmoloji baxış keçirilməlidir.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.