Göz almasının quruluşu və funksiyası

İnsan gözlərinin vasitəsilə deyil, gözlərinin köməyi ilə görür. Beləki, gözə daxil olan işıq şüaları tor qişanın üzərinə düşür. Tor qişada olan xüsusi foto-həssas hüçeyrələrin köməyi ilə işıq fotonları sinir impulslarına çevrilərək görmə siniri vasitəsiylə görmə çarpazına (xiazmaya), görmə yollarına və oradan da beyin qabığının ənsə payına ötürülür. Beləcə gözlərimizlə gördüyümüz təsvir beynimiz vasitəsi ilə görməyə çevrilir. Bütün bu orqanlar bizim görmə analizatorumuzu, və ya görmə sistemimizi təşkil edir.

İki gözün olması bizim görməmizi steroskopik etməyə, yəni üçölçülü formada görməyimizə kömək edir. Sağ gözdən və sol gözdən gedən impulslar görmə çarpazında çarpazlaşaraq, beyin qabığının sağ və sol paylarına ötürülür. Beyin isə öz növbəsində onları birləşdirərək ümumi bir təsvir yaradır.

Hər bir göz beyinə öz təsvirini göndərdiyindən göz almaları arasındakı müştərək hərəkət pozulduqda iki görmə əmələ gəlir. Bu zaman insanlar əşyaları üst-üstə, və ya yan-yana gördüklərini şikayət edirlər.

Gözlərin əsas funksiyaları

  • təsviri göz dibinə yönəldən optik sistem;
  • təsviri qəbul edib, beyin qabığı üçün kodlaşdıran sistem;
  • göz almasının həyat fəaliyyətini və qidalanmasını təmin edən sistem.

Göz almasının quruluşu

Gözü mürəkkəb optik cihaz adlandırsaq yanılmarıq. Onun əsas fəaliyyəti təsviri görmə siniri ilə beyinə düzgün ötürməkdən ibarətdir. Göz alması çox sadə makro – anatomik quruluşa malik olub 3 qatdan (ağlı qişa, damarlı qişa, tor qişa) və daxildə yerləşən büllur və şüşəvari cisimdən ibarət olsa da, eyni zamanda çox mürəkkəb mikro – anatomik quruluşa və funksiyaya sahibdir.

Normal göz almasınin ön-arxa oxunun uzunluğu orta hesabla 24 mm-ə qədər, çəkisi isə 7-8 qram olur.

Göz almasının uzunluğu normadan uzun olduqda bu vəziyyət – miopiya (yaxından görmə) adlanır və xəstələr “-” göstəricili eynək taxırlar.

Göz almasının uzunluğu normadan gödək olduqda bu vəziyyət – hipermetropiya (uzaqdan görmə) adlnır və xəstələr “+” göstəricili eynək taxırlar.

Konyunktiva – buynuz qişanın kənarından başlayaraq, göz almasının ön hissəsini və göz qapaqlarının daxili səthini örtən, selik ifraz edən vəzilərdən ibarət, qan damarları ilə zəngin nazik qatdır. Konyunktiva qişası ətraf mühitlə birbaşa təmas etdiyindən bakteriya, virus və göbələk infeksiyasının, həmçinin müxtəlif allergenlərin təsirindən iltihablaşaraq, müxtəlif mənşəli konyunktivitlərin yaranmasına səbəb ola bilər.

Sklera –  ağ rəngli sərt birləşdirici toxumadan ibarət olub, göz almasının daxili strukturlarını qoruyan və ağlı qişa adlanan xarici qatdır. Sklera göz almasının ön hissəsində şəffaf buynuz qişaya keçir. Göz almasının arxasında isə dəlik yaradaraq, görmə sinirinin gözdən çıxmasına şərait yaradır. Skleraya göz almasını hərəkət etdirən 4 düz və 2 çəp əzələnin vətərləri birləşir. Sklera qan damarları və sinirlərlə elə də zəngin deyil. Skleranın iltihabı – sklerit adlanır.

Buynuz qişa – ağlı qişanın davamı olub, göz almasının ön 1/6 hissəsindəki şəffaf təbəqədir. Buynuz qişanın qan damarları olmadığından o, su kimi şəffafdır və yüksək şüa sındırma qabiliyyətinə malikdir. Göz almasına daxil olan işıq şüaları birinci növbədə buynuz qişadan keçir. Buynuz qişa kənardan ağ rəngli ağlı qişa, və ya sklera ilə əhatə olunub. Buynuz qişanın quruluşu ilə bağlı xəstəliklər astiqmatizm, keratokonus, keratoqlobus, iltihabi xəstəlikləri isə keratit adlanır.

Ön kamera – buynuz qişa ilə qüzehli qişa arasındakı boşluqdur. Ön kamera gözün kirpikli cisimində yaranan şəffaf maye ilə doludur. Gözdaxili maye ön kameranı yuyaraq, ön kamera bucağından sorulur. Göz daxili mayenin sorulmasında problem yarandıqda el arasında “qara su” adlanan açıq bucaqlı qlaukoma xəstəliyi inkişaf edir. Ön kamera çox dayaz olduqda qapalı bucaqlı qlaukoma xəstəliyinin riski yaranır. Travma nəticəsində ön kameraya qan sıza bilər. Bu vəziyyət hifema adlanır.

Qüzehli qişa – gözün damarlı qişasının ön hissəsi olub, mərkəzində dəlik, yəni bəbək olan dairəvi pərdədir. Qüzehli qişa əzələlər və qan damarları ilə zəngindir. Qüzheli qişanın əzələləri yığılıb, açıldıqca bəbyin diametri gah böyüyür, gah da kiçilir. Qüzehli qişa gözün damarlı qişasının ön hissəsidir. Qüzehli qişada olan piqmentin miqdarına əsasən gözlər müxtəlif rəngdə olur. Beləki, piqmenti az olan qüzehli qişalar mavi, piqmenti çox olan qüzehli qişalar isə tünd qəhvəyi rəngdə olur. Qüzehli qişa gözə daxil olan işıq şüalarının miqdarını tənzimləyir. İşıq güclü olanda qüzehli qişa əzələləri yığılaraq bəbəyi daraldır, işıq az olanda isə əksinə, əzələlər boşalaraq, bəbək genəlir. Qüzehli qişanın iltihabi xəstəliyi irit, qüzehli qişa və kirpikli cismin birgə iltihabı isə iridosiklit adlanır. Həm qüzehli qişa, həm də damarlı qişanın orta hissəsi olan kirpikli cisim damarlarla və sinir ucluqları ilə çox zəngin olduğundan bu nahiyyənin iltihabi prossesi zamanı (iridosiklit) göz ifrat qızarmış, həmçinin çox ağrılı olur.

Bəbək – qüzehli qişanın mərkəzindəki dairəvi dəlikdir. Onun ölçüləri gözə daxil olan işığın miqdarından asılıdır. İşıq çoxaldıqca, bəbək daralır.

Damarlı qişa – damarlarla çox zəngin olub, göz almasının daxilini örtərək göz almasının orta qatını təşkil edir. Damarlı qişa skleranın üzərində, tor qişa isə damarlı qişanın üzərində yerləşir. Bu qat tor qişa ilə çox sıx təmasda olub, tor qişanın qidalanmasına birbaşa cavabdehdir.Tor qişada iltihabi prosseslər olan zaman sıx təmasa görə hər zaman damarlı qişa da iltihaba cəlb olunur. Bu vəziyyət xoreo-retinit adlanır. Nə tor qişada, nə də damarlı qişada heç bir sinir ucluğu olmadığından bu qişalarda baş verən iltihabi prosseslər zamanı ağrı müşahidə olunmur.

Büllur – göz almasının daxilində yerləşən hər iki tərəfi qabarıq təbii linzadır. Büllurun əsas xüsusiyyətləri onun şəffaflığı və elastikliyidir. Büllur gözə daxil olan işıq şüalarını tor qişaya düşmək üçün fokuslayır. Büllurun köməyi ilə insan həm yaxın, həm də uzaq məsafəni yaxşı görür. Büllur xüsusi kapsulun daxilində yerləşir, həmin kapsul isə göz daxilində olan kirpikli çıxıntılar vasitəsi ilə bülluru damarlı qişanın orta hissəsi olan kirpikli cismə birləşdirir. Büllur da buynuz qişa kimi gözün optik sistemini təşkil edir. Büllurun şəffaf liflərinin yaşla əlaqədar bulanmasına, və bununla da görmənin pisləşməsinə səbəb olan əsas xəstəliyi el arasında “mirvari suyu” kimi tanınan kataraktadır. 40-45 yaşdan sonra büllurun elastikliyi azalır və insan yaxın məsafəni görməyə (xırda şriftli yazını oxumaq, iynə saplamaq) əziyyət çəkir. Bu vəziyyət presbiopiya adlanır.

Şüşəvari cisim – göz almasının daxili boşluğunu dolduran, büllurla tor qişa arasında yerləşən şəffaf geləbənzər maddədir. Şüşəvari cisim göz almasının formasını təmin edir və gözdaxili maddələr mübadiləsində iştirak edir. Şüşəvari cisim də gözün optik sisteminin bir hissəsidir. Yaşla əlaqədar olaraq şüşəvari cisimdə bulanmalar yarana bilər. Bu zaman xəstələr göz önündə uçuşan qara ləkələrdən və xətlərdən şikayət edirlər. Şəkərli diabeti olan xəstələrdə, və ya travma nəticəsində şüşəvari cismə qan sıza bilər. Bu vəziyyət hemoftalm adlanır.

Tor qişa – işığa həssas hüceyrələrdən (fotoreseptorlardan), sinir hüceyrələrindən və onlardan çıxan sinir liflərindən ibarət daxili qatdır. Tor qişada olan fotoreseptor hüceyrələrin iki növü var: Kolbacıqlar və çöpcüklər. Əgər kolbacıqlar rəngli görməyə cavabdehdilərsə, çöpcüklər toran işığa həssasdırlar. Məhz bu hüceyrələrdə rodopsin fermenti hazırlanır. İşığın təsiri ilə rodopsin fermenti parçalanaraq işıq fotonlarını sinir impulslarına çevrilir. Bu prosses foto-kimyəvi reaksiya adlanır.

Çöpcüklər işığa çox həssas hüceyrələr olub, gecə vaxtı, toran işıqda görməyə, həmçinin periferik görməyə cavabdehdirlər. Bu hüceyrələrin irsi patologiyası zamanı insanlar gecə görmənin pisləşməsindən əziyyət çəkirlər. Bu xəstəlik el arasında “toyuq korluğu” adlanan piqment retinitdir.

Kolbacıqlar isə əksinə, normal fəaliyyət göstərə bilməsi üçün bol işıq tələb edirlər. Məhz kolbacıqların hesabına mərkəzi görməmiz formalaşaraq, ən xırda detalları görür, rəngləri ayırd edə bilirik. Kolbacıqlarda baş verən patologiyalar zamanı rəngli görmə pozulur. İnsanlar rəngləri ayırd edə bilmirlər. Bu vəziyyət daltonizm adlanır. Kolbacıqlar daha sıx şəkildə tor qişanın makula adlanan mərkəzi çuxurcuğunda toplaşıblar. Məhz bu zona görmə itiliyinə cavabdehdir. Yaşla əlaqədar olaraq makula zonası çapıqlaşır və xəstələrin mərkəzi görməsi itir. Bu vəziyyət – Yaşla əlaqədar makulyar degenerasiya (YƏMD) adlanır.

Tor qişa bütün gedişi boyu damarlı qişanın üzərində yerləşir. Damarlı qişanın üzərindən soyulan zaman görmənin itirilməsinə səbəb olan tor qişanın qopması kimi ciddi vəziyyət yarana bilər.

Şəkərli diabeti olan xəstələrdə tor qişa damarları zədələnərək, görmənin tam itirilməsinə qədər ciddi vəziyyətin yaranmasına səbəb olur. Bu xəstəlik – diabetik retinopatiya adlanır.

Yüksək qan təzyiqindən (arterial hipertenziya) əziyyət çəkən xəstələr də tor qişa damarlarının zədələnməsindən əziyyət çəkirlər. Bu xəstəlik – hipertonik retinopatiya adlanır.

Görmə siniri – tor qişa hüceyrələrindən çıxan sinir liflərindən ibarət, sinir impulslarını beyinə ötürən, göz almasını beyinlə birləşdirən bir kabeldir. Görmə sinirinin iltihabi prossesi nevrit, kəllə daxili təzyiqin artması zamanı müşahidə olunan şişkinlik isə görmə siniri məməciyinin ödemi adlanır. Qlaukoma zamanı görmə sinirinin atrofiyaya uğraması nəticəsində xəstələrin görməsi itir.

Göz almasının həyat fəaliyyətini təmin edən və onu ətraf mühitin zədələyici amillərindən qoruyan xüsusi köməkçi sistemi var. Bunlara göz qapaqları, kirpiklər, göz yaşı vəzisi, göz yaşı kanalı və s. aiddir. Göz yaşı yollarının darlığı dakriostenoz, göz yaşı vəzisinin iltihabı dakrioadenit, göz yaşı kisəsinin iltihabı isə dakriosistit adlanır.

Dr. Emin Alihuseynli

Dr. Emin Əlihüseynli

Oftalmoloq