Şəkərli diabet mənşəli göz xəstəlikləri hansılardır? Səbəbləri, əlamətləri və müalicəsi barədə.

Şəkərli diabet mənşəli göz xəstəlikləri nə deməkdir?

Şəkərli diabet mənşəli göz xəstəlikləri şəkərli diabetdən əziyyət çəkən xəstələrdə rast gəlinən və gözlərdə yaranan ağırlaşmalardır. Bu ağırlaşmalara diabetik retinopatiya, diabetik makulyar ödem, diabetik katarakta və qlaukoma aiddir.

Zaman keçdikcə diabet xəstələrin gözlərinə zədələyici təsir göstərir ki, bu da görmənin zəifləməsinə, hətta tam itirilməsinə gətirib çıxara bilər. Ancaq şəkərli diabetdən əziyyət çəkən xəstələr bir sıra profilaktik tədbirlərə əməl etməklə baş verə biləcək ağırlaşmaların qarşısını ala bilərlər.

Şəkərli diabet zamanı əməl edilməli olan və bununla da görmənin qorunmasını mümkün edən profilaktik tədirlərə aşağıdakılar aiddir:

  • Qanda şəkərin və xolesterolun miqdarını, həmçinin qan təzyiqini nəzarətdə saxlamalı;
  • Siqaret çəkən xəstələr siqareti tərgitməli;
  • Ən azı ildə 1 dəfə gen bəbəklə göz dibi müayinəsindən keçməli.

Gözləriniz sağlam görünə bilər, ancaq göz dibində baş verən dəyişikliklər barədə məlumat əldə etmək üçün ən azı ildə bir dəfə göz dibi müayinəsi çox vacibdir.

Adətən şəkərli diabetlə əlaqədar olan və erkən mərhələdə müşahidə edilən göz dibi dəyişiklikləri görməyə elə də təsir etmir. Ancaq xəstəliyin gələcək inkişafının qarşısını almaq, gələcəkdə baş verə biləcək ağırlaşmalarla müabirizə aparmaq, həmçinin görməni qorumaq üçün erkən müayinə və müalicə çox vacibdir.

Şəkərli diabet zamanı gözlər necə zədələnir?

Şəkərli diabet zamanı qanda şəkərin səviyyəsinin yüksək olması gözlərə zədələyici təsir göstərir.

Qısa müddətli qanda şəkərin miqdarının yüksəlməsi xəstələrin görməsinə elə də təsir etmir. Bəzən xəstələr şəkərli diabetin müalicəsi üçün istifadə etdikləri dərmanların qəbuluna fasilə verdikdə, və ya müalicə planını dəyişdikdə bir neçə günlük, və ya bir neçə həftəlik görmələrinin arabir dumanlanmasından şikayət edirlər. Qanda şəkərin miqdarının artması gözün toxumalarında mayenin toplanmasına səbəb ola bilər. Bu cür görmə bulanmaları adətən müvəqqəti olur və qanda şəkərin miqdarı normallaşdıqdan sonra keçib gedir.

Əgər qanda şəkərin miqdarı uzun müddət yüksək səviyyədə qalarsa, bu göz dibində olan damarları zədələyir. Zədələnmiş damarlardan maye sızmağa başlayır. Bununla yanaşı göz dibində zəif divarlara malik yeni damarlar inkişaf etməyə başlayır. Yeni əmələ gələn damarlar çox kövrək olduğundan tez-tez partlayaraq, göz dibində qansızmalara, çapıqlaşmaya və gözdaxili təzyiqin təhlükəli hədlərə qədər yüksəlməsinə səbəb olurlar.

Şəkərli diabet zamanı müşahidə edilən əsas göz xəstəlikləri qan damarları ilə əlaqədar inkişaf edən problemlərlə bağlıdır. Bu xəstəliklər aşağıdakılardır:

Diabetik retinopatiya

Tor qişa göz almasını daxildən örtən işığa həssas hüceyrələrdən təşkil olunmuş qatdır. Tor qişa işıq impulslarını sinir impulslarına çevirərək onları beyinə ötürür və nəticədə biz ətraf mühiti görürük. Tor qişa damarları zədələndikdə toq qişanın qidalanması pozulur və onun toxumasının məhvinə səbəb olur. Bu vəziyyət diabetik retinopatiya adlanır.

Diabetik retinopatiyanın erkən mərhələsində qan damarlarının divarı zəifləyir və tor qişaya maye sızması başlayır. Bu mərhələ qeyri proliferativ diabetik retinopatiya adlanır.

Xəstəlik ağırlaşdıqca bəzi qan damarlarının mənfəzi bağlanmağa başlayır. Nəticədə göz dibini oksigenlə qidalandırmaq üçün yeni qan damarları inkişaf edir. Bu qan damarları tor qişanın üzərini örtür və çox kövrək olduğu üçün tez-tez partlayaraq qansızmalara və bunun da nəticəsində göz dibində ciddi dəyişikliklərə səbəb olurlar. Bu vəziyyət proliferativ diabetik retinopatiya adlanır. Daha ətraflı.

Diabetik makulyar ödem

Tor qişada mərkəzi görməyə (oxumağa, maşın sürməyə, insanların sifətini tanımağa) cavabdeh hissə makula adlanır. Şəkərli diabet zamanı makula nahiyyəsinə maye hoparaq onu şişirtməyə başlayır. Bu vəziyyət makulyar ödem adlanır. Zaman keçdikcə bu vəziyyət görmə itiliyinin azalmasına, görmənin hissəvi, və ya tam itməsinə səbəb olur. Makulyar ödem adətən diabetik retinopatiyanın digər əlamətləri müşahidə olunan xəstələrdə inkişaf edir.

Diabetik katarakta

Göz almasının daxilində, bəbəyin arxasında yerləşən büllur hər iki tərəfi qabarıq linza olub, yaxında və uzaqda olan cisimləri görə bilməmiz üçün ətraf mühitdən gələn işıq şüalarını göz dibinə fokuslayır. Gənc yaşlarda büllur şəffaf olur, ancaq yaşa dolduqca büllur bulanmağa meylli olur və bu vəziyyət katarakta adlanır. Şəkərli diabetdən əziyyət çəkən xəstələr sağlam şəxslərlə müqayisədə daha çox büllurun bulanmasına meylli olurlar. Tədqiqatlara əsasən qanda şəkərin səviyyəsinin yüksək olması büllur kütlələrinin bulanmasını sürətləndirir. Daha ətraflı.

Qlaukoma

Qlaukoma görmə sinirinin zədələnməsinə səbəb olan xəstəlikdir. Görmə siniri sanki göz almasını beyinlə birləşdirən kabeldir. Şəkərli diabet zamanı qlaukomanın inkişaf riski daha yüksəkdir. Qlaukoma vaxtında müalicə olunmadıqda geri dönməz ciddi görmə itkisinə səbəb olur. Daha ətraflı.

Şəkərli diabet mənşəli göz xəstəlikləri nə qədər geniş yayılıb?

Diabetik retinopatiya

40 yaşdan yuxarı şəkərli diabeti olan hər üç xəstədən birində göz dibində diabetik retinopatiyanın əlamətləri müşahidə olunur. Diabetik retinopatiya şəkərli diabeti olan xəstələrdə görmənin itirilməsinə səbəb olan əsas xəstəlikdir. Diabetik retinopatiyanın erkən aşkarlanması və vaxtında malicəyə başlanması 95 % hallarda görmənin tam itirilməsinin qarşısını ala bilər.

Qlaukoma və katarakta

Şəkərli diabeti olan xəstələrdə qlaukoma və kataraktanın yaranma riski sağlam insanlarla müqayisədə iki dəfə daha artıqdır.

Şəkərli diabet mənşəli göz xəstəlikləri kimlərdə daha çox rast gəlinir?

Şəkərli diabetdən əziyyət çəkən istənilən şəxsdə göz ağırlaşmaları müşahidə oluna bilər. Aşağıdakı hallarda risk ikiqat artıq olur:

  • qanda şəkərin səviyyəsi yüksək olan və müalicə olunmayan şəxslər;
  • yüksək qan təzyiqi olan və müalicə olunmayan şəxslər;
  • qanda xolestorolun səviyyəsi yüksək olan şəxslər;
  • siqaret çəkən şəxslər.

Şəkərli diabeti olan qadınlar hamilə vaxtı göz problemlərinin inkişafı üzrə risk qrupundadırlar. Diabetik retinopatiyası olan hamilə qadınlarda xəstəlik bir az da ağırlaşa bilər. Beləki, dölün inkişafı üçün lazım olan bir sıra faktorlar göz dibində yeni damarların inkişafını stimulə edə bilər. Ona görə də daibetik retinopatiyası olan hamilə qadınlar mütəmadi göz həkiminin nəzarətində olmalıdırlar.

Yalnız hamiləlik vaxtı müşahidə edilən və gestasion diabet adlanan vəziyyət adətən göz problemlərinə səbəb olmur.

Xəstə şəkərli diabetdən nə qədər çox əziyyət çəkirsə, şəkərli diabet mənşəli göz problemlərinin inkişafı üzrə bir o qədər çox risk qrupundadır.

Şəkərli diabet mənşəli göz xəstəliklərinin əlamətləri hansılardı?

Adətən erkən mərhələdə heç bir əlamət müşahidə olunmur. Diabetik retinopatiya inkişaf etməyə başlayan dövrdə xəstələr nə ağrıdan, nə də görmə dəyişikliklərindən heç bir şikayət etmirlər.

Əlamətlər özünü biruzə verməyə başlayanda aşağıdakı kimi təzahür edə bilər:

  • dumanlı, və ya dalğalı görmə;
  • görmənin gah pisləşməsi, gah da yaxşılaşması;
  • görmə sahəsində qaranlıq sahələr və ya görmənin itməsi;
  • rəngli görmənin pozulması;
  • göz önündə üzən qara ləkələr, kölgələr;
  • göz önündə qığılcım, və ya işıqların görünməsi.

Bu əlamətlərdən biri, və ya bir neçəsi müşahidə edilərsə, göz həkiminə müraciət etmək lazımdır.

Hansı hallarda vaxt itirmədən göz həkiminə müraciət etməliyəm?

Əgər görmənizdə qəfil dəyişkilik hiss etsəz, göz önündə qığılcımlar, və ya işıq görsəz, həmçinin göz önündə üzən qara ləkələrin əvvəlkindən daha çox olduğunu hiss etsəz vaxt itirmədən göz həkiminə müraciət edin. Göz önündə pərdə hissi, və ya üzən iri ölçülü qara kölgənin yaranmasını görsəz təcili göz həkiminə müraciət etmək lazımdır. Bu tor qişanın qopmasının əlamətləri ola bilər.

Şəkərli diabet zamanı yaranan göz problemləri zamanı həkim hansı müayinələri edəcək?

  • Görmə itiliyi təyin edilir;
  • Göz daxili təzyiq ölçülür;
  • Gen bəbəkdə göz dibi yoxlanılır. Xüsusi damcılar vasitəsilə genəldilmiş bəbəkdən göz dibinin müayinəsi şəkərli diabetin göz dibinə zədələyici təsiri zamanı baş verən dəyişiklikləri müşahidə etmək üçün əsas müayinədir. Bu zaman göz həkimi xüsusi böyüdücü linzanın köməyi ilə göz dibi strukturlarını müayinə edir. Bəbək genəldiyi üçün bu müayinədən sonra xəstənin görməsi bir neçə saatlıq bulanıq olur.

Xəstəliyin inkişaf göstəricilərindən asılı olaraq həkim bir sıra əlavə müayinələrdən keçmənizi də tövsiyyə edə bilər.

Şəkərli diabeti olan xəstələr ən azı ildə bir dəfə göz həkiminin müayinəsindən keçməlidirlər. Bəzən vəziyyətdən asılı olaraq həkim sizə fərdi müayinə cədvəli də təyin edə bilər.

Şəkərli diabeti olan xəstələrin göz müayinəsindən keçməsi üçün tövsiyyələr:

  • I tip: Xəstəlik aşkar olunduqdan 5 il sonra ən azı ildə bir dəfə göz həkiminin müayinəsindən keçməli;
  • II tip: Diaqnoz qoyulduqdan sonra hər il, ildə bir dəfə göz həkiminin müayinəsindən keçməli;
  • Hamiləlik: I və II tip şəkərli diabeti olan qadınlar hamilə qaldqda hamiləlikdən əvvəl və hamiləliyin ilk 3 ayında göz həkiminin müayinəsindən keçməlidirlər. Göz həkimi vəziyyətdən asılı olaraq uşağın 1 yaşı tamam olana qədər mütəmadi müayinələrin keçirilməsini tövsiyyə edə bilər.

Hamiləlik dövründə gestasion diabetdən əziyyət çəkən qadınlarda heç bir göz problemi inkişaf etmədiyindən göz həkiminin müayinəsinə ehtiyac yoxdur.

Şəkərli diabet mənşəli göz xəstəliklərinin müalicəsi necə aparılır?

Şəkərli diabet mənşəli göz xəstəliklərinin müalicəsi şəkərli diabetin müalicəsi ilə paralel aparılmalıdır. Bu zaman qanda şəkərin miqdarı, qan təzyiqinin göstəriciləri, qanda xolestorolun miqdarı mütəmadi nəzarətdə olmalıdır. Siqaret çəkən xəstələr siqareti tərgitməlidirlər.

Qanda şəkərin miqdarının daim nəzarətdə olması şəkərli diabet mənşəli göz xəstəliklərinin inkişafının və ağırlaşmaların yaranmasının qarşısını almağa kömək edir.

Dərman vasitələri ilə müalicə.

Göz həkimi göz dibində baş verən dəyişikliklərinin qarşısını almaq üçün yeni damarların inkişafını ləngidən xüsusi preparatlardan (anti-VEGF) istifadə edə bilər. Bu preparatlara aflibersept, bevasizumab və ya ranibizumab kimi dərman vasitələri aiddir. Bu dərmanlar göz dibində inkişaf edən anormal damarların böyüməsini ləngidir, həmçinin tor qişaya maye sızmasının qarşısını almaqla diabetik makulyar ödemin yaranmasına mane olur ku, bununla da onun  müalicəsində istifadə edilir.

Anti-VEGF dərman vasitələri bir başa göz almasının içərisinə yeridilir. Müalicə steril şərtlər daxilində tam ağrısız şəkildə həyata keçirilir. Göz dibinin vəziyyətindən asılı olaraq həkim hər xəstəyə özəl müalicə sxemi təyin edir. Bu müalicə görmənin gələcək pisləşməsinin qarşısını alır. Daha ətraflı.

Lazer müalicəsi

Lazer müalicəsi zamanı göz dibində lazer şüaları vasitəsilə xırda yanıqlar yaradılır. Bu müalicə zamanı sızması olan xırda damarlar yandırılır və göz dibində ödemin qarşısı alınır. Bu müalicə bir neçə etapda həyata keçirilir. Prosedur ağrısızdır. Lazer müalicəsi xəstəliyin ağırlaşmasının qarşısını almağa kömək etsə də,  anti-VEGF dərman vasitələri ilə həyata keçirilən müalicə ilə müqayisədə itirilmiş görməni geri qaytara bilmir.

Lazer müalicəsinin iki növü mövcuddur:

  • Fokal/ qəfəsvari lazer müalicəsi tor qişanın kiçik zonasında həyata keçirilir və makulyar ödemin müalicəsində tətbiq edilir
  • Geniş sahəli lazer müalicəsi, həmçinin panretinal fotokoaqulyasiya (PRP) adlanan bu metod zamanı tor qişanın geniş sahəsi lazerlə yandırılır. Bu metod tor qişada anormal qan damarlarını yandırmaqla proliferativ diabetik retinopatiyanın müalicəsi üçün tətbiq edilir.

Vitrektomiya əməliyyatı

Vitrektomiya göz almasının daxili boşluğunu dolduran şüşəvari cismin gözdən çıxarılması üçün həyata keçirilir.Bu metod göz daxili qansızmalar və görmənin itirilməsinə səbəb olan ciddi çapıqlaşamalar müşahidə olunan proliferativ diabetik retinopatiya zamanı tətbiq olunur. Göz dibində yaranan çapıqlaşmalar tor qişanı dartaraq onu yerindən qopara bilər ki, bunun da nəticəsində xəstənin görməsi tam itə bilər.

Vitrektomiya əməliyyatı zamanı gözdən çıxarılmış şüşəvari cisim xüsusi vasitələrin köməyi ilə əvəzlənir. Əməliyyat göz dibi xəstəliklərinin müalicəsi üzrə ixtisaslaşmış mərkəzlərdə həyata keçirilir.

Katarakta cərrahiyyəsi

Şəkərli diabetlə əlaqədar inkişaf etmiş diabetik kataraktalar zamanı həyata keçirilən cərrahi əməliyyat digər mənşəli katarakta cərrahiyyəsindən fərqlənmir. Bu zaman bulanmış büllur təmizlənərək, yerinə süni büllur – göz daxili linza yerləşdirilir. Əməliyyatdan sonra xəstələrin görməsi xeyli yaxşılaşır. Əməliyyatdan sonra ehtiyac olan hallarda eynək təyin edilə bilər. Şəkərli diabeti olan xəstələrdə katarakta əməliyyatından sonra göz dibində hər hansı dəyişiklik (diabetik retinopatiya, makulyar ödem) olarsa, həmin dəyişikliklərin müalicəsi həyata keçirilməlidir.

Şəkərli diabet mənşəli göz ağırlaşmalarından özümü necə qorumalıyam?

Şəkərli diabet mənşəli göz xəstəliklərinin qarşısını almaq üçün qanda şəkərin miqdarı, qan təzyiqinin göstəriciləri, qanda xolestorolun miqdarı mütəmadi nəzarətdə saxlanılmalıdır. Siqaret çəkən xəstələr siqareti tərgitməlidirlər. Xəstələr şəkərli diabet və onun mümkün ağırlaşmaları barədə ətraflı məlumata sahib olmalıdırlar.

Şəkərli diabeti olan xəstələr ən azı ildə bir dəfə, və ya göz həkiminin təyin etdiyi cədvələ əsasən gen bəbəkdə göz dibi müayinəsindən keçməlidirlər. Bu müayinələr görmənin qorunması və gələcək ağırlaşmaların vaxtında qarşını almaq nöqteyi nəzərdən çox vacibdir.

Şəkərli diabet və onun verə biləcəyi ağırlaşmalarala nə qədər tez mübarizəyə başlasaz, görmənizin qorunması istiqamətində bir o qədər böyük uğur əldə etmiş olarsız. Əgər əvvəllər laqeydlik nümayiş etdirərək, bu ağırlaşmaların qarşısını alınması istiqamətində heç vaxt müayinədən keçib və müalicə almamısınızsa, unutmayın ki, başlamaq heç vaxt gec deyil.

Əgər şəkərli diabet mənşəli görmə problemlərim artıq varsa, nə etməliyəm?

Təbii ki, ümidsizliyə qapanmaq lazım deyil. Vaxt itirmədən göz həkiminin müayinəsindən keçin və sizin vəziyyətə uyğun olan müalicəni alın. Bəzi hallarda eynəklərlə və ya dərman vasitələri ilə görməni müəəyyən qədər yaxşılaşdırmaq mümkündür. Bu effekt vermədikdə ixtisaslaşmış mərkəzlərdə dərman, lazer və ya cərrahi müalicələrlə görmənizi tam itirməkdən qoruya bilərsiz.

Bu səhifədə verilmiş məlumatlar və ya, tövsiyyələr yalnız maarifləndirici xarakter daşıyır və diaqnozun qoyuluşu, müalicə və ya digər klinik məqsədlərlə istifadə oluna bilməz. Xəstəliyinizlə əlaqədar daha dəqiq məlumat almaq üçün Dr. Emin Əlihüseynliyə müraciət edə bilərsiniz.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq