Oftalmoloq – göz həkimi görmə üzvü və onun artımlarının (göz qapağı, göz yaşı ifraz edən orqanlar, retrobulbar toxuma) xəstəliklərinin müayinə, müalicə və profilaktikası ilə məşğul olur.

Hansı hallarda oftalmoloqa müraciət etmək lazımdır?

Erkən neonatal dövrdə (doğuşdan sonra ilk 7 gün ərzində), 6 yaşa qədər və eləcə də 40 yaşdan sonra ildə 1 dəfə oftalmoloqun planlı konsultasiyası məsləhət görülür. Yenidoğulmuşun müayinəsi görmə orqanının anadangəlmə inkişaf qüsurunu inkar etmək məqsədilə aparılır. 6 yaşa qədər uşaqların profilaktik müayinəsi refraksiya və akkomodasiya patologiyalarını vaxtında aşkarlamağa imkan verir. 40 yaşdan yuxarı şəxslərin hər il oftalmoloqa müraciəti sayəsində qlaukoma, katarakta və retinopatiyanın əlamətlərini erkən mərhələlərdə üzə çıxarmaq mümkündür.  Aşağıdakı əlamətlərlə qarşılaşdıqda plansız konsultasiya göstərişdir:

  • Görmə itiliyinin azalması.Görmə disfunksiyasının yaranmasına müxtəlif vəziyyətlər səbəb ola bilər. Onlar arasında refraksiya anomaliyalarına (miopiya, hipermetropiya, presbiopiyaastiqmatizm) daha çox rast gəlinir. Görmənin pisləşməsi həm də katarakta və yaxud qlaukomanın təzahürü sayıla bilər.
  • Görmənin ikiləşməsi – qarışıq astiqmatizm və strabizmin ən geniş yayılmış əlamətidir. Oftalmoloji baxış zamanı diplopiyanın səbəbini müəyyən etmək mümkün olmadıqda pasiyent infeksionist və nevroloqun konsultasiyasına yönləndirilir. Bu simptomun qəfil meydana çıxması botulizmə işarə edir.
  • Gözdə qaşınma və yanğı hissi.Sadalanan hallar əksərən allergik konyunktivit, keratit və ya blefaritdən xəbər verir. Bəzən infeksiya və ya göbələk mənşəli iltihabi proseslər qaşınma və göynəmə törədir.
  • Konyunktiva damarlarının genişlənməsi.Palpebral və ya orbital konyunktivanın hiperemiyası selikli qişanın xarici qıcıqlandırıcılara (tüstü, soyuq hava, toz) reaksiyası nəticəsində baş verir. Bir sıra hallarda hiperemiya iltihabi proses fonunda inkişaf edir.
  • Qansızma.Subkonyunktival qansızma (hiposfaqma) görmə orqanı üçün təhlükə daşımır. Hifema və yaxud hemoftalm isə təxirəsalınmaz vəziyyət hesab olunur. Belə xəstələr təcili şəkildə oftalmoloqla əlaqə saxlamalıdır. Əks halda amavroz yarana bilər.
  • Gözdə yad cisim hissi.Adətən yad əşyalar kiçik ölçülü olur, vizual baxış zamanı onları görmək mümkün deyil. Buna baxmayaraq, yad cisimləri erkən dövrlərdə xaric etmək lazımdır. Belə ki, yad element gözdə nə qədər çox qalarsa, ağırlaşmaların (buynuz qişanın xorası, keratit, blefarit) baş vermə  ehtimalı bir o qədər yüksək olar.
  • Göz önündə üzən qara ləkələr.«Qara cücü» və yaxud «üzən» qaraltılar adətən şüşəyəbənzər cismin patologiyalarına (destruksiya, qansızma) dəlalət edir. Konsultasiya prosesində oftalmoloq eyni simptomatika ilə müşayiət olunan dəmir defisitli anemiyanı inkar etməlidir.
  • Gözlərin yaşarması.Göz almasının ön seqmentinin patoloji prosesə cəlb olunması gözlərin sulanması ilə gedir. Göz yaşının hipersekresiyası – orqanizmin müdafiə reaksiyası olub, zamanla göz qapağı və burun nahiyəsindəki dərinin maserasiyası ilə ağırlaşır.
  • Göz qapaqlarının funksiyasının pozulması.Pasiyentlərdə əsasən göz qapağının sallanmasına və iltihab əlamətlərinə (blefarit, çiban) təsadüf olunur.  Göz qapaqlarının bağlanmasının pozulması (laqoftalm, ektropion, entropion) sinit mənşəli olduqda, oftalmoloq nevroloqla birgə müalicə aparır.
  • Ağrı.Göz alması nahiyəsində ağrı sindromunun əmələ gəlməsi qeyri-spesifik əlamətdir. Kəskin ağrı adətən travma, retrobulbar nevrit, qlaukoma üçün xarakterikdir. Küt ağrı isə periorbital nahiyədə lokalizasiya olunan iltihabi proseslərin təzahürü sayılır.

Oftalmoloq hansı xəstəlikləri müalicə edir?

Oftalmoloq görmə orqanı və onun artımlarını zədələyən xəstəliklərin müalicəsi ilə məşğuldur:

  • Refraksiya anomaliyaları:miopiya, hipermetropiya, astiqmatizm, presbiopiya.
  • İltihabi xəstəliklər:konyunktivit, keratit, sklerit, uveit.
  • Göz qapaqlarının xəstəlikləri:blefarit, ptoz, entropion, ektropion, Markus-Qunn sindromu.
  • Anadangəlmə inkişaf anomaliyaları:mikroftalm, anoftalm, qüzehli qişanın anoftalmı, aniridiya.
  • Göz yaşı ifraz edən orqanların patologiyaları:dakriosistit, dakrioadenit, xroniki kanakulit, göz yaşı kisəsinin fleqmonası.
  • Görmə orqanının travmaları:yanıq, göz yuxası divarının sınığı, kontuziya, gözə nüfuz edən yaralanmalar.
  • Görmə sinirinin patologiyaları:atrofiya, retrobulbar nevrit, işemik neyropatiya.
  • Göz yuvasının xəstəlikləri:endokrin oftalmopatiya, orbital sellülit, retrobulbar toxumanın fleqmonası, limfangioma, hemangioma.
  • Qlaukoma və oftalmotonusun patologiyaları:gözün hipotoniyası, oftalmohipertenziya, qlaukomasiklitik kriz.
  • Büllurun xəstəlikləri:katarakta, büllurun ektopiyası, lentikonus, lentiqlobus.
  • Torlu qişanın xəstəlikləri:diabetik retinopatiya, torlu qişanın qopması, yarımçıq doğulmuşların retinopatiyası, yaşla bağlı makulodistrofiya.
  • Digər patologiyalar:buynuz qişanın distrofiyası, quru göz, çəpgözlük, konyunktivanın retension kistası.

Oftalmoloqun qəbuluna necə hazırlaşmalı?

Qadınlar konsultasiyadan əvvəl gözlərindəki makiyajı silməlidir. Bu, həkimə kirpik və göz qapaqlarını dəqiq müayinə etməyə imkan verir. Konsultasiya ərəfəsində özbaşına gözə dərman tökmək olmaz: analgetiklərin yerli tətbiqi buynuz qişanın həssaslığını təyin etməyə imkan vermir. Hormonal preparatların təsiri isə buynuz qişanın regenerasiyasını zəiflədir. Qəbula gələrkən eynək və linzalarınızı özünüzlə götürməyi unutmayın.

Oftalmoloq necə müayinə edir?

İlkin gəlişdə oftalmoloq hərtərəfli anamnez toplayır. Xəstənin şikayətlərini aydınlaşdırır, əlamətlərin müddətinə və ifadəliliyinə, irsi faktorlara diqqət yetirir. Sonra aşağıdakı müayinələri yerinə yetirir:

  • Vizometriya. Uzağı görmə itiliyi böyüklərdə Sivstev-Qolovin və Snellen, məktəbəqədər uşaqlarda isə Orlov cədvəlləri ilə  ilə müəyyən edilir. Sonra yaxından görmə yoxlanılır. Birinci mərhələdə korreksiyasız diaqnostika aparılır, ikincidə isə eynək korreksiyası və ya linzalardan istifadə olunur.

  • Refraksiyanın təyini.Bu məqsədlə skiaskopiya və ya kompüter refraktometrik müayinə tətbiq edilir.

  • Tonometriya. Gözdaxili təzyiqin ölçülməsi – oftalmologiyada rutin prosedurdur. İlkin baxış zamanı tonometriya yalnız orta və ahıl yaşlı şəxslərdə yerinə yetirilir. Gözdaxili təzyiqin ölçülməsi üçün müxtəlif metodlar və avadanlıqlar tətbiq edilir.

  • Gözün USM.Refraksiya anomaliyalarında gözün ön-arxa ölçülərini təyin etmək məqsədilə A-skanlama rejimində ultrasəs müayinəsi aparılır. Prosedur həmçinin intraokulyar linza seçimində zəruri sayılır. Göz almasının və retrobulbar toxumanın vəziyyətini qiymətləndirmək üçün B-skanlama icra olunur.

  • Gözün biomikroskopiyası.Xəstə yarıqlı lampa ilə müayinə olunur. Bu üsulla konyunktiva, göz qapağı, büllur, buynuz və qüzehli qişalara baxılır. Ön kamera, şüşəyəbənzər cismin vəziyyətinə diqqət edilir.

  • Göz dibinin bio-mikroskopiyası.Onun köməyilə göz dibi vizualizasiya olunur, torlu qişa, görmə sinirinin diski və makuladakı patoloji dəyişikliklər üzə çıxarılır. Gözün daxili qişasının periferik şöbələrini dəqiq müayinə etmək üçün oftalmoskopiya göz bəbəyini genişləndirməklə aparılır.

Sonrakı diaqnostik taktika müayinələrin nəticələrindən asılıdır. Göz dibində patoloji dəyişikliklər aşkarlandıqda gözün optik koherent tomoqrafiyası və kompüter perimetriya məsləhət görülür. Gözün travmalarında əlavə olaraq, göz yuvasının rentgenoqrafiyası və yaxud zədələnmiş hissənin kompüter tomoqrafiyası aparılır. Göz almasının ön şöbəsinin infeksion xəstəliklərinin əlamətlər üzə çıxdıqda sıyrıntının mikrobioloji müayinəsi, antibiotiklərə həssaslıq testi göstəriş sayılır.

Təkrar gəlişdə oftalmoloq patoloji prosesin dinamikasına nəzarət məqsədilə bəzi prosedurları yenidən icra edir. Məsələn, pasiyent keratitlə müraciət etdikdə, növbəti gəlişdə yalnız gözün biomikroskopiyası kifayətdir. Görmə itiliyinin təyini isə patologiyadan asılı olmayaraq, bütün hallarda müayinənin vacib mərhələsi sayılır.

Oftalmoloq xəstəlikləri necə müalicə edir? 

Görmənin kəskin və geridönməyən itirlməsinə gətirib çıxarmayan bütün oftalmoloji xəstəliklər ambulator şəraitdə müalicə olunur. Belə patologiyalara konyunktivit, keratit, blefarit aiddir. Həmçinin ambulatoriyada astiqmatizm, miopiyahipermetropiyanın korreksiyası aparılır. Gözə nüfuz edən yaralanmalar, yanıqlar, 4-cü dərəcəli kontuziya, ağır gedişli uveit və endoftalmit, buynuz qişanın yüksək perforasiya riskli xorası, torlu qişanın qopması, retrobulbar nevrit, birincili açıqbucaqlı qlaukoma tutması hospitalizasiyaya göstəriş sayılır.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq