Göz önündə uçuşan qara nöqtələr və ləkələr niyə yaranır? Səbəbləri, əlamətləri və müalicəsi barədə.

Göz önündə uçuşan qara nöqtələr və ləkələr niyə yaranır?

Göz önündə uçuşan qara nöqtələr, xətlər  və ləkələr şikayəti tez-tez rast gəlinən şikayətlərdəndir. Bu vəziyyətin harada və necə yaranmasını anlamaq üçün göz almasının quruluşunu başa düşmək lazımdır. Göz almasının daxilində büllurla torlu qişa arasında gözün 5/6 hissəsini təşkil edən boşluq var və bu boşluğu şüşəvari cisim adlanan şəffaf maddə doldurur.

Şüşəvari cicim şəffaf gelvari maddə olub, yumurtanın ağını xatırladır. Gənc yaşlarda tamamilə şəffaf və homogen olan şüşəvari cisim insan yaşlandıqca qatılaşır. Bu zaman şüşəvari cismin tərkibində nöqtəvari, sapvari və hörümçək toruna bənzər destruksion dəyişikliklər inkişaf etməyə başlayır.

Hər bir insanda bu vəziyyət müşahidə oluna bilər. Ona görə mavi səmaya, və ya ağ rəngli divara baxan zaman insanlar nöqtəvari, sapvari və hörümçək toruna bənzər ləkələr görə bilərlər. Bu ləkələr göz alması hərəkət edən zaman şüşəvari cismin içərisində üzdküləri üçün hərəkətlidirlər. Ona görə onların arxasınca baxmağa çalışdığımız zaman gözümüzün qabağından qaçırlar. Miopiyası olan şəxslərdə bu vəziyyət daha gənc yaşlarda müşahidə edilir. Orta yaşlı şəxslərdə isə bu təbii yaşlanma prossesinin nəticəsi olaraq gözdə inkişaf edir.

Yaşa dolduqca şüşəvari cisim gözün kökündə görmə siniri məməciyinin ətrafına birləşdiyi yerdən qopa bilər. Bu zaman xəstələr göz önündə üzən tam, və ya yarım həlqədən, hörümçək torundan, zərif kalağayıdan, və ya kimin fantaziyası daha zəngindirsə, müxtəlif cür izah edəcəyi kölgəliklərdən şikayət edirlər. Bu həlqə elmi dildə Weiss halqası adlanır. Bu vəziyyətlər normal qəbul edilir və görmənin zəifləməsinə, və ya itirilməsinə səbəb ola biləcək hallar kimi qiymətləndirilmir. Ancaq bəzi şəxslərdə şüşəvari cisim tor qişadan ayrılan zaman tor qişanı çəkməyə başlayır. Bu zaman xəstələr göz önündə işıq çaxmalarından, qığılcımlardan, göz önündə şimşək çaxmadan şikayət edirlər.

Əgər tor qişadan rahat ayrıla bilməyən şüşəvari cisim qopduğu yerdə tor qişanın tamlığını pozarsa, bu zaman tor qişada yaranmış dəlikdən tor qişanın altına maye toplanaraq onun qopmasına səbəb ola bilər. Bu isə kifayət qədər ciddi vəziyyət olub, vaxtında qarşısı alınmadıqda görmənin itirilməsinə səbəb ola bilər. Buna görə də göz önündə qəfil yaranan uçuşan qara nöqtələr, qığılcım, və ya şimşək çaxması olan zaman mütləq göz həkiminə müraciət edib, göz dibi müayinəsindən keçmək lazımdır.

Vaxtında aşkarlanan tor qişa dəlikləri və yırtıqları çox sadə lazer prosedurunun vasitəsilə tor qişaya pərçimlənərək, tor qişanın qopmasının və gələcəkdə görmənin itirilməsi riskindən xəstəni azad etmiş olar.

Göz önündə uçuşan qara nöqtələr və ləkələr keçib gedə bilərmi?

Göz önündə uçuşan qara nöqtələr və ləkələr şüşəvari cismin yaşlanması ilə əlaqədar normal dəyişikliyi olduğundan azalmayacaq, əksinə xəstənin yaşı artdıqca daha da artacaq. Ancaq qara nöqtələr və ləkələr zaman keçdikcə aşağı çökərək, görmə sahəsindən çəkilə bilər ki, bununla da daha az görünər.

Bundan əlavə zaman keçdikcə insan uçuşan qara nöqtələrə öyrəşir və bu xəstəni daha az narahat etməyə başlayır. Əsəbləri gərgin olan şəxsləri bu nöqtələr daha çox qıcıqlandırır.

Göz önündə uçuşan qara nöqtələr və ləkələrin müalicəsi varmı?

Bu vəziyyət xəstəlik olmadığından onun müalicəsi yoxdur. Ancaq bəzi mütəxəssislər həddindən artıq narahat olan xəstələrin gözündəki bulanmaları lazer şüaları ilə dağıtmağa cəhd ediblər. Nəticə elə də ürəkaçan olmayıb, hətta bəzi xəstələrdə nöqtələr daha da artıb. Ona görə bu metod elə də geniş tıtbiq olunmur.

Bəzən göz daxili qansızması olan və əvvəllər göz önündə uçuşan qara nöqtələrdən əziyyət çəkən xəstələr vitrektomiya (göz daxilindən şüşəvari cismin çıxarılması) əməliyyatından sonra bütün nöqtələrin sorulduğunu qeyd edirlər. Ancaq bu əməliyyat çox ciddi və riskli olduğundan normal gözdə uçuşan qara nöqtələrlə mübarizə üçün tövsiyyə edilmir. Yalnız şəkərli diabeti olan və göz daxili qanamaları olan xəstələr üçün tövsiyyə edilir.

Göz önündə uçuşan qara nöqtə və ləkələrin göz daxili təzyiqin artması ilə əlaqəsi varmı?

Xeyr, göz daxili təzyiqin artması ilə xarakterizə olunan qlaukoma xəstəliyi çox hiyləgər xəstəlik olub, heç bir əlamət olmadan inkişaf edir. Buna görə 45 yaşdan sonra hər bir şəxs ən azı ildə bir dəfə göz daxili təzyiqi ölçdürməli və görmə siniri məməciyinin tomoqrafiyası müayinəsindən keçməlidir.

Gözdə şimşək çaxması nəyin əlamətidir?

Gözdə şimşək çaxması çox önəmli şikayət olub, yuxarıda qeyd edildiyi kimi tor qişasının qopmasının əlaməti ola bilər. Belə şikayəti olan şəxs vaxt itirmədən göz həkimində müayinə olunmalı, ehtiyac olan təqdirdə tor qişada mövcuq yırtıq və dəliklər lazerlə qaynaq edilməlidir. Gözdə qığılcım, və ya şimşək çaxması zamanı qətiyyən gözləmək olmaz, vaxt itirmədən göz həkiminə müraciət etmək lazımdır.

Gözdə işıq çaxmaları nadir hallarda beyin şişlərində, göz daxili təzyiqin yüksəlməsində, katarakta zamanı müşahidə olunsa da, əsasən tor qişanın dartılma, və ya cırılma əlamətidir. Bu vəziyyət zamanı vaxt itirmədən göz həkiminin müayinəsindən keçmək lazımdır.

Gözdə işıq çaxmaları, üzən qara nöqtələr və ləkələr müşahidə olunarsa nə etməli?

Şikayəti olan şəxs vaxt itirmədən göz həkiminə müraciət edib, gen bəbəkdə (xüsusi damcılarla gözün bəbəyi genəldilir ki, göz dibi strukturları yaxşı görünsün) göz dibi müayinəsindən keçməlidir. Əgər tor qişada dəlik, və ya yırtıq aşkarlanarasa, lazerlə həmin nahiyyə qaynaq edilməlidir. Əgər müayinə vaxtı heç bir ciddi dəyişiklik aşkarlanmazsa, ancaq xəstənin şikayətləri davam edərsə, xəstə göz həkimi tərəfindən dinamik nəzarətə götürülməlidir. Çünki vaxtında aşkarlanmayan tor qişa yırtığı ciddi görmə itirilməsinə səbəb ola bilər. Belə olan təqdirdə ən yaxşı göz həkimi belə vəziyyəti tam bərpa edə bilmir.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq