40 yaşdan sonra gözdə müşahidə edilə biləcək əsas dəyişikliklər və xəstəliklər barədə
4o yaşdan sonra göz almasında bəzi dəyişikliklər müşahidə olunmağa başlayır. Bu dəyişikliklərdən bəziləri görməyə ciddi təsir etməsə də, digərləri çox ciddi və geri dönməz görmə itikisinə səbəb ola bilər. Ona görə də insan həyatının ən məhsuldar dövründə ciddi görmə itkisi ilə bağlı problemlərdən qorunmaq üçün 40 yaşdan sonra gözdə inkişaf edə biləcək xəstəliklər haqqında məlumata sahib olmaq və təbii ki, ən azı ildə bir dəfə göz həkiminin müayinəsindən keçmək lazımdır. 40 yaşdan sonra müşahidə edilən 7 əsas göz xəstəliyi barədə məlumat aşağıda yerləşdirilib.
1. PRESBİOPİYA
Bəzi insanlarda 40 yaşından sonra presbiopik dəyişikliklər müşahidə oluna bilər. Presbiopiya – gözün refraksiya qüsurudur, bu zaman insan yaxın məsafədən kiçik şriftləri və balaca əşyaları görə bilmir. Bu vəziyyət yaşlanmaqla əlaqədar yaranan görmə problemlərindən biridir. Xüsusi ilə yaxın görmənin yaşa dolduqca pisləşməsi bu cür vəziyyətlərə səbəb olur. Bu zaman gözün bülluru qalınlaşaraq elastikliyini itirir. Ona görə də yaşlı insanlarda kitab və qəzet oxumaq, tikiş tikmək və ya kompüterdə saatlarla işləmək müxtəlif göz problemlərinə səbəb olur. Yəni yaxın məsafəyə (40-50 sm) görmənin pozulması ilə yanaşı baş ağrısı, göz ağrısı, yorğunluq və yuxulu vəziyyətlər yaranır. Daha ətraflı.
2. Quru göz sindromu
Quru göz sindromu gözün təbii mayesinin və nəmləndirilməsinin xroniki çatışmazlığı nəticəsində meydana gələn patoloji vəziyyətdir. Bu zaman gözün ön qişalarının zəif, lakin daimi iltihabı müşahidə olunur. Daimi quruluq, göynəmə, qızartı və yanma hissi quru gözün əsas simptomlarıdır. Bu əlamətlərdən biri olsa belə göz həkiminə müraciət etmək üçün səbəb ola bilər. Daha ətraflı.
3. KATARAKTA
Göz almasının içərisində hər iki tərəfi qabarıq linzanı xatırladan büllur yerləşır. Büllurun qabarıb, çökməsi bizim gözümüzə fokuslamaq qabiliyyəti verərək, görməmizə kömək edir. Normal büllur şəffaf olur. İnsan yaşa dolduqca büllurun şəffaflığı azalır və o, bulanmağa başlayır. Bulanmış büllur katarakta adlanır və el arasında “Mirvari suyu” adı ilə tanınır . Katarktadan əziyyət çəkən şəxslərin görməsi onun bulanma dərəcəsindən asılıdır. Daha ətraflı.
4. QLAUKOMA
El arasında “Qara su” kimi tanınan qlaukoma xəstəliyi, yüksək göz daxili təzyiq nəticəsində görmə sinirinin zədələnməsi, bununla da xəstənin görmə sahəsinin tədricən daralması və müalicə olunmadığı təqdirdə görmənin geridönməz itiriməsinə səbəb olan xəstəlikdir. Özünü xəstəliyin ən son mərhələsində bildirən hiyləgər qlaukoma gec diaqnoz olunduqda görmə sinirinə çox ciddi və bərpa olunmaz zədə vura bilər. Daha ətraflı.
5. DİABETİK RETİNOPATİYA
Diabetik retinopatiya şəkərli diabetdən əziyyət çəkən xəstələrdə göz dibini örtən və sinir toxumasından ibarət tor qişanın damarlarının zədələnməsi zamanı əmələ gəlir. Bu zaman tor qişanın damarlarının divarı zədələnərək, oradan tor qişaya qan sızır. Bundan əlavə yeni və anormal damarlar əmələ gəlir. Daha ətraflı.
6. Göz önündə uçuşan qara nöqtələr
Şüşəvari cicim şəffaf gelvari maddə olub, yumurtanın ağını xatırladır. Gənc yaşlarda tamamilə şəffaf və homogen olan şüşəvari cisim insan yaşlandıqca qatılaşır. Bu zaman şüşəvari cismin tərkibində nöqtəvari, sapvari və hörümçək toruna bənzər destruksion dəyişikliklər inkişaf etməyə başlayır. Daha ətraflı.
7. Yaşla əlaqədar makulyar degenerasiya
Xəstəliyin əsas əlaməti bir və ya hər iki gözün mərkəzi görməyə cavabdeh makula nahiyyəsinin zədələnməsi və bununla da mərkəzi görmənin zəifləməsidir. Yaşla əlaqədar makulyar degenerasiya yaşı 60-dan yuxarı olan insanlarda daha çox təsadüf oluna bilər. Statistikaya görə, yer üzərində 30 milyon insan hələ də sonadək öyrənilməmiş bu xəstəlikdən əziyyət çəkir. Son məlumatlara əsasən, makulyar degenerasiya daha gənc yaşlarda təsadüf edilməyə başlayıb və artıq 40 yaşlı qadın və kişilərdə müşahidə olunur. Daha ətraflı.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.