Miopik astiqmatizm: Səbəbləri, əlamətləri və müalicəsi barədə.
Astiqmatizm – işıq şüalarının tor qişa üzərində fokuslanmasının pozulması ilə xarakterizə olunan görmənin spesifik pozulmasının bir növüdür. Bunun nəticəsində bu problemdən əziyyət çəkən şəxs hər şeyi dumanlı və qeyri dəqiq görür. Çox zaman bu vəziyyət miopiya ilə, yəni uzaqda olan cisimləri görmədə çətinlik çəkmə ilə birgə təsadüf edilir. Oftalmologiyada bu mürəkkəb vəziyyətin xüsusi adı var – miopik astiqmatizm.
Miopik astiqmatizm nədir?
Miopik astiqmatizmin nə olduğunu anlamaq üçün ilk növbədə normal görmənin necə baş verdiyini başa düşmək lazımdır. Normal görməsi olan gözdə işıq şuaları əvvəlcə buynuz qişadan, sonra isə büllurdan keçərək gözün kökünə tor qişanın üzərinə düşürlər. Nəticədə görmə analizatoru kənarları aydın və xırda detallarına qədər dəqiq, tam rəngli və normal təsvir əldə edir.
Buynuz qişanın, və ya bullürun formasında və sferikliyində dəyişiklik olan təqdirdə tor qişa üzərinə düşən işıq şüaları təhrif olunur və bu patologiyadan əziyyət çəkən insan hər şeyi bulanıq və qeyri dəqiq görür. Daha ağır hallarda xəstələr cismin ondan uzaqlıq dərəcəsini analiz etməkdə əziyyət çəkir, kənarlarını və teksturasını ayırd edə bilmir (xırda detallar olan təqdirdə).
Astiqmatizm zamanı gözün buynuz qişası qeyri düzgün sferik formada olur və reqbi topunu xatırladır. İşıq şüaları perpendikulyar səthlərdə qeyri düzgün sınır. Əgər belə vəziyyət mənfi göstəricili linzalarla kompensasiya olunursa, bu miopik astiqmatizm adlanır.
Miopik astiqmatizm zamanı iki müxtəlif görmə pozğunluğunun əlamətləri bir-birinə qarışmış olur – miopiyanın və astiqmatizmin. Belə hallarda çox vaxt xəstələr vəziyyəti düzgün qiymətləndirə bilmirlər. Beləki, çox vaxt bu vəziyyət anadangəlmə olur və uşaqlar görmələrinin normal olmadığını anlaya bilmədiklərindən görmə ilə bağlı heç bir şikayət etmirlər.
Mürəkkəb miopik astiqmatizmin səbəbləri
Bu vəziyyətin əsas səbəbini oftalmoloqlar genetik faktorla əlaqələndirirlər. Statistikaya əsasən bu vəziyyətdən əziyyət çəkənlərin 63%-də miopiyadan, və ya astiqmatizmdən əziyyət çəkən qohumları olub. Valideynlərinin hər ikisi miopiyadan, və ya astiqmatizmdən əziyyət çəkən uşaqlar bu vəziyyət üçün, və ya görmə pozğunluqlarına səbəb digər vəziyyətlər üçün yüksək risk qrupundadırlar.
Xəstəliyin anadangəlmə formasından əlavə, qazanılma növləri də ola bilir:
- buynuz qişanın mexaniki travmasından sonra;
- bullurun yerdəyişməsinə, və ya zədələnməsinə səbəb olan gözü dəlib keçən və ya gözün küt travmaları;
- gözdə həyata keçirilmiş cərrahi, və ya az-invaziv cərrahi əməliyyatlardan sonra;
- gözün xarici qişalarının, və ya daxili strukturlarının uzunmüddətli iltihabi prosseslərindən sonra;
- baş beyin, və ya görmə üzvünün damar anomaliyaları;
- mütəmadi olaraq gözdaxili təzyiqin artmasına səbəb olan sistem xəstəliklər.
Mürəkkəb miopik astiqmatizmin təsnifatı
Xəstəliyin inkişaf xüsusiyyətlərinə, refraksiyanın dərəcəsinə və xüsusiyyətinə (işıq şüalarının göz daxili mühitlərdən keçərək, qeyri düzgün sınmasına) görə miopik astiqmatizmin müxtəlif növləri qeyd edilir:
- Sadə miopik astiqmatizm – refraksiya prossesi əsasən şaquli meridianda, çox nadir hallarda isə üfüqi meridianda (fokusun yayıldığı buynuz qişanın şərti xətləri) pozulur.
- Mürəkkəb miopik astiqmatizm – refraksiya prossesi həm şaquli, həm də üfüqi meridianda pozulur.
Mürəkkəb miopik astiqmatizm öz növbəsində düzgün və qeyri düzgün olmaqla iki yerə bölünür. Birinci halda işıq şüasının sınması şaquli, ikinci halda isə üfüqi meridianda baş verir.
Miopiyanın patoloji vəziyyətinin intensivliyinə görə xəstəlik 3 dərəcəyə bölünür.
- Zəif – miopiyanın dərəcəsi 3 dioptriyanı (D) keçmir.
- Orta – miopiyanın dərəcəsi 3-6 D arasında olur.
- Yüksək – miopiyanın dərəcəsi 6 D-dən çox olur.
Əgər yüngül dərəcəli sadə və mürəkkəb miopik astiqmatizm xəstənin həyatına yüngül diskomfort gətirirsə də, yüksək dərəcəli göstəricilər zamanı xəstələr ciddi görmə məhdudiyyəti ilə üzləşir və xüsusi optik korreksiya (eynək, kontakt linza) olmadan hətta tanımadığı yerdə hərəkət etməkdə belə çətinlik çəkirlər.
Mürəkkəb miopik astiqmatizmin simptomları
Bu vəziyyəti astiqmatizmə və miopiyaya xarakter bir sıra əlamətlərinə görə aşkarlamaq mümkündü:
- görmə itiliyinin tədricən, və ya qəfil azalması;
- cisimlərin əyri görünməsi, konturlarının silinməsi, dəqiqliyin itməsi;
- cisimlərin üfüqi, və ya şaquli istiqamətdə yüngül əyilməsini hiss etmək;
- cisimlərin, işıq mənbəyinin ikiləşməsi, adətən üfüqi istəqamətdə yanında kölgəli görmə.
Bu simptomlar miopiya zamanı da müşahidə oluna bilər. Ancaq miopik astiqmatizm zamanı əlavə şikayətlər də müşahidə olunur. Beləki, xəstələr hər hansı cisimdə görməsini fokuslamaqda əziyyət çəkirlər. Bu şikayət daha çox astiqmatizmə xarakter olub, miopiyaya uyğun gəlmir.
Gözə düşən uzunmüddətli qeyri bərabər gərginlik nəticəsində bır sıra şikayətlər meydana gəlir: gözdə sulanma, baş ağrıları, ürəkbulanma. Bu şikayətlər adətən günün ikinci yarısı yaranır və axşama doğru daha da güclənir.
Uşaqlarda bu patologiya özünü bir qədər fərqli aparır. Yaxşı görmə ilə dumanlı və pis görmənin fərqini anlayan yaşlı xəstələrdən fərqli olaraq, uşaqlar yaxşı görmənin necə olması barədə təsəvvürə malik olmurlar. Buna görə də bu vəziyyət zamanı heç bir şikayət etmirlər. Ancaq uşaqları diqqətlə müşahidə etdikdə onların görməsində hansısa problemin olduğunu anlamaq olar. Beləki, bir göz zədələndikdə uşaqlar həmin gözü görmə aktından “təcrid etməyə” çalışırlar. Bu zaman onlar – gözün birini əli ilə örtür, hər hansı cismə diqqətlə baxarkən başını əyib böyürdən baxmağa çalışırlar, və ya mütəmadi olaraq gözlərini qırpırlar (sinir tiki). Tədricən bu vəziyyət uşaqlarda ambliopiyanın (göz tənbəlliyinin) inkişafına səbəb ola bilər.
Mürəkkəb Miopik Astiqmatizmin Diaqnostikasi
Diaqnoz anamnestik məlumatlar, fizikal baxış və spesifik müayinələrin nəticələri əsasında qoyulur.
- Vizometriya (Görmə itiliyinin təyini). Müayinə əvvəlcə korreksiyasız, monokulyar (bir gözdə) aparılır. Sonra isə müxtəlif optik qüvvəyə malik eynək şüşələri və ya xüsusi xətkeşdən istifadə etməklə görmə disfunksiyasının xarakteri öyrənilir.
- Kompüter kerato–refraktometrik müayinə.Bu üsul gözün refraksiya göstəricilərini, miopik astiqmatizmin üfüqi və şaquli meridianlarının gücünü, yəni təyin ediləcək optik korreksiya vasitəsi üçün gözün sferik və silindrik göstəricilərinin, həmçinin silidrik göstəricinin bucağını dəqiq təyin etməyə kömək edir.
- Yarıqlı lampanın köməyilə baxış.Biomikroskopiya vasitəsilə göz almasının ön qütbünün patoloji dəyişiklikləri inkar edilir. Göz qapaqlarının kənarlarında qabıqların aşkarlanması, meybom vəzilərinin axacaqlarının zədələnməsi kontakt yolla korreksiyanın davam etdirilməsinə əks-göstəriş sayılır.
- Astiqmatik fiqurlarla testlər. Müayinə Snellen və Raubiçek fiqurları ilə aparılır. Xəstədə astiqmatik defektlər olduqda ulduzşəkilli fiqurdan istifadə edərkən əks istiqamətli şüalar daha aydın görünür. Raubiçek testi ilə nəinki əsas meridianlar, həm də xəstəliyin dərəcəsi təyin edilir.
- Kompüter keratotopoqrafiyaqeyri-invaziv üsul olub, buynuz qişanın ön və arxa səthlərinin əyriliyinin xarakteristikasının öyrənilməsinə imkan verir. Buynuz qişanın dəyişiklikləri ilə bağlı astiqmatizmdə aşağı, yüksək və normal sferikliyə malik sahələrin kombinasiyası aşkar edilir.
- Paximetriyanın köməyilə buynuz qişanın qalınlığı ölçülür. Optik paximetriyadan kontakt linzaların seçilməsində istifadə olunur. Sonra isə linza taxılmış gözdə ultrasəs paximetrlə keratotopoqafik parametrlər müəyyən edilir.
Mürəkkəb miopik astiqmatizmin müalicəsi
Uşaq yaşlarında mürəkkəb miopik astiqmatizmin müalicəsi eynəklərin və ya xüsusi torik kontakt linzaların təyini ilə həyata keçirilir. 18 yaşdan yuxarı xəstələrin müalicəsi uşaqlarda olduğu kimidir, ancaq gözləri astiqmatizmdən tam azad etmək üçün bu yaşdan sonra buynuz qişa göstəriciləri və proqressivləmənin xüsusiyyətləri nəzərə alınmaqla eksimer lazer cərrahi əməliyyatları tətbiq edilə bilər.
Optik korreksiya vasitələri miopik astiqmatizm zamanı terapevtik effekt vermir, xəstəyə rahat görməyə kömək edir. Eynəklər və kontakt linzalar göz almasının fiziologiyasına təsir etmir, miopiya və astiqmatizmin verə biləcəyi narahatlıqların qarşısını alır. Onlar refraksion göstəricilərə əsasən təyin edilir. Seçiləcək linzanın həm sferik, həm də silindrik parametrləri nəzərə alınır.
Az yaşlı uşaqlarda mürəkkəb miopik astiqmatizmin müalicəsi yalnız eynəklərin təyini ilə həyata keçirilir. Daha yaşlı xəstələrdə həm eynək korreksiyası, həm də torik, yəni astiqmatik kontakt linzaların təyini həyata keçirilir. Uşaqlarda eynəklərin daima istifadə olunması tövsiyyə edilir. Beləki, kiçik yaşlarda görmə funksiyası tam olaraq inkişaf etmədiyindən eynəklərin mütəmadi istifadə edilməməsi ambliopiya – yəni göz tənbəlliyinə, bunun da nəticəsində çəpgözlük kimi ağırlaşmaya səbəb ola bilər.
Xüsusi göz məşqləri görməni geri qaytarmasa da, gözlərdə yaranan yorğunluğun qarşısını ala bilər. Müntəzəm göz məşqləri ilə gözün akkomodasiyaya cavabdeh əzələlərini aktivləşdirmək olar ki, bu da miopik astiqmatizmin proqressivləşməsini ləngidə bilər.
Miopik astiqmatizmin tam və birdəfəlik müalicəsi yalnız lazer korreksiya əməliyyatları ilə mümkündür.
Eksimer lazer korreksiya üsulu – ən müasir, az travmatik müdaxilə olub, lazer şüalarının vasitəsilə buynuz qişanın anomal quruluşunu və əyriliyni düzəltməyə kömək edir. Bu əməliyyatların müxtəlif növləri var: LASIK, SuperLasik, FemtoLasık.
Mürəkkəb miopik astiqmatizmin profilaktikası
Genetik meyllik olan hallarda xəstəlikdən boyun qaçırmaq və görmə ilə əlaqədar problemlərdən can qurtarmaq mümkünsüz görünür. Ancaq miopik komponentin inkişafını bu və ya digər dərəcədə tormozlamaq mümkündür. Bunun üçün:
- telefon, planşet və digər ekranlı vasitərin istifadə müddətini azaltmaq və 20/20/20 qaydasına əməl etmək tövsiyyə olunur;
- stasionar kompüter arxasında işi müəyyən fasilələrlə həyata keçirmək, hər 1 saatdan bir 5 dəqiqə müddətinə fasilə tövsiyyə edilir;
- oxu materialını yalnız oturaq vəiyyətdə və yaxşı işıqlanma olan yerdə oxumaq tövsiyyə edilir;
- gözlərin gigiyenasına ciddi riayət etməli, iltihabi xəstəliklərin müalicəsini yubatmamalı;
- görməni qorumaq üçün tövsiyyə edilən məşqləri mütəmadi həyata keçirməli.
Profilaktik tədbirlər xəstəliyin sürətli proqressivləşməsinin və sonrakı ağırlaşmaların qarşısını almağa kömək edə bilər. Uşaqlarda görmənin zəifləməsinə şübhə olan hallarda vaxt itirmədən oftalmoloqa müraciət etmək lazımdır.
Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.